300 il əvvəl Londonda Daniel Defonun Robinzon Kruzo əsəri işıq üzü görüb. Kitab bütün dünyada bestsellerə çevrilir. Lakin əsərin qəhrəmanının prototipinin gerçək olduğunu hər kəs bilmir.
1719-ci il, 25 apreldə Daniel Defonun “Yorklu dənizçi Robinzon Kruzonun həyatı və inanılmaz macəraları…“ (bu, hələ əsərin tam adı deyil) romanı işıq üzü görür və dərhal bestsellerə çevrilir.
Burada ingilis yazıçı Robinzon Kruzonun gəmisinin dəqiq batma tarixini göstərir: 30 Sentyabr 1659-cu il. Robinzon bu tarixi böyük bir taxta xaç üzərinə oymuşdu, sonralar isə onun üzərində tənha adada neçə gün yaşadığını göstərən işarələr qoymuşdu.
Ata xəbərdarlıq etmişdi...
Əsərdə həm tarix, həm də dənizçinin adı uydurmadır. Onu da qeyd edək ki, "Kruzo" – “Kroytsner“in qısaldılmış formasıdır. Əsərdə Robinzonun atası Bremendən İngiltərəyə köçmüş, alman əsilli tacirdir. O, işini oğluna ötürməyi çox istəyir, lakin gənc romantik onu dəniz səfərindən daşındırmağa çalışan atası ilə mübahisə edir və öz bildiyini edir. Nəticə isə bəllidir.
500-ə yaxın romanın, tarixi əsər, pyes və esselərin müəllifi olan Daniel Defonun ən məşhur kitabının qəhrəmanının əsl prototipi şotlandiyalı Aleksandr Selkirkdi. Əsl Robinzonun və adanın hekayəsi romanın məzmunundan daha az maraqlı deyil. 1704-cü ildə bosman Aleksandr Selkirkin gəmisi içməli su ehtiyatını təmin etmək üçün Çili sahillərindən təxminən 670 kilometr uzaqlıqda, Sakit okeanın cənubunda kimsəsiz bir adaya lövbər atır.
Selkirk təkrar səyahətə çıxmağa tələsən kapitanı dənizçiləri açıq ölümə sürükləməkdə ittiham edir və ona qarşı çıxır. Gəmi çox pis vəziyyətdə idi və təcili olaraq ciddi təmirə ehtiyac duyurdu. Selkirk təkrar gəmiyə qayıtmaqdansa adada qalmağı üstün tutacağını bildirir.
28 yaşlı üsyançının ağlı başına gəldikdə isə artıq çox gec idi, gəmi getmişdi. Lakin bu, eyni zamanda onun həyatını xilas edir. Selkirk haqlı çıxır: Peru sahillərində fırtınaya düşən gəmi bütün komanda ilə birlikdə batır. Selkirk başqa bir ingilis gəmisi tərəfindən aşkarlanana qədər 4 il, 4 ay adada tək yaşayır. O, ingilis dilini unutmamaq üçün yanında olan yeganə kitab Bibliyanı hər gün yüksək səslə oxuyur.
Adamayovuşmaz Selkirk
Selkirkın qeydlərini oxuyan Daniel Defo onları yenidən bədii formaya salır və 1719-cu ildə sonralar ona dünya şöhrəti qazandıran romanını dərc etdirir. Onun qəhrəmanı bütün zamanların və xalqların gəmi qəzasına uğramış dənizçiləri arasında sağ qalmış ən məşhur dənizçi, Robinzon Kruzo dörd il dörd ay əvəzinə adada 28 il yaşayır. Lakin bütün bu illər boyunca tək deyil, sadiq yoldaşı Cümə ilə birlikdə qalır. Bundan əlavə, yazıçı hadisələrin cərəyan etdiyi yeri təbiəti daha maraqlı olan Karib dənizi sahillərinə köçürür və əhvalatı daha maraqlı detallarla zənginləşdirir.
Aleksandr Selkirka gəldikdə isə o, Şotlandiyaya qayıtdıqdan sonra qayalıq sahildə özünə ev tikir və saatlarla burada oturaraq səssizcə dənizə baxır. O, özünə qapanır, insanlardan qaçır. Və həyatının sonuna qədər də “Robinzon Kruzo”nu oxumur.
Sakit okeanda yerləşən, Selkirkin düşdüyü ada isə demək olar ki, XIX əsrin sonlarınadək kimsəsiz qalır. Yalnız sonralar suiti ovçuları bura yerləşir.
1915-ci ilin martında, Birinci Dünya müharibəsi zamanı, yüngül alman kreyseri “Drezden” “Robinzon adası” sahillərində atəş altında qalır. Daha sonra admiral, hərbi kəşfiyyat rəhbəri olan, Hitlerə qarşı törədilmiş uğursuz sui-qəsd cəhdinin ardından nasistlər tərəfindən edam edilən Vilhelm Kanaris onda baş leytenant olaraq bu gəmidə xidmət edirdi. “Drezden” ingilislərin əlinə düşməsin deyə, kreyserin komandiri onu batırmağı əmr edir. Hazırda dərinlikdə yatan gəmiyə təşkil olunan sualtı ekskursiyalar - adanın əsas turistik əyləncələrindən biridir.
Gələcəyə qayıtmaq?
Hazırda Robinzon adasında (1960-cı illərin ortalarından bəri rəsmi olaraq belə adlandırılır) təxminən 900 nəfər yaşayır. Onlar əsasən balıqçılardır. Lakin daha çox balıq yox, qitəyə kiçik təyyarələr vasitəsilə çatdırılan xərçəng ovu ilə məşğuldurlar. Uçuş zolağı donmuş lava üstündə salınıb.
Təbiət burada demək olar ki, Aleksandr Selkirk dövründə olduğu kimi qalmaqdadır. Məsələn, kiçik kolibri quşlarının bəzi növləri buradan başqa dünyanın heç bir yerində yaşamır. Ada UNESCO-nun unikal təbii qoruqları siyahısında xüsusi qeydə alınmış nadir heyvan və bitki növləri üçün əsl cənnətdir.
Adada bir kilsə, uşaq bağçası, məktəb və rəqs meydançası inşa edilib. 2010-cu ilin fevralında zəlzələnin yaratmış olduğu sunami adada demək olar ki, bütün tikililəri məhv edir. Xoşbəxtlikdən insan təlafatı gözlənildiyindən daha az olur, çünki adaya yaxınlaşan ilk nəhəng dalğanı görən 12 yaşlı qız kilsə zənglərini çalaraq, həyəcan qaldırır.
Zəlzələdən sonra tikililərin bir çoxu yenidən qurulur, lakin gənclər bir daha təkrar qayıtmamaq üzrə adanı tərk edirlər. Və Robinzon adası ola bisin ki, nə vaxtsa yenidən tənha adaya çevriləcək.
Tərcümə: Abzas