Mayın 13-də Bakıda baş verən atışmanın beş iştirakçısı saxlanılıb, bu barədə bu gün DİN açıqlama yayıb.
Məlumatına görə, mayın 13-də saat 23:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə Aşıq Molla Cuma küçəsində bir qrup şəxsin xuliqanlıq əməlləri törətdiyi haqqında məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları 5 nəfəri saxlayıb. Bunlar İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmodiv, Telman Balayev və Valid Məmmədlidir. Onlardan "Vinçester" markalı silah, iki ədəd beşbarmaq, bıçaq və elektroşok aləti götürülüb.
Faktla bağlı 221-ci (xuliqanlıq), 228-ci (qanunsuz silah dövriyyəsi) və 315-ci maddələrlə cinayət işi açılıb. Hadisənin digər iştirakçılarının müəyyən edilməsi və saxlanılması üzrə əməliyyat-axtarış tədbirləri görülür.
Yerli KİV-lərin məlumatına görə, İsa Əzizov ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin və deputat Adil Əliyevin bacısı oğludur.
Məhərrəm Əliyev keçmişdə Bakının polis rəisi, qardaşı Adil Əliyev isə Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin rəhbəri olub.
Oxu.az saytının məlumatına görə, 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu atəş açıblar və bununla da ictimai asayişi pozublar. Hadisə yerinə gələn polis əməkdaşları Əzizovu və Binnətəliyevi tələblərə tabe olmağa çağırıblar. Amma bunun əvəzində generalın qohumu əlində bıçaqla asayiş keşikçilərinə müqavimət göstərməyə cəhd edib.
Nəşr qeyd edir ki, İsa Əzizovun adı paytaxt ərazisində baş verən kriminal hadisələrdə dəfələrlə keçib. 2016-cı ilin yanvarında o və dostları Tbilisi prospektində yanacaqdoldurma stansiyasının əməkdaşını döyüblər. Hadisə nəticəsində YDM mühafizəçisi Sadiq Bağırov ağır xəsarətlər alıb.
Xuliqanlar səhər saat 4-də Bentley avtomobili ilə YDM ərazisinə daxil olublar və işçidən avtomobillərinə yanacaq doldurmasını xahiş ediblər. Onlardan biri operatora 100 manat uzadıb. Operator xırdası olmadığını deyib və gözləməyi xahiş edib. Bu, gözləməyə və növbədə dayanmağa öyrəşməyən Bentley sərnişinlərinin xoşuna gəlməyib. Onlar operatoru təhqir etməyə başlayıblar. Bu zaman YDM mühafizəçisi Sadiq Bağırov maşına yaxınlaşıb və məsələnin nədən ibarət olduğunu öyrəndikdən sonra, operatorun qaçıb pulu xırdalamasını gözləməyi xahiş edib. Bu xahiş şuluqçuları özlərindən çıxarıb, onlar maşından enərək mühafizəçini videomüşahidə kameralarından kənara sürüyüblər.
Bir neçə dəqiqə sonra oraya ikinci Prado avtomobili gəlib, maşından düşən idmançılar YDM-in bütün əməkdaşlarını və mühafizəçilərini döyüblər.
Elə həmin qrup 2015-ci ilin mayında Bakıda Famous karaoke klubunda qızları döyüb. Həmin vaxt döyülmə faktı ilə bağlı Rusiya vətəndaşı Diana Babayeva və Elvina ƏLiyeva polisə ərizə ilə müraciət edib.
YDM mühafizəçisini döydüyünə görə İ.Əzizov yüngül cəza çəkib - 30 günlük inzibati həbs cəzası ilə canını qurtarıb.