Bu böyuk xoşbəxtlikdir ki, indiyədək olan müharibələri kişilər başlayıb. Əgər onları qadınlar törətsəydi, öz qəddarlığına görə o qədər ardıcıl olardılar ki, indi yer üzündə bircə insan belə qalmazıdı.
Milan Kundera "Ölümsüzlük"
Turistlərin davamlı gəlib-getdiyi yaşayış məskənində yaşamaq adamları müşahidə etmək baxımından çox yaxşıdır. Hətta deyərdim çox sərfəlidir. Sənin üçün artıq adiləşən məkanlara, mənzərələrə, binalara gələnlərin heyranlıqla baxması, suallar verməsi, gidlərin hər gün eyni sözləri təkrar etməsi, eyni əhvalatları danışması adamda ifadə edilməz hisslər yaradır. Gələnlərin heyranlıqla baxdığı mənzərələr, abidələr, binalar sənin gözündə artıq adiləşib. Sən o mənzərələri, o abidələri, o binaları bir mənzərə, bir abidə, bir bina kimi görmürsən, onlar sənin gözünə bir iaşə obyekti, bir kafe, bir restoran, hətta avtobus kimi görünür. Ola bilsin kiməsə gəlmələrin onun yaşadığı yerdəki mənzərələrə heyranlıqla baxması xoşdur. Hətta bununla fəxr də edir. Ola bilsin gəlmələrin ona sual verməsi sayəsində özünü vacib bir persona da hesab edir. Amma mənim üçün başqalarının heyranlıqla baxdığı mənzərələrin adiləşməsi əlavə bir rahatlıq mənbəyidir. Nə yaxşı ki, başqalarının indi heyran olduğu mənzərələrə vaxtında heyran olmuşam. İndi qoy zəhmət çəkib başqaları heyran olsunlar. Burda heç bir əlavə məna axtarmaq lazım deyil. Burda heç bir metafora yoxdur. Adi cümlələrdə alt qatın axtarılması adamı əsəbiləşdirir.
Turistlərin davamlı gəlib-getdiyi yaşayış məskənində yaşamağın başqa bir üstünlüyü də var. Sən hər gün şəkil çəkdirən xeyli insan görürsən. Xüsusən şəkil çəkdirən qadınları müşahidə etmək çox maraqlıdır. Bu şəraiti, bu füsrəti yaratmış məkana istər-istəməz öz minnətdarlığını bildirirsən. Sözün həqiqi mənasında hər gün onlarla qadının şəkil çəkdirdiyini görmək çox böyük bir lütfdür. Bəribaşdan deyim ki, burda bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürür. İbrət dərsi götürmək üçün səndən yalnız bir şey tələb olunur. Onları bir az diqqətlə müşahidə etmək. Bəli, fotoaparatın və ya telefonun kamerası onlara tərəf tuşlananda sifətlerinin cizgiləri bir anda əriyir, sifət tamam başqa bir formaya düşür. Gülümsəyirlər və ya sifətlərinə kədərli və ya düşüncəli bir ifadə verirlər. Şaraq... Sifətin ifadəsi dəyişir, bu dəfə işgüzar bir ifadə alır. Çəkdirdikləri şəkilə baxırlar. Xoşlarına gəlibsə, nəticə uğurludursa, ürəklərincədirsə saxlayırlar. Yox, əgər şəkil xoşlarına gəlmirsə, nəticə uğurlu deyilsə silirlər.
Təzədən kamera onlara tərəf tuşlanır. Yenə də sifətin cizgiləri bir anda dəyişir. İşgüzar ifadənin yerini gülüş alır. Yaxud işgüzar ifadə kədərli və düşüncəli ifadəylə əvəzlənir. Bədən forması da dəyişir. Bədənin formasının dəyişməsi sifətdəki ifadənin doğruluğuna inanmağa xidmət edir. Bədənin formasıyla sifətdəki ifadə arasında harmoniya yaranır. Bədənlə sifət arasında elə bir harmoniya yaranır ki, əgər sən bu şəkilin çəkildiyi anı görməsən və yalnız nəticəni, çəkilmiş şəkili görsən və bir az da xam olsan, sifətə süni şəkildə verilmiş ifadəyə aldanarsan. Düşünərsən ki, bu şəkil çəkilərkən doğurdan da bu qız, bu qadın gülümsəyirmiş. Doğurdan da həmin anda kədərli imiş. Doğurdan da nəsə haqqında düşünürmüş. Bəs görəsən o nə haqda düşünürmüş?
Bəlkə keçmişini xatırlayırmış? Bəlkə gördüyü mənzərə onu düşünməyə vadar edirmiş? Bəlkə də keçmiş sevgilisini yada salırmış? İndi gəl baş aç görüm bu həngamədən, necə baş açırsan. Amma heç nədən baş açmaq lazım deyil. Baş açmağa çalışsan, başını itirərsən. Ən yaxşısı İsgəndər kimi düyünü doğramaqdır. Yəni heç nəyə inanmaq lazım deyil. Sadəcə onların bütün ifadələrinə gülmək və hisslərini ələ salmaq vacibdir. Yoxsa proses uzun çəkəcək. Bu haqda sonra yazarıq. Bəli, üz ifadələri dəyişir. Yenə də şaraq...
Hər dəfə bir anda sifətindəki cizgiləri dəyişməyi bacaran qadınları görərkən bədənimi qorxu bürüyür. Necə qorxmayasan. Onlar doğurdan da qorxuludurlar. Onlar bir anda üz cizgilərini dəyişib şəkil çəkdirəndə məndə belə təəssürat oyanır ki, öz tələlərinə pendir qoyurlar. Bildiyiniz kimi pulsuz pendir yalnız tələdə olur. Hansısa bədbext bir anda yaradılmış süni cizgilərə, süni ifadələrə aldanır. Daha doğrusu pendirə aldanıb tələyə doğru yaxınlaşır. Şaraq.... Ya quyruğu, ya başı, ya da bədəninin ortası (baxır siçana və tələyə) tələyə düşür. Aciz və köməksiz halda ciyildiyir. Hər dəfə sifətinin cizgilərini dəyişib şəkil çəkdirən qadın görəndə məndə belə təəssürat yaranır ki, hardasa bir tələ atır. Şair demişkən, harda bir şəkil çəkdirən qadın varsa, orda bir kişi siçan kimi ciyildiyir. Ola bilsin ki, bəzi insanlar vəziyyəti şişirtdiyimi düşünsünlər. Eybi yox. Bütün hallarda yuxarıda özümü sığortalamışam və əvvəlcədən xəbərdarlıq etmişəm. Gözünün ucuyla görən ibrət dərsi götürər.
Şopenhauer nə deyirdi? Şopenhauer müəllim deyirdi: "Təbiət onları zəif bir cins olaraq gücdən deyil, hiyləgərlikdən asılı olmağa yönləndirib; buna görə də onlar instinktiv olaraq riyakardırlar və yalan danışmaq üçün qarşısıalınmaz bir həvəsə sahibdirlər. Çünki şirlər caynaq və dişlərlə, fillər, ayılar iri dişlərlə, öküzlər buynuzla, mürəkkəb böcəkləri qara, mürəkkəbli maye ilə təchiz olunduqları kimi, Təbiət qadını da onun mühafizəsi və müdafiəsi üçün simulyasiya, riyakarlıq qabiliyyəti ilə təmin etmişdir və Təbiətin kişilərə qüvvətli bədən və düşüncə formalarında verdiyi bütün güc qadınlarda yalnız bu formada təzahür edir. Beləliklə, riyakarlıq qadınlarda anadangəlmədir və demək olar ki, çox ağıllı qadında olduğu qədər, çox səfeh qadında da mövcuddur. Bu səbəbdən də, qadınların hər fürsətdə riyakarlıq etmələri, yuxarıda qeyd olunan heyvanların hücuma məruz qaldıqda öz silahlarını işə salmaları qədər təbiidir və onlar bunu edərkən özlərini öz hüquqlarından müəyyən bir ölçüdə istifadə etmiş kimi hiss edirlər...
İki qadın ilk dəfə tanış olduqları zaman kişilərin həmin situasiyada göstərdiklərindən daha çox riyakarlıq və əlacsız səmimiyyət göstərirlər. Buna görə də iki qadın arasında qarşılıqlı komplimentlər iki kişi arasında olan komplimentlərdən daha gülünc görünür. Bundan əlavə, bir kişi, bir qayda olaraq, başqalarına, hətta ondan aşağı mövqedə olanlara da müəyyən bir diqqət və insanlıq duyğusu ilə müraciət edir; lakin yuxarı mövqedə olan bir qadının özündən daha aşağı mövqeli qadınla danışarkən necə təkəbbür və sayğısızlıqla davrandığını görmək dözülməzdir.
Bəlkə də bu, qadınlar arasında vəzifə, mövqe fərqlərinin bizimkindən daha təsadüfi olması ilə bağlıdır, nəticə olaraq da, bu fərq onların davranış xətlərini daha tez dəyişir və onları havaya qaldırır."
Zəruri haşiyə: Bu haqda "Ana ürəyi" povestində yazmışam: "Hər bir varlı kişinin kasıb dostu var, amma kasıb rəfiqəsi olan varlı qadına rast gəlmək çətin məsələdir."
Davam edək. Görək Şopenhauer müəllim öz hikmət xəzinəsindən daha nələri paylaşır: "Qadınları gözəl deyil, qeyri-estetik cins adlandırmaq daha doğru olardı. Onların nə musiqi, nə poeziya, nə də incəsənətə yönəlik hər hansı real və həqiqi bir hissiyyatı və kövrəkliyi yoxdur, əgər onlar belə şeylərdən təsirləndiklərini göstərirlərsə, bu, xoşa gəlmək istəyindən irəli gələn adi bir lağlağıdan, oyunbazlıqdan başqa bir şey deyil. Bu, onları hər hansı bir şeyə münasibətdə saf, obyektiv maraq göstərmək bacarığından məhrum edir. Bunun da səbəbi, güman edirəm ki, aşağıdakı kimidir: Kişi anlamaq və ya məcbur etmək yolu ilə hər şeyin üzərində birbaşa hökmranlıq qazanmağa cəhd edir. Qadın isə həmişə və hər yerdə dolayı, yəni kişi vasitəsilə hökmranlıq qazanmaq istəyir; qadının bütün birbaşa hökmranlığı yalnız kişiyə yönəlməklə məhdudlaşır. Buna görə də qadının təbiətində hər şeyə yalnız kişini əldə etmək vasitəsi kimi baxmaq xüsusiyyəti var, qadının başqa şeylərə marağı saxtadır, məqsədinə çatmaq üçün işvə və hiyləgərlikdən ibarət olan adi bir dolanbacdır. Hələ Russo da qeyd etmişdi: "Qadınlar, ümumiyyətlə, sənətin heç bir növünü qidalandırmırlar, sənətdən heç nə anlamırlar və onlar heç bir istedada malik deyillər" (D’Alamberə məktublar, qeyd XX). Saxtalığın arxa tərəfini görə bilən hər kəs bunu anlaya bilər. Qadınların konsertdə, operada və ya tamaşadakı davranışlarını, məsələn, böyük bir sənət əsərinin ən gözəl parçasında cəfəng söhbətlər edərək göstərdikləri uşaq sadəlövhlüyünü görmək kifayətdir. Əgər doğrudan da yunanlar qadınlara tamaşaya getməyi qadağan etmişlərsə, doğru hərəkət ediblər...
Əgər bütöv bir cinsin ən görkəmli nümayəndəsinin belə incəsənətdə həqiqətən də böyük, dahicəsinə və orijinal bir şey yaratmadığını, yaxud dünya üçün əbədi dəyərə malik olan heç bir töhfə vermədiyini nəzərə alsaq, qadınlardan nə isə fərqli bir şey gözləmək olmaz. Bu, rəsmə münasibətdə daha da pisdir; bu sənətin texnikası bizim olduğu qədər onlar üçün də əlçatandır. Ona görə də bu sahədə daha səylə çalışırlar. Amma yenə də fəxrlə göstərə biləcəkləri bir əsər yoxdur; çox sadə bir səbəbə görə ki, gərəkli və rəsm üçün birbaşa vacib olan düşüncə obyektivliyi qadınlarda çatışmır. Onlar həmişə subyektiv olanın üzərində vurğu edirlər. Buna görə də sıradan qadınların rəsmlərə ümumiyyətlə həssaslığı yoxdur: çünki "təbiət heç vaxt hoppanmır". Hələ Uarte 300 ildir məşhur olan kitabı "Elmlərə yönəlik qabiliyyətlərin tədqiqi" əsərində iddia edir ki, qadınlar daha yüksək qabiliyyətlərə malik deyillər. Fərdi və xüsusi istisnalar məsələnin mahiyyətini dəyişmir.
