“Uzun müddət mədəsindən qanaxmalar baş verdiyindən çox zəifləyib. Həftədə bir dəfə qan köçürülür. Amma bir həftədən çoxdur ki, qida qəbul edə bilmir. Mən onu həbs ediləndən sonra ilk dəfə görürdüm. O, qədər zəifləyib ki, tanınmaz hala düşüb. 10 aydır Aydının üzünü görmürdüm. Onun heç bir günahı yoxdur. Amma günahı olmadığı halda cəzalandırıldı və bütün ailəmiz darmadağın oldu".
Bu sözləri Gəncə məhbusu Aydın Qurbanovun xanımı Məhbubə Qurbanovanın deyib. O bildirib ki, həyat yoldaşı, hazırda Müalicə Mərkəzinə köçürülüb.
Məhbubə Qurbanovanın sözlərinə görə, Aydın sağsağlam olub və heç vaxt səhhətindən gileylənməyib.
"İndi isə həkim deyir ki, Aydının mədəsində şiş var. O, onkoloji xəstədir artıq. Sağlam adamı həbsxanaya salıb xərçəng xəstəsinə çevirdilər. Kimə deyim dərdimi bilmirəm. Uşaqları bilmir ki, ataları ölüm ayağındadır. Mənim həyat yoldaşım dindar da deyildi. Bəs onu niyə tutdular?”.
M.Qurbanova bildirdi ki, ailədə iki övladı böyüyür. Oğlu atası həbs edilməzdən öncə Gəncə Dövlət Universitetinin 4-cü kursunda oxuyurmuş:
“Aydın ailənin yeganə qazanc gətirəni idi. O, həbs edildikdən sonra oğlum da oxuduğu universitetdən uzaqlaşmaq məcburiyyətində qaldı. İndi ofisiant işləyir ki, evə qazanc gətirsin. Üstəlik, 5 ildir ki, hər ay 385 manat pul köçürdüyümüz mənzildən çıxarıldıq. İndi kirayədə yaşayırıq”.
Aydın Qurbanov 1967-ci ildə Gəncədə anadan olub. O, makler işləyirmiş. Gəncə olayları ilə bağlı bacısı oğlu Hamlet Abdullayev həbs edilib. 2018-ci ilin iyunun 27-də A.Qurbanovu Gəncədəki Nizami rayon polis idarəsinə çağırıblar. O, idarəyə gedib və bir daha geri qayıtmayıb. 4 gündən sonra yaxınları Nizami Polis İdarəsinə gedib və Aydın Qurbanovu soraqlayıblar. Lakin yaxınlarını gah Gəncə Baş Polis İdarəsinə, gah da Kəpəz Rayon Polis İdarəsinə göndəriblər.
Aydın Qurbanovun yaxınları xəbər tutub ki, o, polis idarəsinə getdiyi gün Bakıya, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (“bandotdel”) göndərilib. 10 aydan sonra xanımı ilə görüşmək icazəsi verilib. Görüş zamanı onun ölümcül halda olması yaxınlarını çox narahat edib.
Aydın Qurbanov Cinayət Məcəlləsinin 228.3 maddəsi ilə ittiham edilir.
Kürdəxanıdakı Müalicə Mərkəzində müalicə alan Aydın Qurbanovun daxil olduğu qrupun məhkəməsi avqust ayına qədər uzadılıb.