Tanınmış yazıçı Seymur Baycan "Abzas"a müsahibə verib. O, müsahibəsində böyüyən internet şəbəkəsinin oxucuları kitabdan oğurlayıb, bədii mətnə marağın azaltmasından, kağız medianın azalması ilə ədəbiyyatın da tənəzzülündən, yazıçıların və oxucuların sosial mediaya yığışıb ədəbiyyatı unutasından danışıb. Yazıçı həmçinin ölkənin siyasi və ictimai həyatında gedən prosseslərlə bağlı fikirlərini saytımızla bölüşüb.
- Seymur bəy, insanların çoxu daha kitab oxumur, internetdə fırlanaraq qarşılarına çıxanları sürətlə vərəqləyir. Siz bir publisist, yazıçı olaraq interneti kağız üzərində çap olunan ədəbiyyata təhdid kimi görürsüzmü?
- İnternetin ədəbiyyata, kitaba təhdidi barədə zaman-zaman düşünürəm, rastıma çıxanda xarici müəlliflərin yazılarını, müsahibələrini oxuyuram, amma bu mövzuda ətraflı, əsaslı danışmağa intellektual səviyyəm imkan vermir. Boşboğazlıq eləmək istəmirəm. Belə ağır suallara cavab vermək iqtidarında deyiləm. Ciddi, dərin adamların bu mövzuda fikirləri, düşüncələri, proqnozları ilə tanış olmağımız daha yaxşı, effektli olar. İstərdim ki, bu mövzuda xarici müəlliflərin yazdıqları yazıları, verdikləri müsahibələri Azərbaycan dilinə çevirib saytınızda yerləşdirəsiniz. Belə ağır, məsuliyyətli mövzularda mənim nə düşünməyim heç bir əhəmiyyət kəsb eləmir. Gələcək haqqında danışmaq böyük məsuliyyət tələb edir. Hər şey ola bilər. Ola bilər ki internet kitabı, ədəbiyyatı yox olmaq dərəcəsinə çatdırsın. Ola bilsin ki, bu keçici bir haldır.
Məsələn, yaxınlarda ispan yazıçısı Migel Delibesin bir neçə əsərini oxudum. Həmin əsərlərdə müəllif insanların televizor qarşısında çoxlu vaxt keçirməsinə görə necə böyük narahatlıq keçirdiyini bir neçə dəfə ciddi həyəcanla ifadə edib. Ədəbiyyat televiziya imtahanından keçdi. Görək internet imtahanından keçə biləcəkmi? Bunu zaman göstərəcək. Şəxsən mən son vaxtlar iri həcmli əsərləri oxumağa daha çox üstünlük verirəm. İri həcmli əsərləri oxumaqdan daha çox həzz alıram. Onu da qeyd edim ki, bəzi ölkələrdə çap məhsullarının tirajı artır. Geridə qalmış xalqlar, cəmiyyətlər yenilikləri daha ağır formada həzm edirlər. Görməmişin oğlu olanda sevindiyindən dartıb qulaqlarını qoparır.
- Ölkəmizdə ədəbi proses də yeni xarakter alıb, yazıçılar böyük həcmli bədii mətnlər yazmaq əvəzinə facebookda böyük statuslar yazıb, oxucuları ilə onları müzakirə etməyi daha maraqlı hesab edirlər. Siz isə sosial şəbəkədə elə də fəal deyilsiz, hətta deyəsən smartfon da işlətməyi sevmirsiz? Rəqəmsallığa qarşı mühafizəkarlığınızmı var? Ümumiyyətlə, yazıçı kimi müasir trendlərə nə cürsə özünüzü hazırlamağa ehtiyac görürsünüzmü?
- Sosial şəbəkələr insanın böyük və məhsuldar düşünməsinə, düşüncələrini bişirməsinə, düşüncələrini inkişaf etdirməsinə, keçmişini başqaları üçün deyil, sırf özü üçün xatırlamasına, insanın özünü ciddi təftiş eləməsinə mane olur. Keçmişi xatırlamaq, düşüncələri daima bişirmək, inkişaf etdirmək, böyük və məhsuldar düşünmək, daimi mütaliə insanın bir şəxsiyyət kimi formalaşması üçün vacib şərtlərdir. Özünü ciddi təftiş etməyən adamın hadisələrin mahiyyətini dərk etməsi çətin məsələdir.
Sosial şəbəkələr insanın özünü tanıması yolunda ciddi maneələr yaradır. Sosial şəbəkələr insanı kiçildir, onu uzaqbaşı bir-iki günlük canı olan söz-söhbətlərin əsirinə çevirir. Əlbəttə, həyatda hər şey keçicidir, amma biz bir şəxsiyyət kimi özümüzü formalaşdırmaq istəyiriksə, bu keçici olanların içində daha çox qalıcı olanlarla, məsələn, zamanın amansız imtahanından keçmiş əsərlərlə ünsiyyətə girməyə, klassik əsərləri oxumağa üstünlük verməliyik. Bu günün üst insanı sosial şəbəkələrdən asılılığı olmayan insandır.
Keçək sualınızın şəxsən bəndənizə aid olan hissəsinə. Rəqəmsallığa qarşı xüsusi mühafizəkarlığım yoxdur. Guya rəqəmsallığa qarşı mühafizəkar olub nə qələt eləyəcəm. Mənim kimi adamların rəqəmsallığa qarşı mühafizəkarlığı, hətta düşmənçiliyi günümüzün reallığını əsla və əsla dəyişə bilməz. Bunu başa düşməyəcək qədər axmaq deyiləm. Düşünürəm ki, insanın şəxsi həyatında nə baş verirsə versin düşüncəsi sağlam qalmalıdı. Sadəcə həqiqətən də, texnikadan başım çıxmır. Hər addımda bankomatın qoyulduğu bir dövrdə yaşamaq mənim üçün işgəncədir. Bankomat görəndə çox əzab-əziyyət çəkirəm. Bankomat görəndə elə bil şəxsiyyətim təhqir olunur. Özümdən asılı deyil əsəbiləşirəm. Əlimə daş alıb bankomatın təpəsinə çırpmamaq üçün özümü güclə saxlayıram. Bir gün təpiklə vurub hansısa bankomatı aşırdığımı eşitsəniz buna əsla təəccüblənməyin. Enerjimin çox hissəsi özümə nəzarət etməyə, yəni daha konkret desəm, hansısa bankomata ciddi zərər vurmamağa sərf olunur. Bəzən özümə nəzarət etməyə o qədər enerji sərf edirəm ki, barmağımı, çənəmi tərpətməyə belə taqətim qalmır. Acıram, amma tikəni çeynəməyə özümdə güc tapa bilmirəm. Bəzən heç corablarımı çıxartmağa belə gücüm çatmır, corabla yatıram. Məmnuniyyətlə internetin, bankomatın, lənətə gəlmiş bank kartlarının, mobil telefonların olmadığı, yalnız kitabların, jurnalların olduğu bir yerdə yaşayardım. Tamamilə insanlardan, hər cür texnikadan uzaqlaşmaq barəsində düşünürəm. Sadəcə bunun üçün stabil maddi təminat olmalıdır. Yaxşı olardı ki, hər ölkədə bankomatsız, internetsiz, mobil telefonlarsız təmiz, səliqəli kəndlər, qəsəbələr yaradılsın və mənim kimi texnikadan uzaq, texnikadan başı çıxmayan adamlar gedib orda yaşasınlar. Bu bizim dövrə uyğunlaşmaqda çətinlik çəkən insanların hüququdur. Dövrün şərtlərinə uyğunlaşmağa əziyyət çəkən adamları nə yolla olursa olsun dövrün şərtlərinə boyun əyməyə məcbur etmək faşizmdir. Yaşadığımız dövr mənim üçün çox maraqsızdır. Ona görə də ədəbiyyat vasitəsi ilə daha çox keçmiş əsrlərdə baş vermiş hadisələrlə tanış olmağa, keçmiş əsrlərdə yaşayan şəxsiyyətlərlə ünsiyyətdə olmağa üstünlük verirəm. Bu bir növ mənim şəxsi meracımdır. Ötən əsrlərdə baş verənləri daha çox başa düşürəm. Ötən əsrlərdə baş verənlər mənim üçün daha aydındır, daha maraqlıdı. İndi nələrin baş verdiyini başa düşməkdə çətinlik çəkirəm. Hər şey çox qarışıqdır. İndi nəyin baş verdiyini aydınladırmağa girişəndə adamın başı qarpız kimi şişir.
- Sizin ən çox tirajlandığınız qəzetlərin bir çoxu artıq ya bağlanıb, ya da hamının unudacağı qədər məşhurluğunu itirib. Qəzet və jurnalların bağlanması ədəbiyyata necə təsir edib? Niyə internet və sosial şəbəkələr kağız mətbuatın effektini verə bilmir?
- Təxminən 90-cı illlərin ortalarından 2000-ci illərin ortalarına qədər ədəbiyyat adamlarının çoxu həm müxalifətyönlü, həm də iqtidaryönlü qəzetlərdə ədəbiyyat səhifələri, ədəbiyyat əlavələri hazırlamaqla, yazılar yazmaqla öz dolanışıqlarını təmin edirdilər. Qəzetlər Azərbaycan yazıçılarını, şairlərini tam səfil vəziyyətinə düşməkdən, acından ölmək təhlükəsindən xilas etdi. Şişirtmirəm, dramatikləşdirmirəm, zarafat etmirəm, tam ciddi deyirəm. Bunu xeyli adam təsdiq edə bilər. O dövrdə siyasi mövqeyindən asılı olmayaraq az qala bütün qəzetlərin ədəbiyyat səhifələri, ədəbiyyat əlavələri var idi. Aşağı tirajlı qəzetlər belə ədəbiyyata bir səhifə yer ayırırdı. Demək olar ki, hər qəzetdə müxtəlif yaş dövrlərinə mənsub yazıçıların, şairlərin, tənqidçilərin müsahibələrinə, yazılarına rast gəlmək olurdu. Bu isə o demək idi ki, ədəbi proseslə, ədəbiyyatla ancaq müəyyən təbəqəyə aid adamlar deyil, müxtəlif təbəqələrə aid adamlar mütəmadi olaraq tanış olurdular. Məsələn, tutaq ki, bu gun kulis.az, yaxud kultura.az saytında gedən yazılarla, müsahibələrlə daha çox ədəbiyyatla, ədəbi proseslə maraqlanan adamlar tanış olurlarsa, o dövrdə qəzetlər vasitəsi ilə ədəbiyyat adamlarının müsahibələrini, yazılarini ən müxtəlif təbəqələrə mənsub adamlar oxuyurdular. Üstəlik qəzet oxucusu daha diqqətli oxucudur. Ümid edirəm fikrimi ifadə edə bildim. Qəzetlərin sıradan çıxarılması, məncə, ədəbiyyata mənfi təsir göstərdi. Həmin dövrlərdə ədəbiyyat adamları müxtəlif təbəqələrə aid insanlarla, ən azı müxtəlif qəzetlərin kollektivləri, siyasətçilərlə, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə daha sıx və birbaşa, canlı ünsiyyətdə idilər. İstəyirəm deyəm ki, kasıbçılıq olmasına baxmayaraq o illərdə ədəbi proses daha canlı görünürdü, amma qorxuram məni keçmişi ilahiləşdirməkdə ittiham etsinlər. Qaldı internetin və kağız mətbuatının effektivlik dərəcəsinə… Başqalarının adından danışa bilmərəm, buna ixtiyarım yoxdur, amma şəxsən bəndəniz xüsusən bədii mətnlərlə jurnal, kitab vasitəsi ilə tanış olmağa daha çox üstünlük verir. İnanın ki, cığallıq etmirəm, bu həqiqətən də, belədir. Bəzən oxunması vacib olan və bir az iri həcmli mətnləri kağıza çıxarıb oxuyuram. Çünki təcrübəmdən bilirəm ki, elektron variantda mətndən istədiyim həzzi ala bilməyəcəm. Həm də mətni kağızdan oxumayanda yaddaşımda yaxşı qalmır. Yeri gəlib daha bir nüansa toxunmaq istəyirəm. Hekayələrimi, yazılarımı kitabdan oxuyan oxuculara daha çox hörmət, daha çox etibar edirəm. Hekayələrimi, yazılarımı ancaq saytlardan oxuyan adamlara müftəxor kimi baxıram. Açıq deyim ki, barəmdə nə qədər yüksək fikirdə olsalar da hekayələrimi, yazılarımı ancaq saytlardan oxuyan adamlara bir yazıçı, bir publisist kimi heç bir etimadım və hörmətim yoxdur.
- Ölkədə müstəqil medianın və müstəqil ziyalıların toplandığı mühitin dağıdılması ilə sizin yazılara münasibətin dəyişdiyini hiss edirsinizmi? Məsəlçün, yazılarınız əvvəlki kimi internetdə çox paylaşılmır. Oxucular sizi eyni şeyləri təkrar-təkrar yazmaqda və bədii mətnlərdə publisistik dildən qurtula bilməməkdə ittiham edir. Keçmiş oxucu kütləsi və keçmiş mühitin yoxluğunu hiss edə bilirsinizmi?
- Ölkədə son on beş ildə azadlıqların boğulması teatrdan tutmuş KVN-ə, ədəbiyyata, mətbuata kimi hər bir sahəyə mənfi təsir göstəribdir. Keçmiş haqqında xoş söz deməyə çəkinirəm, amma inanın ki, 90-cı illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinə qədər ölkədə kasıbçılıq olsa da mədəniyyət sahəsində daha xoş ab-hava hökm sürürdü. Sual oluna bilər, niyə? Çünki bu günlə müqayisədə daha çox azadlıqlar vardı. Konkret faktlar göstərəcəm. Məsələn, mən Müsavat Partiyasının üzvü idim. Bir də görürdük Vurğun Əyyub əlində bir dəstə bilet Gənclər Komitəsinin iclası keçirilən otağa girdi. Vurğun bəy deyirdi, tamaşa var, kim istəyir gedə bilər. Kim istəyirdisə, bilet götürüb Gənclər Teatrının tamaşasına gedirdi. Gedirdin tamaşaya, baxıb görürdün ki, zalda oturanların yarısı hakimiyyətə müxalifətdə dayanmış adamlardır. Geyinib keçinib şəhərin düz göbəyində fəaliyyət göstərən teatrda tamaşaya baxmağa gəliblər. Aktyorlar, aktrisalar, rejissorlar müxalifətin mitinqlərində iştirak edirdilər. Universitetlərdə Müsavatın, Xalq Cəbhəsinin üzvü olan nə qədər müəllimlər dərs deyirdi. Tələbələr ən azı auditoriyada o dövrün şərtlərinə uyğun olaraq fərqli fikirlər eşidirdilər, alternativ ən yeni tarixlə tanış olurdular. Xəstəxanalarda, poliklinikalarda Müsavatın, Xalq Cəbhəsinin üzvü olan nə qədər həkim işləyirdi. Bəs bu gün nə baş verir? Mitinqdə iştirak edən aktyoru, həkimi işdən qovurlar. Bəzən 90-cı illərin ab-havası haqqında danışanda o dövrü görməyən gənclərə danışdıqlarım inandırıcı görünmür. Adam danışdıqlarına görə bir az özünü naqolay hiss edir. Onları da qınamalı deyil bu gün baş verən biabırçılıqların fonunda 90-cı illərdə baş verənlər haqqında danışdıqlarım onlara yalan, hətta gop təsiri bağışlayır. İndi bir az da bəri gələk. “Quqark”ın ilk təqdimatında yüz iyirmidən çox kitab satılmışdı. Bu gün təqdimat keçirsəm, heç otuz adamı bir zala yığa bilmərəm. Çünki “Quqark”ın təqdimatında iştirak edən adamların azı yarısı Türkiyədən tutmuş Amerikaya qədər dünyanın dörd bir tərəfinə səpələniblər. Bura qədər dediklərim məsələnin bir tərəfidir. Məsələnin sırf mənə aid olan digər tərəfi ondan ibarətdir ki, son iki ildə yazılarımın səviyyəsi çox yüksəlibdir. Aydın söhbətdir, yazıların səviyyəsi qalxdıqca oxucuların da sayı azalmalıdır. Camaatımızın bədii təfəkkürü, bədii estetik zövqü biabırçı vəziyyətdədir. Son iki ildə yazdığım hekayələrin, məqalələrin həqiqi dəyərini verə biləcək adamları Azərbaycanda barmaqla saymaq olar. Mənim üçün oxucu reaksiyasına səbəb olacaq yazını yazmaq su içmək kimi asandır. Elə yazıların gündə ikisini yazaram. Necə ki, vaxtında yazmışam. Amma indi buna öz tərəfimdən əsla ehtiyac görmürəm. Oxucu reaksiyası, yazının oxunma sayı mənim üçün keçirilmiş mərhələdir. Daha yüksək səviyyəli yazılar yazmaq imkanım varkən oxucu reaksiyası qazanacam, yazılarım daha