Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupu 2018-ci ildə Azərbaycanda baş verən təqsirsizlik prezumpsiyası ilə bağlı pozuntuların statistikasına və müqayisəli təhlilinə dair hesabat təqdim edib.
Hesabat 2018-ci il ərzində Trend.az, Qafqazinfo.az, Musavat.com internet mediası saytları və dövlət qurumunun informasiya orqanı olan Mia.gov.az saytı olmaqla, ümumilikdə, dörd saytın paylaşdıqları xəbərlərin media monitorinqinin nəticələrinə əsasən hazırlanıb.
Media monitorinqinin aparılması üçün əvvəlcədən yerli və beynalxalq qanunvericiliyə, eləcə də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarındaki mövqeyinə əsasən meyarlar (şəxslərin məhkəmə qərarı olmadan cinayətkar kimi təqdim olunması) müəyyən edilib. Bu meyarlara uyğun gəlməyən xəbər paylaşımları pozuntunun mövcud olduğu hallar kimi qiymətləndirilib.
Hesabatda deyilir ki, dörd ay ərzində baş tutan monitorinq nəticəsində dörd sayt üzrə qeydə alınan 5104 pozuntunun ən yüksək göstəricisi 1376 fakt olmaqla Qafqazinfo.az saytının payına düşür.
"1340 pozuntu faktı Trend.az-ın, 1309 pozuntu faktı isə Musavat.com-un monitorinqi zamanı qeydə alınıb. Monitorinqi aparılan saytların arasında ən aşağı göstərici isə 1079 pozuntu faktı ilə dövlət qurumunun informasiya orqanı olan Mia.gov.az saytında müşahidə olunub".
Nəticələrin təhlili zamanı üç internet media qurumunun il ərzində paylaşdığı xəbərlərin bir çoxunda Mia.gov.az saytına istinad etsələr də, yol verdikləri pozuntuların ortalaması 1341 olmaqla, Daxili İşlər Nazirliyinin rəsmi saytı Mia.gov.az-ın il ərzində yol verdiyi 1309 pozuntu faktından daha çox olduğu görünür.
“Bu da internet media saytlarının xəbərləri paylaşarkən müəyyən təhrif etmələrə yol verməsini, bununla da pozuntu faktlarına yol açmasının göstəricisidir. Bu faktlarla yanaşı hesabatda müəyyən edilmiş ayrı-ayrı meyarlar üzrə təqsirsizlik prezumpsiyası ilə bağlı saytların yol verdiyi pozuntuları sayı və onların müqayisəsi də əks etdirilib,”- hesabatda bildirilir.
Hesabatda təqsirsizlik prezumpsiyasının yaranmasının tarixi aspektlərinə, anlayışına və eləcə də yerli və beynəlxalq qanunvericilikdəki yerinə və onu müəyyən edən hüquqi sərhədlərə toxunulub.
AİHM-in bu haqda çıxardığı qərarlar da təhlil edilərək hesabatda yer alıb. Hesabatın bu hissəsində qanunvericiliyin monitorinqi əsasında mövcud boşluqlar və uyğunsuzluqlar göstərilib.
Sənəddə media qurumlarına və jurnalistlərə təqsirsizlik prezumpsiyası pozuntularına yol verməmək üçün tövsiyələri də əks olunub.
Sənəddə adları göstərilən qurumlar hesabata hələ münasibət bildirməyib.