Mayın 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.
Abzas xəbər verir ki, prosesdə təqsirləndirilənlər və onların vəkilləri çıxış ediblər. S. Rüstəmovun vəkili Bəhruz Bayramov müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittihamları əsassız adlandırıb:
"Fitrə pulunu da cinayət yoluyla əldə olunmuş pul kimi qiymətləndiriblər. Bu gün Şuşanın işğalı günüdür. Azərbaycan hərb tarixinin ən möhtəşəm əməliyyatlarından biri olan Başkənd əməliyyatının təşkilatçısı məhz Saleh Rüstəmov olub. Bu əməliyyat nəticəsində 46 kvadrat kilometr ərazimiz azad olunub. Bu adamı saxta ittihamlarla cəzalandırmaq əvəzinə, ona Milli Qəhrəman adı vermək lazımdır. Bunu demirik, heç olmasa, onun işinə obyektiv baxın…"
S.Rüstəmovun digər vəkili İlhamə Həsənova bildirib ki, sabiq icra başçısı Rusiyada fəaliyyət göstərdiyi halda, onu Azərbaycanda qanunsuz sahibkarlıqda ittiham eləmək absurddur:
“Qanunsuz sahibkarlığın subyekti ancaq Azərbaycanda sahibkarlıqla məşğul olan adamlar ola bilər. Bu iş üzrə istintaq vaxtı Rusiyaya sorğular göndərilib. Cavab gəlib ki, Saleh Rüstəmov qanuni fəaliyyət göstərib, bütün vergilərini də ödəyib. Azərbaycandakı siyasi dustaqların ailələrinə göndərmək üçün Rusiyada pul toplanıb. Pul verən şəxslər də məhkəmədə dindirildi, məlum oldu ki, işləyib qazandıqları puldan 20-50 manat yardım ediblər. Cinayət yolu ilə əldə olunmuş vəsait hardan oldu?”
Vəkil Aqil Layıcov bu cinayət işində bu adamların əməllərində cinayət tərkibinin olmadığını deyərək “əsl cinayət onlara verilən işgəncələr, sübut olmadan barələrində ittiham hökmü çıxarmaqdır”.
Vəkil Fariz Namazlı bildirib ki, ittihamda cinayətin 2016-2018-ci illərdə baş verdiyi iddia olunur. Amma müsadirə olunan əmlaklar uzun illər öncə alınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə əmlakların müsadirəsi ilə bağlı heç bir əsaslandırma da yoxdur. Vəkil Cavad Cavadov bu iş üzrə hökmün ttiham aktında yazılanları köçürməklə çıxarıldığını, hətta orfoqrafik səhvlərin, cümlələrin də eyni olduğunu söyləyib:
“Rusiyada vəkillər arasında “flaş hökmlər” ifadəsi var. Yəni ittiham aktı flaş kart vasitəsilə məhkəmədə hökmə köçürülür. Bu da həmin hökmlərdəndir. Bu işdəki ittihamlar absurddur. Birinci instansiya məhkəməsində bir şahid ifadə verdi, dedi ki, Ramazan ayı idi, fitrə kimi yardım göndərdim. İndi fitrə pulunu cinayət yolu ilə əldə olunmuş vəsait sayırlar”.
Təqsirləndirilən şəxslərdən Saleh Rüstəmov “Güman eləmirəm ki, deyəcəyim nəsə əlinizin altındakı hökmə təsir göstərəcək. Bircə onu demək istəyirəm ki, mən cinayətkar deyiləm, heç bir cinayət törətməmişəm” - deyib.
Aqil Məhərrəmov bu cinayət işinin siyasi sifariş əsasında, AXCP-nin fəaliyyətinə əngəl yaratmaq məqsədilə quraşdırıldığını bildirib.
Babək Həsənov apellyasiya məhkəməsindən də ədalətli qərar gözləmədiyini bildirib:
“Bu, Azərbaycan hakimiyyəti adından verilmiş cəzadır. Bu qondarma ittihamların mahiyyəti başqadır. Saleh Rüstəmovun qohumlarının əmlaklarının müsadirəsi də başqalarının gözünü qorxutmaq məqsədi güdür”.
R.Nəsirov və V.Rüstəmli özləri də daxil bütün təqsirləndirilən şəxslərə bəraət verilməsini istəyib.
Çıxışlardan sonra Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası qısa sürən müşavirədən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasına qərar verib.
XatırlatmaAXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov 2018-ci il mayın 25-də saxlanılıb. AXCP fəalları ilə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov isə daha əvvəl həbs edilib.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumatına görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur.
Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş fəalların həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə günahlı bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi 27 fevral 2019-cu il tarixdə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovu 7il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.