çox oxunacaq düşünərək daha aşağı səviyyəli yazılar yazmaq hər şeydən əvvəl özümə, oxuduqlarıma, təcrübəmə, istedadıma qarşı bir xəyanət olar. Zər qədrini zərgər bilər. Az olsun, amma saz olsun. Necə deyərlər toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə dərisi bir yükdür. Yəni son iki ildə yazdığım, özümün ən zəif hesab etdiyim yazı belə bədii təfəkkürü, bədii-estetik zövqü yerlə sürünən azərbaycanlılar üçün çoxdur. Əslində bədii təffəkkürü, bədii-estetik zövqü yerlə sürünən bir camaatın dilində bu cür yüksək səviyyəli yazıların yazılması ilahi ədalətsizlikdir. Belə zövqsüz camaatın dilində yazılar yazmağa məcbur olduğuma görə özümü bir növ lənətlənmiş adam kimi hiss edirəm. Hərdən düşünürəm ki, bundan əvvəlki həyatımda nəsə böyük bir cinayət işlətmişəm, bağışlanılmaz bir günah sahibi olmuşam, ona görə də ağır cəzalandırılaraq növbəti həyatımda dünyaya azərbaycanlı kimi gəlmişəm.
- 90-larda və 2000-lərdə doğulan gənclər içində hələ də yazdıqları ilə səs-küy yaradan, ya da qısa müddətdə məşhurlaşan yazıçılar gözə dəymir. Cəmi 10-15 il əvvəlki ədəbi mühit artıq yoxdur. Bunu yeni nəslin yaxşı təhsil görməməsi, daha az demokratik dövrə düşməsi ilə əlaqələndirmək olarmı? Bəlkə, sadəcə dövr belə bayağıdır?
- Bunun bir deyil, bir neçə səbəbi var. İkisini yuxarıda qeyd etmişəm. Bir, azadlığın olmaması. İki, sosial şəbəkələrdə tüğyan edən avaraçılıq. Bəli, məhz avaraçılıq. Bunun başqa adı yoxdur.
Bir şey qəti şəkildə məlumdur ki, idrak ağacının meyvələrini dərmək, idrak ağacının meyvələrinin dadına baxmaq üçün kəsə yol yoxdur. Kim idrak ağacına doğru kəsə yol getmək istəyirsə, hər şeydən əvvəl özü özünü aldadır, idrak ağacına doğru getməli olduğu yolu daha da uzadır, bəzən isə tamam azır, itib-batır, yoxa çıxır. Nə bilmək olar bəlkə də prosesin gözəlliyi, qiyməti elə kəsə yolun olmamasındadır. Əgər “kəmərin bağlanmağını” istəyirsənsə, dizini qatlayıb, yanını yerə qoyub, zəhmət çəkib, tər töküb oxumalısan. Prosesi yola vermək, hansısa bir formada kəsə yol axtarmaq haqq-hesaba girmir. Vəssalam. Hal-hazırda vəziyyət belədir, on ildən, on beş ildən sonra necə olacaq bilinmir. Üçüncü səbəb barəsində bir qədər ehtiyatla danışmağa məcburam. Çünki gəncləri qınayıb deyingən qoca kimi görünmək istəmirəm. Amma əlimi ürəyimin üstünə qoyub deyirəm ki, bu qınaqları yalnız və yalnız xoş niyyətlə səsləndirirəm. Düşünürəm ki, bu qınaqlar əsaslı, haqlı qınaqlardır və hamıdan çox onların özünə lazımdır. Eşidərlər, eşitməzlər, hansı formada reaksiya verərlər, nələr fikirləşərlər bu ta onların öz işidir. Gənclərin hər hansı bir sahədə apardıqları dava görünmür, gözə dəymir. Hanı onların gənclik coşğusu, gəncliyə məxsus, gəncliyin ayrılmaz hissəsi olan inadkarlığı? Hardadır onların üsyankarlığı, mübarək inkarçılığı? Üsyansız, davasız, coşğusuz gənc çaxmaqsız tüfəng kimidir. Gənc yaşlarda necə belə fürsətcil, necə belə “ağıllı” olmaq olar? Hanı gəncliyin gözəl səhvləri, hardadır gəncliyin üsyankar, inkar motivli mənəm-mənəmliyi? Bir gənc axı nəyə görə xalqın, hakimiyyətin, qərəz, hamının xoşuna gəlməyə çalışmalıdır. Əgər onlar gənc yaşlarında belə fürsətcil, belə siyasətcildirlərsə, qocalanda bir Allah bilir necə olacaqlar, nəyə çevriləcəklər. Adam heç təsəvvür belə etmək istəmir.
- Sizi məşhurlaşdıran cəhətlərdən biri mütəmadi gündəmi zəbt edən nəsillərin davaları mövzusunda qalmaqallar və siyasi cəhətdən sərt, səs-küylü açıqlamalar idi. İndiki gənc nəslin isə sanki nəsillər davası kimi bir problemi yoxdur. Sizcə AYB və gənclik arasında, ya da hakimiyyətyönümlü yazarlarla müstəqil yazarlar arasındakı münaqişələr tamam bitibmi? Bəlkə yeni gələn gənclərə bunla bağlı təbliğ və maarifləndirmə edilməyib?
- Yuxarıda qismən bu suala cavab vermişəm. Dava insan həyatının mənasıdır. Dava insanı formada saxlayır. Trotski deyirdi ki, həqiqi natiqlik nifrətdən yaranır. Məni yaşamağa vadar edən nifrətdir. Xüsusən də, atalarının qucağında ədəbiyyata gəlmiş parnik ziyalılarına, əldəqayırma yazıçılara, danosbaz balalarına, onların ətrafındakı yaltaq sürüsünə qarşı sonsuz nifrət. Yoxsa yaşamağa elə də həvəsim yoxdur. Kimin davası bitibsə, deməli, nifrəti səmimi deyilmiş. Hər kəs özünə görə məsuliyyət daşıyır. Prinsiplərindən dönən, dünən söydüyü adama bu gün yaltaqlananlar haqqında yaxşı bir atalar sözü var: Toyuğun uçuşu zibilliyə qədərdir.
- Payızda Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçiriləcəyi gözlənilir. Birliyin üzvü olmasanız da bir suala cavab almaq istərdim. Yazıçılar Birliyinin sədri vəzifəsində kimi görmək istərdiniz?
- Birmənalı olaraq Cəmil Həsənlini. Cəmil müəllim utanmasın, birliyin sədri vəzifəsinə namizədliyini irəli sürsün. Məncə, Cəmil müəllimə ən çox yaraşan, ən çox uyğun gələn vəzifə Yazıçılar Birliyinin sədri vəzifəsidir.
- Seymur bəy, ölkədə gedən prosesləri izləyirsiniz?
- İzləyirəm, amma heç bir həyəcan keçirmirəm. Elə bil heç birinə azarkeşlik eləmədiyim iki futbol komandasının oyuna baxıram. Belə daha yaxşıdı. Həyacan keçirməyəndə hadisələri daha yaxşı analiz etmək olur.
- Yanvar ayından sonra ölkədə islahat adı ilə bəzi dəyişikliklər, siyasi məhbusların buraxılması baş verdi. Ölkədə 2019-cu il başlayandan baş verən hadisələr sizcə, nəyin təzahürüdür? Bu proseslərə ümumiyyətlə, islahat adı vermək olarmı?
- Ət yeyen quş dimdiyindən tanınar. Bu tamaşaya bir dəfə yox, bir neçə dəfə baxmışam. Korrupsiyanın hökm sürdüyü, azad medianın, azad məhkəmələrin, idmandan tutmuş incəsənətə, incəsənətdən tutmuş biznes sahəsinə qədər bütün sahələrdə sağlam rəqabət mühitinin olmadığı yerdə islahatdan danışmaq sadəlövhlükdür. Baxın, bir neçə gün əvvəl dönər almaq üçün balaca bir kafeyə girmişdim. Satıcı soruşdu ki, soğan olsun? Dedim hər şey olsun. Sonra haralı olduğumu soruşdu. Dedim Azərbaycandanam. Axı Azərbaycandan ola-ola necə deyim ki, başqa yerdənəm. Azərbaycandanam sözünü qorxa-qorxa deyirəm. Başına gələn başmaqçı olar. Ölkə haqqında yaxşı bir söz eşitməyəcəyim ehtimalı böyükdür. Belə də oldu. Dönərsatan dedi ki, bir həftə əvvəl Bakıya getmişdim. Qırmızı Körpüdən Bakıya qədər yolda üç dəfə məni QAİ saxladı. O yolda başına gələn oyunlar haqqında danışır, mən də qulaqlarımı sallayıb, xəcalət çəkə-çəkə dinləyirəm. Nə cavab verim, nə deyim, vəziyyətə necə bəraət qazandırım? Belə vəziyyətlərdə adam Azərbaycan vətəndaşı, azərbaycanlı olduğuna görə xəcalət çəkir. Dönərsatan fitrətən mərifətli, mədəni adama oxşayırdı. Gördü danışdıqlarından doğrudan da pis oluram, qayıdıb dedi ki, bağışla, sən yaxşı adama oxşayırsan. Bu tərif ürəyimə yağ kimi yayılmadı. Allah kəssin belə tərifi! Nə lazımdırsa deyib qanımı it qanına döndərmişdi. Heç aldığım dönəri də yeyə bilmədim. Qarşıma çıxan küçə itinə verdim. Halal xoşu olsun.
- Sözünüzdən belə çıxır ki, baş verən dəyişiklikləri islahat kimi qəbul edən adamlar sadəlövhdürlər.
- Çox az bir hissəsi sadəlövhdürlər. Dəyişiklikləri islahat kimi qələmə verənlərin böyük hissəsi əslində nə baş verdiyini çox yaxşı bilirlər. Sadəcə hakimiyyətə yaltaqlanmaq üçün əllərinə fürsət düşüb. Yaltaqlıqlarına da dövlətçilik, vətən, xalq adı qoyublar. Əslində isə Azərbaycanda artıq xalq, vətən, dövlət anlayışı yoxdu. Acı da olsa bunu birdəfəlik qəbul eləmək lazımdı. Acı həqiqət şirin yalandan yaxşıdı, Azərbaycanda yalnız hakimiyyət var. Real düstur belədir: xalq, üstəgəl dövlət, üstəgəl vətən, bərabərdi hakimiyyət. Yəni sən bu gün xalqı, dövləti, vətəni tərifləyəndə əslində hakimiyyəti tərifləyirsən. Orta əsrlərdə necə idi? Orta əsrlərdə bir qrafın kəndlilərinin, məsələn, işgüzarlığını tərifləyəndə bu tərif heç də kəndlilərə ünvanlanmırdı. Kəndlilərin işgüzarlığı haqqında tərif birbaşa qrafın özünə ünvanlanırdı. Çünki kəndililər qrafın idi. İnsafən kəndlinin heç özünün də ağlından keçmirdi ki, onu nəyəsə görə tərifləyə bilərlər. Russo deyirdi ki, mədəniyyət inkişaf etdikcə insanları tanımaq çətinləşdi. Bu gün hansısa xalq artisti, meyxana deyən, siysətçi, hüquqşünas, yazıçı, bəstəkar, şair, ressam, idmançı, menecer, nə bilim jurnalist, tarçalan, qurban olum xalqıma, qurban olum dövlətimə, qurban olum vətənimə janrında təriflər səsləndirəndə azərbaycanlılar özlərini elə aparırlar ki, güya bu təriflər onlara, onların yaşadığı torpağa, onların dövlətinə ünvanlanıbdı. Özlərin elə aparırlar güya bunlar huquqları olan vətəndaşdı, güya bunların dövləti, vətəni var. Bu mənada orta əsrlərin kəndliləri bu günkü azərbaycanlılardan daha səmimi idilər. Orta əsrlərdə vəziyyət daha sadə idi. Sözümün canı odur ki, “siyasi baxışlarımız fərqli olsa da xalq, vətən, dövlət naminə hakimiyyətin filan addımlarını dəstəkləyirəm” deyənlər, xalq, dövlət, vətən naminə hakimiyyətlə əməkdaşlıqa hazır olduqlarını bəyan edənlər sinələrinə iri həriflərlə satılıram sözu yazaraq özlərin bazara çıxarıblar.
