Bakıda 'Ümumdünya Mətbuat Azadlığı Günü' ilə bağlı tədbir keçirildi [foto-video]

Bakıda 'Ümumdünya Mətbuat Azadlığı Günü' ilə bağlı tədbir keçirildi [foto-video]
3 May 2019
Mətni dəyiş

Bu gün, mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günüdür. Bu münsibətlə Bakıda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşkilatçılığı ilə "Azərbaycanda Mətbuat Azadlığı" adlı konfrans keçirilib.

Tədbiri RATİ sədri Mehman Hüseynov açdı və bildirdi ki, uzun müddətdən sonra Bakıda müstəqil jurnalistlərin, vətəndaş cəmiyyətinin iştirakı ilə bir tədbir keçirilir.

"2014-cü ildən sonra RATİ-yə qarşı açılan cinayət işindən sonra fəaliyyətimizdə problemlər var. Çətin duruma baxmayaraq çalışırıq ki, fəaliyyətimizi davam etdirək. Azərbaycanda Əfqan Muxtarlı, Seymur Həzi kimi jurnalistlər həbsdədir və biz çalışmalıyıq ki, həmkarlarımızı həbsdən xilas edək".

'Turan' İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycanda mətbuatın vəziyyətini kritik həddədir. Onun sözlərinə görə, hökumət ənənəvi medianı məhv edib və yeni situasiya yaranıb. Azərbaycanda süni yolla ənənəvi medianı məhv etdilər, bununla boşluq yarandı və bu boşluğu sosial şəbəkələr tutdu.

Agentlik rəhbəri bildirib ki, Azərbaycanda media yaranan gündən onlar dəfələrlə təkliflərlə çıxış ediblər

"Biz dəfələrlə hakimiyyətə bu siyasətin səhv olduğunu, bunun dəyişdirilməsinin vacib olduğunu demişik və təkliflər, təşəbbüslər vermişik. Hakimiyyət özü bilər, istəyirlər davam etsinlər, məğlubiyyəti daha da dərinləşdirsinlər özləri üçün, istəyirlər də vəziyyətdən çıxmaq üçün biz onlara şans veririk".

Son illər qanunvericiliyə edilmiş çoxsaylı dəyişikliklər, saytların bloklanması, jurnalistlərə qarşı təqiblər, o cümlədən çoxsaylı məhkəmə proseslər sübut edir ki, ölkədə medianın vəziyyəti heç də yaxşı deyil. O qeyd etdi ki, söhbət ancaq media azadlığından getmir, bütövlükdə söz azadlığından gedir.

“Biz dəfələrlə vəziyyətdən çıxış yollarını təklif etmişik, lakin bu təkliflər nəzərə alınmadı”.       

“Yeni Nəsil” Jurnalist Birliyinin sədri Arif Əliyev media və islahatlar mövzusunda çıxış etdi. Əliyev bildirdi ki, ictimai fəallar aktiv olmalı və bu aktivlik vətəndaş cəmiyyətinin proseslərə nə dərəcədə təsir edəcəyini göstərir.

“İslahatların tərkibində nə var soruşmaq lazım deyil, onların tərkibini doldurmağa cəhd etmək lazımdır. Bunun üçün fəaliyyəti dayanmış insitutları bərpa etmək lazımdır.”

Əliyev həmçinin vurğuladı ki, media islah olunmalıdır və öz müstəqilliyini bərpa etməlidir, çünki hal-hazırda öz peşə borcunu yerinə yetirməyə hazır deyil.

“90-ci illərin sonlarında media bazarının 55 faizinə müstəqil mətbuat nəzarət edirdi. Təzyiqlər o vaxt da var idi Bu gün isə bu nəzarət 3 faizdən çox deyil. Bu gün azərbaycan cəmiyyəti və medianın qalmış hissəsi öz güvvəsini göstərmək gücünə malikdir və o güvvə daha çox göstərilməlidir”.

Media üzrə ekspert Ələsgər Məmmədli öz çıxışında söz azadlığına törədilən əngəllərdən danışıb.

Məmmədlinin sözlərinə görə, Azərbaycanda ənənəvi media demək olar ki. sıradan, çıxıb və önə sosial media keçib. O qeyd etdi ki, media, jurnalistlər özbaşına azad ola bilməz, bu mühiti yaradan tərəf olmalıdır. “Mühit çox önəmlidir, bunu da hökumət təmin etməlidir”.

Ələsgər Məmmədli bildirdi ki, Azərbaycanda məhkəmə olmadan 60-dan artıq xəbər saytı bloklanıb.

"İslahatların qanunvericilikdən başlamanmalı və qanunvericilik liberallaşmalıdır. Hökumət dəyişikliklər edib islahatçı imici yaratmaq istəyirsə, mətbuata müstəqillik verməlidir. Media isə doğrunu göstərəcək. Kim ki qərəzli olacaq, doğrunu deməyəcək tezliklə təbii olaraq sıradan çıxacaq".

Konfransa canlı qoşulan jurnalist Sevinc Osmanqızı bildirdi ki, ənənəvi mətbuatın bugünki vəziyyəti öz-özünə baş verməyib və məqsədyönlü şəkildə bura gətirilib, bu vəziyyətdən çıxmaq üçün planlı iş aparılmalıdır.

"Təəssüflər olsun ki, jurnalistlərə qarşı edilən qanunsuzlara görə cəzasızlıq davam edir, eyni zamanda bu Azərbaycanda ilk belə hal deyil. Hamımız tanınmış jurnalist Xədicə İsmayılın başına gətirilənləri gözəl xatırlayırıq. Həm də narahatlıq yaradan odur ki, bu hadisələrdə dövlət qurumları aktiv iştirak edir. Bizim tələb etməliyik ki, bu cür cəzasızlığa son qoyulsun".  

Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli çıxışında İctimai Televiziyanın vəziyyətindən danışıb. O bildirib ki, İTV ilk dövrdən AzTV-nin 5-ci təkərinə çevrilməyə başladı.

"İndi müəyyən dərəcədə dəyişikliklər baş verməyə doğru gedir, yeni insanları efirə buraxmağa başlayıblar. Biz də cəmiyyət olaraq istəyirik ki, normal ictimai televiziya olsun və insanlar da normal bir kanala baxsın”.

Onun sözlərinə görə, MTRŞ etik qaydalarının pozulmasına müşahidəçi rol oynayırsa, reaksiya vermirsə, deməli burada ciddi problem var. MTRŞ bu bu cür prinsipial məsələlərdə susqun mövqə göstərməməlidir.

Basta.info saytın baş redaktoru Mustafa Hacıbəyli bildirdi ki, bu toplantı bir mesajdı. Hakimiyyət nə qədər basqı siyasəti qursa da, media azadlığını pozsada, Azərbaycanda yenə də ayaq üstə duran mətbuat nümayəndələri var. O, həbsdə olan jurnalistləri bayram təbrik etdi və vurğuladı ki, Azərbaycanda senzuranın olduğunu təsdiqləyən sənəd, hesabat olmalıdır.

"Senzura 90-ci illərin sonlarında ləğv olundu, amma son dövrlər bu qeyri-rəsmi bərpa olunub. Hakimiyyət qurumları mətbuatı mütəmadi izləyir, hansı yazılar xoşlarına gəlmir çağırıb hədələyirlər, bəzən rəsmi xəbərdarlıq edirlər”. 

Onun sözlərinə görə, bu yaxınlarda bir ictimai təşkilat ölkədən çıxma qadağası olan media nümayəndələrinin, ictimai fəalların siyahısını hazırlamışdı və orda 30-dan çox jurnalistin, fəalın səhayət qadağası olduğunu göstərilmişdi.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı çıxışında bildirdi ki, ölkədə problemlərin həlli bir, yaxud iki şəxsdən asılıdı, yəni onlar istəsə mətbuat problemini də tezliklə həll edə bilərlər.

“Əgər hökumət 4 min ev verdiyi jurnalistə açıq şəkildə deyirsə ki, "bizi niyə müdafiə etmirsiz?" deməli kimlərsə çirkin yazılar yazacaq. Ölkədə elə bir vəziyyət yaranıb ki, hakimiyyət tam qanunsuz hansı saytı istəyir bloklayır, hansı saytı istəyir açır”.

Media ekspert Xalid Ağaliyev isə media qanunvericilikdən danışaraq onun dəyişdirilməsini vacibliyini bildirib.

Abzas.org

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun