Hüquq müdafiəçisi, Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) koordinatoru Oqtay Gülalıyev "Abzas"a son illər hakimiyyətin siyasi mübarizə və qisas metodu kimi istifadə etdiyi məhbusların işgəncəsi və qətlə yeriliməsi haqda danışıb.
Hüquq müdafiəçisi işgəncələrlə müşayət olunan "Gəncə işi"nin qurama olması haqda şübhələrini və Gəncə hadisələrinin təşkilindəki gizli məqamları oxucularımızla bölüşür.
- Oqtay bəy, sizin bu günlərdə prokurorluğa çağırıldığınızı bilirik. Prokurorluqda sizə hansı məsələ ilə bağlı xəbərdarlıq edildi?
- Məni “Gəncə işi”, “Tərtər işi” və s. cinayət işlərində ittiham olunanlara verilmiş işgəncə faktlarını ictimailəşdirdiyimə görə may ayının 13-də Respublika Baş Prokurorluğundan məni idarəyə çağırdılar və həmin idarədə Baş Prokurorluğun birinci müavini Rüstəm Usubov ilə prokurorluğun digər əməkdaşları mənimlə görüşdülər, üç saata yaxın prokurorluqda oldum, məndən izahat aldılar və sonda mənə Baş Prokurorluq tərəfindən xəbərdarlıq olundu. Bir qədər sonra öyrəndim ki, bu xəbərdarlıq prokurorluq tərəfindən mətbuata yayılıb. Orda məni sabitliyi pozmaq, ictimai rəyi çaşdırmaq, yalan məlumatlar yaymaq kimi absurd şeylərdə günahlandırıblar. Xəbərdarlıq mənə təqdim olunanda da onun altında qeyd etdim, izahatımda da qeyd etdim ki, porkurorluq mənim işgəncə faktlarını ictimailəşdirdiyimə görə bu addımı atır. Buna görə də mən bu xəbərdarlığı əsassız və qanunsuz hesab edirəm. Prokurorluq işgəncə verən şəxsləri məsuliyyətə cəlb etməlidir, işgəncə faktlarını ictimailəşdirən, işgəncəyə məruz qalanları müdafiə edənləri yox. Prokurorluğun mənə qarşı addımlarını həm də işgəncə verən şəxslərə himayədarlıq cəhdi hesab edirəm.
- Düşünürsünüzmü ki, prokurorluğun bütün bu addımlarının axırında sizə cinayət işi qaldırıla bilər?
- Yeri gəlmişkən, mənlə görüşdə bunu da mənə dedilər. İndi baxıram ki, onların yaydığı rəsmi xəbərdarlıqda da bu haqda yazılıb. Xəbərdarlıqda deyilir ki, mən işgəncə faktlarını ictimailəşdirməyi dayandırmasam cinayət məcəlləsinin müvafiq maddələri ilə mənə cinayət işi qaldırıla bilər. Həmçinin orda mənə bildirdilər ki, güya mənim yazılarımda vətəndaşları itaətkarlığa çağırmaq, dövlətə qarşı iğtişaşlara səsləmək elementləri var. Təbii ki, bunun hamısı əsassızdır, qanunsuzluqdur. Çox təssüf edirəm ki, bu gün ölkədə baş verən çoxlu sayda qanunsuz hərəkətlərin başında baş prokurorluq dayanır. Hər-halda mən həbsdən qorxmuram, hesab edirəm ki, bizim apardığımız mübarizə xalqımızın haqq və hüquqları uğrunda aparılan mübarizədir, insanların tapdanmış hüquqlarını qorumaq uğrunda mübarizədir.
- Son dövr hakimiyyətin siyasi həbslər zamanı istintaq və təcridxanalarda işgəncədən istifadə etməsi kəskin artıbdır. Bu bizə 30-cu illər sovet repressiyalarını çox xatırladır. O vaxt insanları etmədiyi şeylərə görə tutub işgəncə verir, saxta izahatlara qol çəkdirirdilər. Bizim hökümət sovet varisi olduğu üçün belə davranır, yoxsa bu uzun illər hakimiyyətdə qala bilməkdən doğan özündən arxayınlıqdır?
- Əvvəla ordan başlayaq ki, son zamanlar insanlar hakimiyyətin əli ilə təkcə işgəncəyə məruz qalmır, həm də qətlə yetirilir. Biz bunu “Nardaran işində” də, “Tətər işində” də, “Gəncə işində” də gördük. Bu işlərdə cinayətdə ittiham edilən şəxslən müəmmalı şəkildə öldürülüb. Xüsusən “Tərtər işi”ndə 9 nəfər şəxs ağır işgəncələrə məruz qalaraq qətlə yetirilib. Bu şəxslər Tərtər rayonunda yerləşən “Köhnə qərargah” adlandırılan binanın ikinci mərtəbəsindəki xüsusi işgəncə alətləri ilə təmin olunmuş bir otağında xüsusi qəddarlıqla döyülərək, işgəncəyə məruz qalaraq öldürülüblər. İşgəncə altında öldürülmüş adamların 4 nəfərində sonradan bəraət verilib ki, bu adamlar günahsız olub. Bənzər vəziyyət Gəncə hadisələrində də olub. Məsələn, qətlə yetirilən şəxslərin bəziləri Gəncə hadisələri zamanı ölkədə olmayıblar. Həmçinin, həmin adamların ailə üzvlərinin dediyinə görə adamlar hadisə vaxtı silahlı da olmayıblar. Lakin, onlar öldürüləndən sonra əlində tapanca olan yerdə şəkilləri çəkilib.
Gəncə işi ilə bağlı ümumilikdə 77 nəfər həbs olunub, 11 nəfər axtarışdadır və 10 nəfər qətlə yetirilib. Hakimiyyət bu cür hərəkətləriylə cəmiyyətdə xofu gücləndirmək istəyir. İstəyir göstərsin ki, sabah başqaları da belə sorğusuz-sualsız, məhkəməsiz öldürülə bilər.
Biz hüquq müdafiəçisi kimi sual edirik: “Bu insanlar əgər əməliyyat nəticəsində qətlə yetirilibsə, niyə onlarla bağlı heç bir əməliyyat çəkilişi edilməyib və ictimaiyyətə göstərilməyib?”
[caption id="attachment_77400" align="aligncenter" width="750"] Gəncədə 2018-ci ilin 10 iyulunda baş vermiş etiraz aksiyası.[/caption]- Gəncə hadisələri ilə bağlı hakimiyyətin yaydığı məlumat o hadisənin başdan-ayağa eksterimist dindarlar tərəfindən törədildiyi deyilir. İcra başçısına sui-qəsd etmək istəyən Yunis Səfərov da hakimiyyət tərəfindən dini-eksterimist qüvvələrin tərəfdarı kimi təqdim edilir. Bəs siz bu haqda necə düşünürsünüz?
- Hökümətin yaydığı bu məlumatlar yanlış məlumatlardır. Məsəlçün, Elmar Vəliyəv Yunis Səfərov tərəfindən güllələndikdən dərhal sonra hakimiyyətin ən yüksək eşalondan olan sözçüləri bildirdilər ki, bu şəxsi zəmində baş vermiş bir münaqişədir. Bir az sonra isə xalqın böyük hissəsi dövlət başçısının ölkənin ikinci şəhərinə təyin etdiyi icra başçısına qarşı yönələn terror aktını lənətləmək əvəzinə, əksinə bu terror aktını həyata keçirən Yunis Səfərovu müdafiə etməyə başladı. Yunis Səfərov sosial şəbəkə istifadəçiləri tərəfindən az qala milli qəhraman elan edildi və bu xalqın belə reaksiyası höküməti vadar etdi ki, Gəncəyə bir əl gəzdirib ordakı xalq narazılığını yatırsın, həm də ümumən xalqa bir göz dağı versin.
İstəyirəm həm də Gəncədə naməlum şəkildə alovlandırılmış 10 iyul mitinqlərindən də danışım. Son vaxtlar Gəncə məhbuslarının valideynlərinin verdiyi məlumatlar, məhbusların məhkəmələrində iştirakım nəticəsində belə fikrə gəlmişəm ki, Gəncədəki 10 iyul aksiyasının təşkilində maraqlı qüvvələr olub və o maraqlı qüvvələrin böyük bir hissəsi hakimiyyətə yaxın qüvvələr olub. Məsəlçün iyul ayının 9-u və 10-u Gəncə polisi gücləndirilmiş iş rejiminə gətirilib. Polislərə xüsusi təlimat verilib ki, Gəncədə iğtişaş ola bilər, amma çox təəssüf ki, polislərdən müdafiə ləvazimatları və tabel silahları da alınıb. Necə ola bilir ki, bu qədər böyük gücə malik polis orqanı Gəncədə mərkəzi meydanı qoruya bilmir, insanlar çox rahatlıqla meydana keçə bilirlər? Necə ola bilir ki, qətlə yetirilmiş iki polis əməkdaşı İlqar Balakişiyev və Səməd Abbasov meydanın ortasında müdafiəsiz qalır və bir şəxs onların hər ikisini qətlə yetirir? Niyə, başqa polislər onları müdafiə etmirlər, vaxtında dəstək olmurlar? Bundan əlavə orda hadisəni qızışdıran və polislərə boşqab atan çarşablı qadınlar var. Niyə o qadınlar məsuliyyətə cəlb olunmayıb, kimdir onlar? Bu və bun bənzər çoxlu suallar var ki, Gəncə hadisələrinin qurama olmasından şübhələnə bilək.
Deyim ki, Gəncə hadisələri zamanı həbs olunan şəxslərin böyük əksəriyyətindən ifadələr işgəncə altında alınıb. Qanuna görə işgəncə altında alınan o ifadələr bu gün etibarlı hesab oluna bilməz. Mən hesab edirəm ki, məhkəmə dayandırılmalıdır, öncə işgəncə faktları araşdırılmalıdır. Sonra isə bu işə xitam verilməlidir. Orda həbs olunanların böyük əksəriyyəti azadlığa buraxılmalıdır.
[caption id="attachment_70326" align="aligncenter" width="1140"] "Gəncə işi" ilə bağlı həbs olunan Yunis Səfərovun işgəncəyə məruz qalması. İllutstrasiya.[/caption]- “Gəncə işi”ni siyasi motivli hesab edirsinizmi?
- Bəli, ona görə ki, bu iş üzrə həbs olunanlara verilmiş ittihamın özü siyasi motivlidir. O işdə insanlar konstitusiya quruluşunun zorla dəyişdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və dövlət çevrilişinə cəhddə ittiham olunurlar. Bunlar sırf siyası həbslər hesab edilir. Doğurdanmı bir bıçaqla, bir xəncərlə dövlət çevrilişi etmək olar?! Eyni zamanda bu işdə hakimiyyətin öz mövqeyini möhkəmləndirmək üçün ölkədə islam fundamentalizmi və terroru obrazı yaradıb Qərbə mesaj verməklə, onlardan dəstək almaq meylləri hiss olunur. Bu baxımdan mən həm “Tərtər işi”ni, həm “Gəncə işi”ni qondarma işlər sayıram. Həm işlər üzrə həbs olunanların çoxu günahsızdır və azadlığa buraxılmalıdır. Onlara işgəncə verən şəxslərin başında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə idarəsinin müstəntiqi Orxan Babayevin dayandığı bildirilir. Eyni zamanda Gəncənin Nizami Rayonu Polis İdarəsinin rəisi Əlövsət Sadıqovun da adı bu işgəncələrdə hallanır. Bu şəxslər və digərləri haqqında araşdırma aparılaraq həbs olunanlara işgəncə verdiklərinə görə məsuliyyətə cəlb olunmalıdırlar.