24 May 2019
Mətni dəyiş
Keçən ay Londondakı Ekvador səfirliyindən çıxarılaraq həbs olunan 47 yaşlı Culian Assanc ABŞ Ədliyyə Naizrliyi tərəfindən 17 cinayət işində ittiham olunub. "Casusluq Məcəlləsi"nin əsasında açılmış cinayət işlərində Culian Assancın cinayət ortağı keçmiş ABŞ hərbi analitiki Chelsea Manninq olub. O Assancın yaratdığı WikiLeaks saytı üçün ABŞ ordusuna aid sənədləri oğurlamaqda və gizli qaynaqların adını açıqlamaqda şübhəli bilinir. Bu haqda Assancın məhkəməsindən ingilis "The Sun" qəzeti məlumat yayıb.
Assanc məhkəmədə özünü müdafiə edərkən deyib ki, o ancaq Manninqin sızdırdığı gizli sənədləri yayan orqan rolunu oynayıb və media azadlığı qanununa görə onun azadlığına qarantiya verilməlidir. Ancaq məhkəmə Assancın müdafiəsini rədd edib.
ABŞ Ədliyyə Nazirliyinin ittihamnaməsinə görə Assanc Manninqlə əlbir olaraq yüz minlərlə sənədi oğurlayıb və oğurlanmış sənədlərin yayınlanması ABŞ-a zərər verməklə bərabər həm də xarici ölkələrə də xeyir verib.
Xatırladaq ki, Assanc WikiLeaks saytında ABŞ-ın Əfqanıstan, Suriya, İraq, İran və Çindəki əməliyyatları, gizli qaynaqları, bazaları haqqında məlumatlar yaymışdı. ABŞ Assancdan gizli qaynaqların adını saytdan çıxartmağı tələb etmiş, orda adı çəkilən insanları risk altında qaldığını bəyan etmişdi. Assanc ABŞ-ın bütün tələblərini qulağardına vurmuşdu.