"Yeni Çağ" saytın әmәkdaşı Səxavət Məmməd (Mәmmәdov) Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs olunub.
Jurnalist Cәmil Mәmmәdlinin sözlәrinә görә, mәhkәmә qәrarı Mәmmәdovun aliment ödәmәdiyinә görә çıxartsa da bu, sadәcә bәhanәdir.
"Mən hesab edirəm ki, qәrar Sәxavәtin Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general Nәcmәddin Sadıqovla bağlı yazdıqlarına görә verilib. Mәhkәmә gedәndә Sәxavәtin özü ilә danışdım, o da belә düşünür", Məmmədli bildirib.
Onun sözlərinə görə, Sәxavәt Mәmmәd borcunu ödәmәyә razı olsa da, mәhkәmәdә bildiriblәr ki, pul onlara lazım deyil.
"Sәxavәtin borcu 3 min idi vә biz bu pulu ödәmәyә hazır idik. Lakin mәhkәmәdә razılaşmayıb, "pulunuz lazım deyil" dedilәr vә hәbs haqqında qәrar çıxartdılar. Mәhz buna görә dә, biz düşünürük ki, bu hәbs sifarişlidir", - deyə Məmməli qeyd edib.
Jurnalist әlavә edib ki, Sәxavәt Mәmmәd daim orduda olan problemlәri işıqlandırıb, hәmin problemlәrin yaranmasında Sadıqovun rolu haqqında öz bloqunda yazırdı.
"Bir dәfә onun bloqunu sıradan çıxartdılar, indi isә özünü hәbsә atdılar", - deyә Mәmmәdli bildirdi.
Hadisә ilә bağlı Müdafiә Nazirliyi ilә әlaqә saxlamaq mümkün olmayıb.