Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, əslən Cəlilabad rayonundan olan məhkum Quliyev Elsevərin bacısı Şəmsiyyə Quliyeva sözügedən təcridxanada qardaşının “karser”ə salındığını, qollarından asılaraq işgəncə verildiyini bildirir.
Onun sözlərinə görə, qardaşının ağrıları var, “pristup”ları olduğundan həkimə getməlidir.
"Bir gün qabaq mənə zəng etdi ki, dayana bilmir, təcridxananın müalicə müəsissəsinə göndərsinlər. Mən də səhiyyə baş idarəsinə yığdım, kömək istədim, bir şey alınmadı. Orada da elədir ki, qardaşım ancaq “vızıv” atanda mən geri zəng edə bilirəm, yoxsa danışmağa ona icazə vermirlər, bilmirəm niyə. Çox nigaran qaldım qardaşımdan".
Ş.Quliyeva bildirib ki, mayın 6-da bazara gedən zaman telefonuna zəng gəlib və soruşublar ki, “Siz Elsevərin bacısınız?”
"Dedim “bəli”. Danışan adam bildirdi ki, qardaşınıza burada işgəncələr verilir, əllərini qandallayıb, “dubinka” ilə döyüb asıblar onu. Mən nə vəziyyətə düşdüm aman allah, ağlaya-ağlaya necə gedib çıxmışam oraya bilmirəm. Həbsxanaya çatanda saat 18:00 idi. Görüş vaxtı bitmişdi, amma xahiş elədim ki, qardaşımı görmək istəyirəm. Türmənin rəis müavinidir, adını da demədi, mənə bildirdi ki “Narahat olmayın, qardaşınıza heç nə olmayıb”. Dedim “Bir qardaşı da rəhmətə getmiş bir bacı olaraq özümün, anamın əvəzindən xahiş edirəm, icazə verin qardaşımı görüm, bilim vəziyyəti necədir, görsəm özünü arxayın olaram”.
Onun sözlərinə görə, rəis müavini ona bildirib ki, yalan zəngdir, sabah o zəngi də araşdıracaqlar.
"Müavin bildirdi ki, bizə yanlış məlumat veriblər, qardaşıma heç bir “çırtma” da vurulmayıb. O dedi ki, “kars”a salınıb, buna görə də görə bilməzik. Dedim əgər sabah çıxacaqsa, mən evə getməyim da, onu görüb sonra qayıdım. Mənə dedi ki “bilmirəm nə vaxta bitəcək müddəti”. Nigarançılıq, əzab içində necə qayıtdım, yadımda deyil. Gecə saat 1-də üstümə təcili yardım çağırdılar, halım yaxşı deyil. İndi gedirəm evə, bilmirəm anama nə deyəcəyəm".
Məhbus bacısı deyir ki, heç olmasa bir hüquq müdafiəçisi olasaydı, onların imkanı yoxdur vəkil tutmağa. Onun sözlərinə görə, onun bir qardaşı Quliyev Zahid də türmədə (13 saylı təcridxana) rəhmətə gedib.
"O da bir gün qabaqdan zəng eləmişdi ki, "bacı, mən üç gündür buradayam, bir adam da baxmır. Heç həkim gəlib maraqlanmayıb ki, vəziyyətim necədir". Mən onun səhəri günü qardaşımın yanına getdim, mənə onun meyitini verdilər. Bu bir bacı üçün çox ağır dərddir, ikinci qardaşım da dünən beləcə zəng elədi mənə ki, vəziyyətim yaxşı deyil. Mən anama necə deyim ki, qardaşım işgəncə görür, yazıq arvadın ürəyi partalayacaq, öləcək o da".
Məhbus yaxınının iddiası ilə bağlı danışan Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov deyilənlərin cəfəngiyat olduğunu deyir.
M.Sadıqov AzadlıqRadiosuna bildirib ki, həbsxanada məhkumun bu şəkildə cəzalandırılması yalandır, belə hal ola bilməz. Onun sözlərinə görə, Penitensiar Xidmət əksinə, səhhətində problem olan məhkumlara daha həssas yanaşır.