Onlara münasibətdə Napoleonun prinsipinə riayət etmək lazımdır: "Qadınların rütbəsi olmur"; Şamfor (Chamfort) da çox doğru söyləyir: "Onlar ağlımızla deyil, bizim zəifliklərimizlə, səfehliyimizlə münasibətə girmək üçün yaradılıblar. Qadınlarla kişilər arasında bədənlərin cazibəsi mövcuddur, çox nadir hallarda ağılların, ruhların, xarakterlərin cazibəsi yaşanır". Onlar hər aspektdə "sexus sequior" – ikinci cinsdirlər, buna görə də onların zəifliklərinə, acizliklərinə ehtiyatla yanaşmaq lazımdır, lakin onlarla həddindən artıq ehtiramla davranmaq gülüncdür və bu, bizi onların gözündə alçaldır... ( Daha sadə ifadə etsək, belə alınar: Qadınla dostluq et, amma çomağını da yerə qoyma-S.B)
Monoqamiya institutunun və onu müşayiət edən qanunların qadına verdiyi bu qeyri-təbii imtiyazlara görədir ki, qadın, əslində heç vaxt olmadığı halda, kişiyə tamamilə ekvivalent hesab edilir, ağıllı və ehtiyatlı kişilər də belə bir böyük qurban və bu cür ədalətsiz nizama razılıq verməzdən öncə yaxşıca götür-qoy etməyə məcbur olurlar ( Məhz bu ədalətsiz nizama görə ağıllı kişilər evlənməyə qorxurlar-S.B).
Qadınların şöhrətpərəstlikləri, hətta kişilərinkindən çox olmasa da, içində bir təhlükə daşıyır, çünki onların şöhrətpərəstliyi birbaşa maddi şeylərə yönəlikdir – onların şəxsi gözəlliklərinə, daha sonra da zahiri bərbəzək, təmtəraq və göstərişə. Buna görə də qadınlar kübar cəmiyyət içində özlərini dənizdə balıq kimi hiss edirlər...."
Beləliklə, Şopenhauerin dediyindən belə aydın olur ki, gözümüzün qarşısında dikdaban tufli geyib boyunu ucaldan, sifətini kosmetik vasitələrlə cürbəcür hallara salmağı bacaran və "Həyatım, bunu sənin için yapdım" deyib boynumuza minnət qoyan qadınlar üçün yalan danışmaq, riyakarlıq etmək təbii bir haldır. Bu təbiətin onlara verdiyi bir zirehdir. Onlardan bəziləri kiçik qurbanlarla, kiçik hədəflərlə kifayətlənməli olurlar.
Bəziləri isə öz iddialarının öhdəsindən heç bir vəchlə gəlməyi bacarmırlar və iddialarının tələbi ilə tarixin bir parçasına çevrilmək istəyirlər. Lakin öz gücləri hesabına tarixin bir parçasına çevrilməyi bacarmayacaqlarını anladıqları üçün bunu kişilərin vasitəsi ilə həyata keçirməyə üstünlük verirlər. Kişilərin vasitəsi ilə qadınların bir çoxlarına tarixin bir parçasına çevrilmək müəssər olubdur. "Onlar ağlımızla deyil, bizim zəifliklərimizlə, səfehliyimizlə münasibətə girmək üçün yaradılıblar. Qadınlarla kişilər arasında bədənlərin cazibəsi mövcuddur, çox nadir hallarda ağılların, ruhların, xarakterlərin cazibəsi yaşanır", "yüksək sevinclər və kədərlər onlar üçün deyil" sözlərini bir düstur kimi götürsək, bəlli olacaq ki, fədakar kimi tanıdığımız və tarixin bir parçasına çevrilməyi bacarmış qadınların əksəriyyəti heç də fədakar, hami, xilaskar mələk filan olmayıblar.
Bəlkə də tarixin bir parçasına çevrilmək üçün vasitə olaraq seçdikləri kişinin ən böyük düşməni olublar. Bəzən kiçik həcmli hadisələr böyük həcmli hadisələri anlamaq üçün açar rolunu oynayır. Uzağa getməyək. Bir qadın var. Çox yüksək peşəkarlıq nümayiş etdirərək özünü bütün cəmiyyətə ağıllı bir başın, bir sənətkarın hamisi, bir sənətkarın xilaskar mələyi kimi tanıtmağı bacarıb. Hamı onun bu saxta fədakarlığına heyrandır. Ağıllı və istedadlı başı qoruduğu, qeydinə qaldığı üçün ona təşəkkürlər edirlər. Əslində isə vəziyyət tamam başqa cürədir. Heç də göründüyü kimi deyil. Yalnız beş-altı adam həmin qadının nə qədər riyakar olduğunu bilirlər. Bilirlər ki, o heç də xilaskar mələk zad deyil. Özünü ağıllı bir başın hamisi kimi göstərsə də əslində illərlə vampircəsinə ağıllı başın qanını içməklə məşğuldur. Qanını içdiyi adamın vasitəsi ilə özünü bütün cəmiyyətə istedadın qoruyucusu, ağıllı başın keşikçisi kimi tanıdıb, üstəlik cəmiyyətdə yer tutmağı da bacarıb. Bunu yalnız beş-altı adam bilir. Bilirlər və abırlarına qısılıb susurlar. Susmağa məcburdular.
Belə bir ifritəni ifşa etmək asan məsələ deyil. Elə bir hay-həşir qaldırar, elə bir oyun qurar, elə bir artistlik edər ki, bütün cəmiyyətdə biabır olarsan. Üstəlik qaş düzəltdiyin yerdə vurub göz çıxardarsan. Bu ifritə elə bir teatr göstərər ki, sən həqiqəti ortaya çıxarmaq əvəzinə onun yaratdığı əfsanələrin daha da şirələnməsinə və canlanmasına xidmət edərsən. Onun qurduğu riyakarlıq qalasını dağıtmaq heç cürə mümkün deyil. Heç cürə.
Sən istər-istəməz artislik edən bu ifritənin oynadığı oyuna kənardan baxmağa, kiçik tarixi ədalətsizliyə dözməyə məhkumsan. Bu ifritəni müşahidə etdikdə adam əllərini göyə açıb bu duanı oxumağa məcbur olur: Ya yeri-göyü yaradan ALLAH, sən özün yazıq və biçarə bəndələrini belə ifritələrin şərindən hifz et.
Dostlar, siz bu duanın hansı zəruriyyətdən yarandığını anlamaq üçün mütləq və mütləq "Min bir gecə" nağıllarını və "Dekameron"u oxumalısınız. Elə ifritələr var ki, onların riyakarlığının heç bir həddi-hüdudu yoxdur. Əgər siz "Min bir gecə" nağıllarını və "Dekameron"u diqqətlə oxusanız o zaman bəzi ifritələrin nəinki bir ölkənin əhalisini, bütün bəşər əhlini aldatmaq gücündə olduğunu dərk edəcəksiniz. Bu mənada kişilərin vasitəsi ilə tarixin bir parçasına çevrilməyi bacarmış, özünü sənətin və sənətkarın qoruyucusu, istedadın hamisi kimi tanıtmış qadınların həqiqətən xilaskar mələk, yoxsa bir ifritə olduğunu dəqiq müəyyən etmək olduqca çətindir.
Biz heç vaxt bilə bilmərik ki, Anna Qirqoryevna Dostoyevskinin, Həmidə xanım Mirzə Cəlilin hamisi olubdur, yoxsa düşməni. Vəziyyət çox qarışıqdır. Sual oluna bilər. Bir insanda bu qədər şübhələr hardandır? Məşhur bir təmsildə deyildiyi kimi: "Bu ədalətli bölgünü hardan öyrəndin?" Cavab sadədir: "Gözu çıxarılmış qardaşlarımdan".
P.S Bu yazi Milan Kunderanin "Ölümsüzlük" əsəri oxunduqdan sonra yazılıb.
Seymur Baycan