Cahangir Hacıyev maliyyə naziri və Mərkəzi Bankın sədrinin də məhkəmədə dindirilməsini istəyib

Cahangir Hacıyev maliyyə naziri və Mərkəzi Bankın sədrinin də məhkəmədə dindirilməsini istəyib
14 May 2019
Mətni dəyiş

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş rəhbəri, 2015-ci ilin dekabrından həbsdə olan Cahangir Hacıyev maliyyə naziri Samir Şərifov, müavini Azər Bayramov, Mərkəzi Bankın sədri Elman Rüstəmovun məhkəmədə dindirilməsini tələb edib.

O, hesab edir ki, bu adamlar dindirilmədən Beynəlxalq Bank işi üzrə ədalətli, obyektiv qərarlar vermək mümkün deyil. Çünki bank bu şəxslərin nəzarətində olub. Mərkəzi Bank hər il bankın fəaliyyətini yoxlayıb, nəticələrə baxıb. Bu haqda Meydan.tv-nin məhkəmədən reportajında deyilir.

Maliyyə naziri Beynəlxalq Bankın səhmdarlarının Ümumi Yığıncağına rəhbərlik edib. Bankın İdarə Heyəti bu Yığıncağın qərarıyla formalaşdırılıb. Yəni İdarə Heyətinin üzvlərini bu vəzifəyə Səhmdarların Ümumi Yığıncağı təyin edib. Cahangir Hacıyev 2001-2015-ci illər ərzində 4 dəfə İdarə Heyətinin sədri seçilib.

Beynəlxalq Bankın fəaliyyətinə həm də bankın Müşahidə Şurası nəzarət edib. Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavini olub.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bu şəxslərin dindirilməsi barədə vəsatətləri mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən məhkəmədə qaldırıb.

"Beynəlxalq Bankın idarə olunmasında bu şəxslərin birbaşa iştirakı olub. İdarə Heyətinə Müşahidə Şurası nəzarət edib. Əgər onlar dindirilməsə, deməli, məhkəmə istintaqı yarımçıq aparılıb”, - deyə vəkil bildirib.

F.Mehdiyev məhkəmənin Beynəlxalq Banka sorğu göndərərək, illik hesabatları alması barədə də vəsatət verib.

C.Hacıyev vəsatətləri müdafiə edib. O, vəkilinin qaldırdığı məsələlərdən əlavə, araşdırılan böyük məbləğli kreditlərin sazişlərinin də məhkəməyə gətirilməsini istəyib: "Görək ki, ittihamda yazılan rəqəmlərlə uyğun gəlirmi?"

C.Hacıyev bildirib ki, 2015-ci ildə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məktub göndərib. Orada banka kimin nə qədər borcu olması barədə cədvəl də əksini tapıb.

Keçmiş bankir bildirib ki, ittihamda Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrdən bəhs olunur. Ancaq həmin layihələrlə bağlı qiymətləndirmə aparılmayıb: "Bizim qaldırdığımız məsələlər araşdırılmadan düzgün qərar vermək absurddur".

Məhkəmə vəsatətləri təmin etməyib.

Proses mayın 20-də davam edəcək.

Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

Hazırda həmin məhkəmədə onun haqqındakı ikinci cinayət işi üzrə araşdırmalar gedir. Ona və digər təqsirləndirilən 21 nəfərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. C.Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib.

Lakin o, özünü təqsirli bilmir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun