UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq.
Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir.
"Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların girişi məhdudlaşdırılacaq".
Məlumata görə, Avropa Liqası final oyununu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün vətəndaşların sıx hərəkətinə, eləcə də Respublika günü ilə əlaqədar İstiqlaliyyət küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq.
Daxili İşlər Nazirliyi isə məlumatı təkzib edib. Qurumun mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Meydan TV-yə belə bir açıqlama vermədiklərini söyləyib.
Dövlət Yol Polisi İdarəsinin dünən yaydığı məlumatda isə vətəndaşlara tövsiyə edilir ki, həmin ərəfələrdə mərkəzi küçələrdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər, ictimai nəqliyyata üstünlük versinlər.