29 Aprel 2019
Mətni dəyiş
Şri-Lankada yeni verilmiş fərmanla üzü bağlayan geyim geyinmək qadağan edilib. Fərmanı ölkə prezidenti Mayripal Sirisena ölkədə bir-birinin ardıyca baş vermiş terror aksiyalarından sonra, vətəndaşların kimliyini təyin etmək və islamçı terrorçuları tapmaq üçün verib. Bu haqda "The Times of İndia" qəzeti yazıb.
Prezident öz çıxışında deyib ki, bu tədbir ölkədə fövqəladə vəziyyət çərçivəsində görülüb.
Aprelin 21-də Şri-Lankada səkkiz terror aktı baş vermiş və bu terror aktları əsasən xristian kilsələrini və bahalı mehmanxanaları hədəfə almışdı. Baş vermiş terror aktrları nəticəsində təqribən 250 nəfər həyatını itirmişdi. Terror aktları ilə bağlı məsuliyyəti "İŞİD" öz üzərinə götürmüşdü. Aprelin 28-də Şri-Lanka höküməti terror aktlarının əsas planlayıcı və həyata keçiriciləri olan iki nəfəri saxladığını bildirmişdi. Şri-Lankada törədilmiş terror aktlarına görə artıq 100-ə yaxın şübhəli həbs olunub. Onların bəziləri Suriya və Misirdən gələnlərdir.