21 May 2019
Mətni dəyiş
Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan böyrək alverilə bağlı cinayət işilə əlaqədar bir sıra polis idarəsi rəislərinin haqqında tədbir görüləcək. Bu barədə məhkəmə qərar çıxarıb. Xəbəri məhkəmədən reportaj hazırlayan Meydan.tv yayıb.
Böyrək alverində adları hallanan şəxslər, o cümlədən maddi ehtiyac ucbatından böyrəyini satanlar, həmin orqanların köçürüldüyü adamlar və bütün bunlara şahidlik etmiş şəxslərin bir çoxu məhkəməyə dəfələrlə çağrılsalar da, gəlməyiblər. Bu səbəbdən məhkəmə onların haqqında məcburi gətirilmə qərarı çıxararaq, həmin şəxslərin məhkəmədə iştirakının təmin olunması üçün müvafiq polis şöbələrinə göndərib. Həmin polis şöbələri məhkəmənin qərarını icra etməməsilə əlaqədar ayrıca qərar çıxarılaraq, Daxili İşlər Nazirliyinə göndərilib.
Böyrək alverilə əlaqədar bir nəfər cinayət məsuliyyətinə cəlb edilib. İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılırmış. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanset” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lanset”nin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.
Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.
Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.
Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.