1 May 2019
Mətni dəyiş
Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydo hal-hazırda hakimiyyətdə olan prezident Maduronu hakimiyyətdən salmaq üçün həlledici mərhələyə gəlindiyini elan edib. Quaydonun sözlərindən sonra etirazçılar hərbçilərin müşayətiylə paytaxt Karakasın qərbində yerləşən prezident sarayı Mirafloresə yürüşə keçiblər. Venesuela kanalı NTN24 xalqın prezident sarayına yürüşünü canlı yayımlayıb.
Bundan öncə televiziyalarda hərbi avtomobilin etirazçıların üzərinə sürüldüyünü göstərmişdilər. Aprelin 30-u yəni bu gün Quaydo ətrafında hərbi geyimli adamlarla birgə çəkdirdiyi videomüraciətində hərbçiləri prezident Nikolas Maduroya qarşı çıxmağa çağırırdı. Quaydo öz müraciətində deyir ki, ordu onun tərəfinə keçib və azadlıq uğrunda mübarizənin final mərhələsi başlayıb. Quaydo ilə birgə videoda tanınmış müxalif lider Leopold Lopes də görünüb. O isə xalqa bildirib ki, onu hərbçilər ev dustaqlığından azad edib.
Xatırladaq ki, Venesuelada vəziyyət yanvarın 23-də gərginləşməyə başlamışdı. Quaydo kütləvi mitinqlərdən istifadə edib özünü müvəqqəti prezident elan etmişdi. ABŞ və bir çox Avropa, Latın Amerikası ölkələr onun prezidentliyini dəstəkləyib. Rusiya və Çin isə indiki prezident Nikolas Maduronu dəstəkləyir.