Ölkədən çıxışına qadağa qoyulan jurnalistlər aksiya keçirdi

Ölkədən çıxışına qadağa qoyulan jurnalistlər aksiya keçirdi
4 May 2019
Mətni dəyiş

Ölkədən çıxışına qadağa qoyulan bir qrup jurnalist Azərbaycanın Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

3 May Ümumdünya Media Azadlığı Günü münasibətiləkeçirilən aksiyada jurnalistlər ölkədən çıxışlarına qoyulan yasağa etiraz edirlər və bunu qanunsuz adlandırıblar:

Jurnalistlər “Stop-a stop” şüarı səsləndiriblər, üzərində “Xəyallar Paris, reallıq Sınıq körpü”, “Meydan Tv-nin cinayət işinə son ” “Sərhədli reportyor olmaq istəmirik”, və başqa sözlərin yazıldığı plakatlar qaldırıblar.

“Əsas tələbimiz odur ki, Meydan Tv-yə qarşı açılmış cinayət işinə son verilsin. Hər kəsə qoyulmuş stop götürülsün”deyə jurnalist Aynur Elgünəş bildirib.

Aksiyada bildirilib ki, ölkədən çıxışına məhdudiyyət qoyulan jurnalistlər tək MeydanTV ilə əməkdaşlıq edənlər olmayıb. Azərbaycanda müxtəlif media orqanı ilə bağlı açılmış cinayət işlərinə görə də bir sıra başqa jurnalistlərin ölkədən çıxışına yasaq qoyulduğu açıqlanıb.

Onların sözlərinə görə, Baş Prokurorluğa bununla bağlı yazılı müraciətlərinə də təminedici cavab ala bilməyiblər. “Başqa vaxt ölkədə azad mediadan, insan haqlarından danışırlar, artıq bu biabırçılığa dur deməyin vaxtıdır”, – deyə jurnalistlər etirazlarını ifadə ediblər.

Onlar daha sonra əllərində tutduqları plakatları idarənin divarlarına yapışdırıblar. Bundan sonra bir mülkigeyimli şəxsin göstərişi ilə polislər həmin plakatları qopararaq, büküb aparıblar. Bu da onlarla jurnalistlər arasında narazılığa səbəb olub.

Daha sonra hadisə yerinə bir polis zabiti gəlib. O özünü Dəmir Yolunda (Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi) xidmət üzrə rəis müavini Həsən Mustafayev kimi təqdim edib. O deyib ki, aksiyadan ötrü müraciət etmək və onu razılaşdırmaq lazımdır.

Sonra da jurnalistlər Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qəbul ediliblər.

Qəbuldan çıxdıqdan sonra bu barədə jurnalist Natiq Cavadlı məlumat verib: “Bizi idarənin rəisi Eldar Əhmədov qəbul etdi. O dedi ki, bu məsələdə proses başlayıb. Artıq Aynur Elgünəşə qoyulan məhdudiyyət götürülüb. Dedi ki, sizinlə də bağlı iş gedir, yəqin, bizə yaxın günlərdə cavab veriləcək. Mən hesab edirəm ki, ümidverici cavabdır. Gözləyək”.

Aksiyaya, hələlik, Baş Prokurorluqdan ayrıca münasibət almaq mümkün olmayıb. Amma rəsmilər Azərbaycanda mediaya basqılar və jurnalistlərə təzyiqlərlə bağlı tənqidləri qəbul etmirlər. Rəsmilərin deməsinə görə, Azərbaycanda bütün fundamental azadlıqlar qorunur, bəzi jurnalistlərin də həbsi, onların istintaqa cəlb edilməsi peşə fəaliyyətləri ilə bağlı deyil.

2013-cü ildən fəaliyyət göstərən Meydan TV müxalif fikirli onlayn televiziyadır. Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.

Meydan TV ilə əməkdaşlıq edən bir neçə jurnalist Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindiriliblər.

2015-ci ildə isə jurnalistlərə stop qoylub.

“Meydan.TV internet kanalının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2. (Qanunsuz sahibkarlıq – külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2. (Vergi ödəməkdən yayınma ) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı davam edir». Bu barədə vəkil Elçin Sadıqov bir müddət öncə bildirmişdi.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov jurnalistlərin saxlanılması ilə bağlı açıqlama verərək, bu addımların “onları öz fəaliyyətlərini Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydalarına uyğun qurmağa dəvət etmək məqsədi daşıdığını” deyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Meydan TV Azərbaycanda fəaliyyət göstərmək üçün qeydiyyatdan keçməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun