'Hakimiyyətin məhkəmə qanadı keçmiş korrupsiyalaşmış sistemin təsiri altındadır'

'Hakimiyyətin məhkəmə qanadı keçmiş korrupsiyalaşmış sistemin təsiri altındadır'
20 May 2019
Mətni dəyiş

Baş nazir Nikol Pashinian məhkəmə islahatlarına çağıran bəyanat verib.

Onun sözlərinə görə, bu gün Ermənistanda hakimiyyətin iki legitim qanadı – icraedici və qanunverici qanadları formalaşıb, üçüncü – məhkəmə qanadı isə keçmiş korrupsiyalaşmış sistemin təsiri altındadır.

Pashinian qeyd edib ki, məhkəmə hakimiyyətinin özünün korrupsiyaya qalib gəlməli olduğu müddət bitib. “Operativ müdaxilə vaxtı çatıb”, – o vurğulayıb.

Baş nazir özəlliklə, hakimlərin siyasi əlaqələrinin, mülkiyyətinin yoxlanmasını vacib sayıb.

Bundan başqa, onun fikrincə, Avropa İnsan Hüquqları Məhkəməsinin qanunsuz saydığı hökmləri çıxaran hakimlər, eləcə də qərəzsiz davrana bilmədiyini bilən hakimlər istefa verməlidirlər.

Pashinian keçid dövrü ədalət məhkəməsinin həyati əhəmiyyətini vurğulayıb. Baş nazirin fikrincə, belə bir sistem 1-2 ay qüvvədə ola bilər. Bundan sonra, gərəkirsə, ya Konstitusiyaya dəyişiklik olunar, ya da referendum keçirilər.

O, bütün bu proseslərin beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.

Pashinian vətəndaşları məhkəmələrin qarşısını kəsməyə çağırmasına da aydınlıq gətirib, deyib ki, bu, simvolik məna daşıyır, yəni, Ermənistanda məhkəmə hakimiyyəti də istənilən hakimiyyət kimi, Konstitusiyaya uyğun olaraq, xalqa məxsusdur və xalqın iradəsini əks etdirməlidir.

O, aksiya iştirakçılarına Facebook səhifəsində birbaşa yayımla müraciət edəcəyini söyləyib.

***

Pashinian hökumətin iclasında çıxışından sonra Facebook səhifəsində vətəndaşları məhkəmə binalarına giriş-çıxışı açmağa çağırıb.

“Xahiş edirəm, 2-nin yarısından bütün məhkəmələrin binalarından çəkilin. Bugünkü aksiya məqsədinə çatdı: Ermənistanda müstəqil məhkəmə sisteminin yaradılması prosesi başlandı və bunun qarşısını almaq mümkün olmayacaq. Hamınızı sevirəm, sizinlə fəxr edirəm və qarşınızda baş əyirəm. Ruhunuz möhkəm olsun!” – baş nazir yazıb.

***

Nikol Pashinian özü də Yerevandakı məhkəmələrdən birinin qarşısına gedib. Binanın giriş-çıxışını bağlamış fəallar onu hərarətlə qarsalayıblar.

***

Bu gün səhər Yerevanın iki inzibati rayonunda məhkəmə binalarının pəncərələri sındırılıb.

Şahidlərin Azadlıq Radiosu-na deməsinə görə, insident hakimlər içəriyə pəncərədən keçmək istəyərkən baş verib.

Daha öncə yayılmış informasiyaya görə, pəncərələri binaların giriş-çıxışını bağlamış vətəndaşları qırıb.

Polis vətəndaşları hakimlərin və işçilərin məhkəməyə girməsinə mane olmamağa çağırıb.

Hazırda hakimlər və işçilərin məhkəmə binalarına girməyə çalışmadığı bildirilir.

Ermənistanda fəallar məhkəmələrin girişlərini tutur

Ermənistanda fəallar Baş nazir Nikol Pashinian-ın çağırışına səs verərək səhərdən məhkəmə binalarının girişlərini tutmağa başlayıblar.

Şənbə günü keçmiş prezident Robert Kocharian-ı azadlığa buraxmış məhkəmənin girişi bloklanıb.

Eləcə də Yerevandakı digər məhkəmələrin, Konstitusiya məhkəməsinin girişləri bağlanıb.

Pashinian tərəfdarlarını məhkəmə girişlərini bağlamağa çağırdı

“Mənə, hökumətimizə, xalqın hakimiyyətinə oyuncaq məhkəmə lazım deyil”, – Ermənistanın Baş naziri Nikol Pashinian Facebook səhifəsində canlı yayımda deyib.

O qeyd edib ki, “Ermənistanın azad, demokratik və hüquqi dövlətə çevrilməsini heç nə əngəlləyə bilməz”.

Baş nazir bir daha vətəndaşları bazar ertəsi – mayın 20-də səhər 9-un yarısından ölkə ərazisindəki bütün məhkəmələrin giriş və çıxışlarını bağlamağa çağırıb. O vurğulayıb ki, hər şey dinc yolla, “xalqın dinc məxməri inqilabı” çərçivəsində baş verməlidir. Pashinian tərəfdarlarını provokasiyaya boyun əyməməyə çağırıb.

O həmçinin polisin dinc aksiya iştirakçılarının təhlükəsizliyini təmin etməli olduğunu söyləyib.

"İnqilabın ən vacib mərhələsi"

Pashinian daha öncə Facebook postunda yazırdı ki, bazar ertəsi “Ermənistan inqilabının ikinci, ən vacib mərhələsini” elan edəcək. “Ümumxalq dəstəyinə bel bağlayıram”, – o yazıb.

O, başqa bir postunda bazar ertəsi “məhkəmə-hüquq sisteminin durumuna” dair bəyanat verəcəyini deyirdi.

Şənbə günü Yerevanda keçmiş prezident Robert Kocharian-ın əleyhdarları etiraz aksiyası keçirib. Onlar Kocharian-ın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunun keçmiş və indiki rəhbərliyinin zaminliyi ilə azadlığa buraxılmasına etiraz ediblər.

Kocharian 2008-ci ilin 1-2 mart hadisələri ilə bağlı digər şəxslərlə əlbir olaraq ölkənin konstitusion quruluşunu devirmək cəhdində ittiham olunur. Onunla yanaşı bu cinayət işində daha üç keçmiş yüksək rütbəli rəsmi var.

Kocharian həmçinin böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

Müxalifət Pashinian-ın qərarını konstitusiyaya zidd sayır

“Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyası isə Pashinian-ın məhkəmələrin giriş-çıxışını bağlamaqla bağlı çağırışını konstitusiyaya zidd sayıb.

Deputat Gevorg Petrosian AzadlıqRadiosu-nun erməni xidmətinə deyib ki, konstitusiyaya uyğun olaraq, məhkəmənin işinə müdaxilə qadağandır. “Pashinian siyasi planda kiminləsə bağlı məyus olubsa, bu, məhkəməyə təzyiqlə özünü göstərməməlidir”, – Petrosian vurğulayıb.

Müxalifətdən olan deputat baş nazirin çağırışını “konstitusiya quruluşunu devirməyin təzahürü” adlandırıb.

“Maarifçi Ermənistan” müxalifət partiyası isə baş naziri məhkəmələrin bloklanması ilə bağlı çağırışına yenidən baxmağa, “Robert Kocharian-a hədiyyə etməməyə” səsləyib.

Bu partiya parlamentin spikeri Ararat Mirzoyanı durumun müzakirəsindən ötrü növbədənkənar iclas keçirməyə çağırıb.

Keçmiş hakim Republikaçı Partiyası “məhkəmə sisteminə görünməmiş təzyiqi” pisləyib. “Dashnaksutyun” isə Pashinian-ın addımını “Ermənistanın konstitusion quruluşuna qarşı addım” kimi xarakterizə edib.

Prezident Armen Sarkisian xalqa müraciət edərək “ayıq-sayıqlıq və dözümlülüyün üstün mövqedə olmasına” çağırıb.

“Heç bir antikonstitusion hərəkət olmayacaq”, – Baş nazirin mətbuat katibi Vladimir Karapetian müxalifətin bəyanatına cavab olaraq deyib.

Karapetian-ın sözlərinə görə, bütün hərəkətlər “Ermənistanda bir il öncə baş vermiş dinc, xalq məxməri inqilabı”nın məntiqi çərçivəsində gerçəkləşdiriləcək.

Bəs, məhkəmə binalarına girişin bağlanması məhkəmə sisteminin fəaliyyətinə əngəl törətməyəcək ki? Karapetian bu sualı belə cavablandırıb: “Hər şeyi dedim, heç bir pozuntu, antikonstitusion hərəkət olmayacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun