"Bacımın əri hər gün içir, bacımı uşaqlarının qarşısında döyürdü. Uşaqları da döyürdü. Paylaşdığım şəkil bacımın döyülməsinin şəkilidir".
Bu sözləri İsveçrədə yaşayan Rəna Gely adında xanım abzas.net-ə deyib. O bildirib ki, ictimaiyyətin köməyinə ehtiyacı var.
"Şəkildəki mənim bacım Nuna Orucovadır. Bizim sizin köməyinizə çox ehtiyacımız var. Bu gün (8 may - red.) Yasamal Rayon Məhkəməsi mənim bacımın uşaqlarını onun əlindən alıb bacımın ərinə veriblər. Bacımın qaynatası Aviasiya Təhlükəsizliyi Baş İdarəsində yüksək vəzifədə çalışır".
Onun sözlərinə görə, bacısı, uşaqlarının atasına yazığı gəldiyi üçün heç vaxt polisə müraciət etməyib.
"Şahidimiz olan qonşu xanıma hədə-qorxu gəlib və o, məhkəmədə şahidlik etməkdən çəkinib. Biz aciz qalmışıq, çox xahiş edirik, bizə kömək edin".
Şikayətçi bildirir ki, bacısının heç bir psixoloji problemi, narkotik və yaxud içki problemi yoxdur.
"Əri Rulan Orucov onu guya qeyri-ənənəvi seksual orientasiyaya malik olduğunda ittiham edir. Uşaqlar analarını sevir, ondan ayrılmaq istəmirlər və bunu hər yerdə deyiblər, amma onlara qulaq asan olmayıb. Bütün suallarınıza cavab verəcəm".
İş saatı olmadığından qarşı tərəfin mövqeyini öyrənə bilmədik, mövzunu diqqətdə saxlayacağıq.