Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il keçir

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 101 il keçir
28 May 2019
Mətni dəyiş

Bu gün, 28 may şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 ili tamam olur.

101 il öncə vətənpərvər Azərbaycan ziyalıları yoxdan bir dövlət qurublar. O dövrdə sahəsi 114 min kvadrat kilometr olan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk parlamentli demokratik respublika olub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərindəki Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

101 il öncə - 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Məhəmməıd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub.

Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər  ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi.

AXC-nin qurulmasına dair Milli Şuranın İstiqlal Bəyannaməsində deyilirdi:

“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Cümhuriyyətinin milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Cümhuriyyətinin öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.

M. Ə. Rəsulzadə Azərbaycanın müstəqilliyinə dair Batumda Osmanlı imperiyası ilə danışıqlar apardığından, İstiqlal Bəyannaməsinin elan olunduğu iclasa Azərbaycan Milli Şurasının sədr müavini Həsən bəy Ağayev sədrlik edib. Mustafa Mahmudovun katib olduğu iclasa Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mirhidayət Seyidov, Heybətqulu Məmmədbəyov, Nəriman bəy Nərimanbəyli (bolşevik Nəriman Nərimanov deyil - red.), Mehdi bəy Hacınski, Ələsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultanməcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə qatılıblar.

Azərbaycan Milli Şurasının həmin iclasında bitərəf Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibini də təsdiqlənib. İlk hökumətin tərkibi belə idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

AXC elan olunarkən Bakı Stepan Şaumyanın başçılığı altında bolşevik-daşnak birləşmələrinin nəzarəti altında olduğundan, Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərində fəaliyyət göstərib. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra AXC milli ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik-daşnak və ingilis hərbi dəstələrindən azad edib. Bundan sonra Azərbaycan hökuməti Bakıya köçüb.

1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə geniş təbrik nitqi söyləyib.

Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçilib. Ə.Topçubaşov Paris sülh konfransında olduğundan, parlamentə H. Ağayev rəhbərlik edib. Parlamentin ilk iclasındaca F. X. Xoyski hökumətinin istefası qəbul edilib və yeni hökumətin təşkil olunması qərara alınıb. Yeni hökumətin təşkili yenidən F. X. Xoyskiyə tapşırılıb.

AXC-nin müstəqilliyi ilk olaraq 1918-ci il iyunun 4-də Osmanlı imperiyası tərəfindən rəsmən tanınıb.

AXC-nin mövcud olduğu dövrdə parlamentin ümumilikdə 155 iclası keçirilib. Bunun 10-u Azərbaycan Milli Şurasının (27 may - 19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan parlamentinin fəaliyyət göstərdiyi dövrə (7 dekabr 1918-ci il - 27 aprel 1920-ci il) aiddir.

Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan 230-a yaxını qəbul olunub. Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edib. Parlamentdə 11 komissiya olub.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bildi. 1920-ci il aprelin 27-28-də Azərbaycan Rusiya imperiyası tərəfindən işğal olundu, Cümhuriyyət hökuməti süquta uğradı,

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami Milli Ordunun, təhlükəsizlik strukturlarının qurulması və sair işlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.

Azərbaycan Xalq Cümhuriyyəti xüsusən təhsilin, mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı sahəsində fəaliyyəti ilə yadda qalıb. Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərdən biri tədris müəssisələrinin milliləşdirilməsi oldu. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti Dövlət Universitetinin təşkili haqqında qanun qəbul etdi və bununla milli təhsil ocağının əsası qoyulub. AXC dövründə Azərbaycanda ilk muzey “İstiqlal” muzeyi təşkil olunub. Eyni zamanda Bakıda etnoqrafiya muzeyinin yaradılması haqqında Maarif Nazirliyi qarşısında məsələ qaldırılıb. Xalq Cümhuriyyətinin zəngin və rəngarəng, orijinal mətbuatı olub. 1918-20-ci illərdə Bakıda, Gəncədə və respublikanın digər şəhərlərində onlarca qəzet və jurnal nəşr olunub.

70 il sonra Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdə özünü 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi, siyasi, mənəvi varisi elan etdi. Bu gün bayrağımız, gerbimiz, himnimiz o dövrdəkidir. Bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.

Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Qeyd edək ki, Respublika Günü 1990-cı ildən dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun