Bir neçə mövzu var ki, deməyə kifayət qədər sözüm olsa da həmin mövzular ətrafında gedən müzakirələrdə bu və ya digər formada iştirak etməyi özümə qadağan etmişəm. Rusdillilər və azərbaycandillilər, rus bölməsi və Azərbaycan bölməsi - müzakirəsində bu və ya digər formada iştirak etməyi özümə qadağan etdiyim mövzulardan biridir. Lakin hörmətli bəstəkarımız Elmir Mirzəyevin “Bir daha rusdilli mövzusu haqda” yazısını oxuduqdan sonra özümə qoyduğum qadağanı müvəqqəti dondurub, bu həssas mövzuda fikirlərimi yazmaq qərarına gəldim.
Azərbaycanda fəaliyyət göstərən bir çox şirkətlərdə, dövlət müəssisələrində, yaradıcı kollektivlərdə danışıq dilinin rus dili olması heç kimə sirr deyil. Elmir müəllim yazısında qeyd etdiyi kimi rus dilinin digər Cənubi Qafqaz ölkələrinin paytaxtlarından fərqli olaraq Bakıda daha geniş yayılmasının dərin tarixi kökləri, siyasi səbəbləri var və bu tarixi köklərdən, siyasi səbəblərdən xəbərsiz adamlar rus dilinin Bakıda geniş yayılmasına yumşaq ifadə etsək, daha çox əsəbiləşirlər.
Problem həm də ondadır ki, rus dilində danışan adamların bəziləri (özümü sığortalamaq üçün bəziləri yazdım, əslində çoxu yazmalı idim) hələ də özlərini seçilmiş zümrənin nümayəndələri hesab edərək azərbaycan dilində danışan adamlara yuxarıdan aşağı baxmaqdadırlar. Hərçənd, bu cür yanaşmanın artıq bir qədər köhnəlmiş yanaşma olduğunu, vəziyyətin əvvəlki illərə nisbətən bir az dəyişdiyini onlar artıq qəbul etməlidirlər. Ona görə ki, rus dilini bilməyib, amma ingilis, alman, fransız dillərini bilən bir dəstə azərbaycanlı yetişibdir. Bu o deməkdir ki, bizi qarşıdakı illərdə bu cür yeni-yeni davalar, müzakirələr gözləyə bilər.
Azərbaycandillilər isə rus dilində danışanları müstəmləkə kölələri adlanırırlar. Nəticədə zaman-zaman bu mövzuda müzakirələr açılır, ara sakitləşir, bir dəli quyuya daş atır və yenə müzakirələr açılır, qarşılıqlı ittihamlar səslənir və sairə və ilaxır. Göründüyü kimi vəziyyət xeyli mürəkkəbdir. Bəs, görəsən, Sovet hökumətinin çökməsinin, ölkənin müstəqil olmasının üstündən kifayət qədər vaxt keçməsinə baxmayaraq bu problem niyə həllini tapmır? Rusdillilərlə azərbaycandillilər nəyi bölə bilmirlər? Niyə onlar bir-birilərinin qanına susayıblar? Bu qarşılıqlı nifrətin, ədavətin səbəbi nədir? Bu sual çox adamı düşündürməkdədir.
Sovet hökumətinin çökməsi nəticəsində rus dili öz avtoritetini xeyli itirdi. Məsələ ondadır ki, Rusiyanın təsir dairəsindən çıxmayan, çıxa bilməyən, çıxmaq istəməyən ölkələrin hakimiyyətləri Kremlə öz sadiqliklərini göstərmək üçün bir növ rus dilinə qayğı göstərmək, rus dilinə şərait yaratmaq “məcburiyyətindədirlər”. Yəni rus dilinə qayğı göstərmək Rusiyanın təsir dairəsindən çıxmayan, çıxa bilməyən, çıxmaq istəməyən hakimiyyətlərin Kremlə sadiqliyinin əsas vasitələrindən, əsas göstəricilərindən biridir.
Qərəz, faktiki olaraq Azərbaycanda saray dili rus dilidir. Saraya, saray əhlinə yaxınlığını büruzə vermək istəyən bir çox adamlar da öz növbələrində rus dilində danışmağa üstünlük verirlər. Bu mənada onların özlərini seçilmiş zümrənin nümayəndələri hesab etməsində hardasa doğrudan da müəyyən qədər həqiqət payı var.
Azərbaycanda total riyakarlığın hökm sürdüyünü dəfələrlə ayrı-ayrı yazılarda qeyd etmişik. Bu total riyakarlığın ən qəribə cəhəti ondan ibarətdir ki, camaatımız heç bir fədakarlıq etmədən, heç bir əziyyət çəkmədən az qala bütün müsbət adlara, bütün müsbət addımlara, bütün müsbət cərəyanlara sahib çıxmaq, gözə görünən yaxşı nə varsa, hamısını zəhmətsiz filansız qamarlamaq istəyir. İndi haqlı olaraq ciddi bir sual ortaya çıxır. Görəsən, Azərbaycan dilinin davasını aparan adamlar ildə Azərbaycan dilində neçə kitab oxuyurlar? Görəsən Azərbaycan dilinin davasını aparan adamlardan neçəsi beş-on manatından keçib Azərbaycan dilində yazılmış, Azərbaycan dilinə tərcümə olunmuş kitab alır?
Saltıkov Şedrin deyirdi ki, ədəbiyyatın bir dəqiqə susması bir xalqın ölümünə bərabərdir. Ədəbiyyat dili qoruyan, dili inkişaf etdirən, dili hörmətə mindirən əsas vasitələrdən biridir. Kitab oxumayan camaatın dili necə inkişaf edə bilər? Kitab oxumayan camaatın dili necə hörmətli ola bilər? Yaxud kitab oxumayan, beş-on manatından keçib Azərbaycan dilində yazılmış, Azərbaycan dilinə tərcümə olunmuş kitabı almağa canı çıxan adamın doğma dil davası aparması, “niyə öz dilinizdə danışmırsınız?” harayı qopararaq tumanını başına atması, özünü lezvalaması nə qədər səmimi və nə qədər ədalətlidir? Tam səmimi deyirəm, bu kitab oxumaq mövzusunda nələrsə yazmaqdan artıq bezmişəm, artıq bu mövzuda nələrsə yazmağa utanıram, xəcalət çəkirəm. Başa düşürəm, hər kəsə gün kimi aydın olmalı bir məsələ barəsində bu qədər yazı yazılmamalıdır. Sırtıqlığın, həyasızlığın da bir sərhədi olmalıdır.
Amma doğrudan da, kitabsızlığın nə qədər böyük bir faciə olduğu açıq-aydın görünməkdədir. Bunu görməmək üçün bilmirəm, adam qabırğası standartdan neçə dəfə qalın yaradılmalıdır. Adamlar kitab oxumurlar. Adamların ən adi söhbətlərdən xəbərləri yoxdur, üstəlik də az qala hər sahədə iddiaları aşıb-daşır. İki eşşəyin arpasını bölə bilməyənlər heç bir koqnetiv dissonans keçirmədən hər mövzuda müzakirələrə, mübahisələrə girişirlər. Azərbaycanda müntəzəm kitab oxuyan adamların sayı üç yüzdən yuxarı olmaz, aşağı olar. Bunu problemə bələd olan, universitetlərin həyətlərində, parklarda kitab satan bir adam kimi qətiyyətlə yazıram. Kitabla şəkil çəkdirənləri, kitabı vərəqləyənləri nəzərdə tutmuram, uzanaraq, ya da oturaraq həqiqətən də, kitabı əlində tutub əvvəldən axıra qədər oxuyan, oxuduqları haqqında düşünənləri nəzərdə tutmaqdayam.
Müəllim oxumur, həkim oxumur, tələbə oxumur, aktivist oxumur, siyasətçi oxumur, jurnalist oxumur, rejissor oxumur, aktyor oxumur, hətta yazıçılar belə oxumur... Müəllim, tələbə, həkim, siyasətçi, jurnalist, aktivist, rejissor, aktyor, yazıçı kitab oxumursa, başqalarından nə gözləmək olar? Bilirəm, kimsə bu cümlələrlə razılaşmayacaq, özünü yuyulmamış qaşıq kimi ortaya atıb deyəcək ki, xalqa şər atma, mən oxuyuram. Əgər həqiqətən oxuyursa lap yaxşı. Zəhmət çəkib həmin adam bir ətrafını da nəzərdən keçirsin, baxsın görsün, ətrafında, qohum-qonşuda, işlədiyi kollektivdə ondan başqa daha neçə adam kitab oxuyur, oxumağı cəhənnəm neçə adam beş-on manatından keçib kitab alır.
Kitabsızlığın nəticələri göz qarşısındadır. Artıq bir xeyli adamlarımız hislərini və istəklərini ifadə etmək üçün danışmaq əvəzinə qəribə səslər çıxarırlar. Onlar artıq danışmaq qabiliyyətlərini itiriblər və bu minvalla davam etsə, yaxın gələcəkdə danışmaq əvəzinə qəribə səslər çıxaran adamların sayı daha da artacaq. Söhbəti çox uzatmaq, ucundan tutub ucuzluğa getmək, növbəti dəfə dastan açmaq istəmirəm. Onsuz da hər şey aydındır. Görünən kəndə nə bələdçi? Fürsətdən istifadə edib azərbaycan dilində yazılmış və oxunmasını lazım bildiyim əsərlərin siyahısını yazıram. Allah eləməmiş, bəlkə, kimsə çaşıb oxuyar.
1. Süleyman Rəhimov - “Saçlı” (Azərbaycan ədəbiyyatında ən koloritli əsərdir. Azərbaycan ədəbiyyatında çatışmayan ən başlıca cəhətlərdən biri əsaslandırılmış, bədii həllini tapmış koloritin, qəribəliyin, özünəməxsusluğun olmamasıdır. “Saçlı” çox koloritli əsərdir. Ümumiyyətlə, fikrimcə, Azərbaycan ədəbiyyatında ən yaxşı romandır.)
2. Məmməd Səid Ordubadi – demək olar ki, bütün əsərləri
3. Mirzə İbrahimov – “Pərvanə”, “Gələcək gün”
4. Əbülhəsən - “Dünya qopur”
5. Mehdi Hüseyn – “Səhər”
6. İsmayıl Şıxlı – “Dəli kür”
7. İsa Hüseynov - “reallıq hissini itirməmişdən əvvəl” yazdığı əsərlər
8. Fərman Kərimzadə – “Qarlı aşırım”
9. Əfqan – “Katib”
10. Bayram Bayramov – “Üzlü-astarlı günlər”
11. Mövlud Süleymanlı – “Köç”, “Dəyirman”
12. İsi Məlikzadə – “Quyu”, “Küçələrə su səpmişəm”, “Evin kişisi”, “Dədə palıd”, “Yaşıl gecə”, “Günəşli payız”
13. Sabir Əhmədli – “Qanköçürmə stansiyası”, “Yamacda nişanə”
14. Əkrəm Əylisli – demək olar ki, bütün əsərləri
P.S. Əlbəttə, siyahı subyektivdir, mübahisəyə və müzakirəyə açıqdır. Yadıma düşən əsərləri yazdım. Ola bilsin, əsərlərin mövzusu, müəllifin üslubu sizi qane etməsin, amma dil öyrənmək baxımından siyahıdakı əsərlərin oxunması bəndəniz tərəfindən lazımlı hesab edilir.
Seymur Baycan