- Bəs bu adamlara birbaşa yaltaqlanmağa nə mane olur?
- Eqo. Eqoları imkan vermir birbaşa yaltaqlansınlar. Amma nahaq yerə. Böyük taktiki səhv buraxırlar. Onlar gərək utanmasınlar. Hər şeyin sadəsi daha effektli olur. İstər mətbəxt olsun, istər ədəbiyyat, istərsə də siyasət, üslub heç vaxt mənanı üstələməməlidi. Birbaşa yaltaqlanan adamlara hakimiyyət haqlı olaraq daha geniş qucaq açır. Bu da hakimiyyətə dolayı yollarla yaltaqlananların, yeni öz yaltaqlıqlarına vətən, dövlət, xalq, Qarabağ adı qoyanların təccübbünə səbəb olur. Onlar düşünürlər ki, axı biz daha savadlıyıq, biz daha yaxşı geyinirik, biz daha bəlağətlə danışırıq, biz xarici dil bilirik, biz hakimiyyətə daha yaxşı, daha kefiyyətli xidmət edə bilərik, bəs niyə bizə diqqət göstərmirlər. Başa düşmürlər ki, onların yaltaqlığında üslub mənanı üstələyib. Yəni daha loru dildə desəm eqoları qıcqıran adamlar “necə yaltaqlanım ki, həm yaltaqlanım, həm də yaltaqlığım yaltaqlıq kimi görünməsin, xalq, vətən, dövlətçilik, Qarabağ naminə güzəştə getmək, xalq, vətən, dövlət, Qarabağ naminə özümü fəda etmək kimi görünsün” sualı ətrafında baş sındırarkən birbaşa yaltaqlananlar, daha səmimi yaltaqlar vurub çayı keçirlər.
- Necə düşünürsüz, baş verən dəyişikliklər nəyin təzahürüdü?
- Mən siyasi ekspert deyiləm, mən nə bilim nəyin təzahürüdü. Amma tarixə azdan-çoxdan bələd olanlar bilirlər ki, adətən hadisələrin arxasında bayağı səbəblər dayanır. Sadəcə insanlar bayağılığı həzm edə bilmədiklərinə görə vəziyyəti mürəkkəbləşdirməyə, dramatikləşdirməyə meylli olurlar. Bununla guya özlərini mataha mindirirlər. Yadımdan çıxıb hansısa bir fransız yazıçısının əsərində belə bir səhnə var. Ovçu yaraladığı ovunun arxasınca qaçanda ağır çəkməsi ilə qarışqa yuvasını dağıdır. Ovunun arxasınca qaçarkən qarışqa yuvası dağıtmasından ovçunun heç xəbəri yoxdu. O heç ayağının altına baxmır. Onun məqsədi yaraladığı ovu tutmaqdı. Yuvası dağılmış qarışqalar isə uzun-uzadı müzakirələr apararaq bu qəfil bəlanın hardan gəldiyini tapmağa çalışırlar. Söhbət yadımda belə qalıb.
- Son günlər ölkə gündəmində olan əsas hadisələrdən biri müxalif düşərgədəki atışmalar, ReAl və AXCP liderlərinin, üzvlərinin bir-birlərini qarşılıqlı ittiham etməsidir. ReAl-çılar mitinqlərə köklənməyi səhv hesab edirlər, daha ağır ittihamlar irəli sürürlər, cəbhəçilər də seçkiləri oyun hesab ederek, ReAl-çıları hakimiyyətlə əlaqədə ittiham edirlər. Sizcə, belə müxalifətdaxili söz-söhbətlərin yaranması nədən irəli gəlir?
- Belə mövzularda danışmaq istəməzdim, mənim belə suallarla aram yoxdur, amma madam sual verilib cavab vermək borcumdur. Birincisi, narazılıqların günü-gündən artdığı ölkədə hakimiyyəti açıq mətnlə, birbaşa, nala-mıxa vurmadan tənqid edən, problemləri Tağı Əhmədov demişkən burcutmadan səsləndirən, dilə gətirən siyasi lider, ziyalı, publisist, yazıçı narazı təbəqənin daha çox rəğbətini qazanır. Bu belədir. Narazılığın günü-gündən artdığı yerlərdə nəzəriyyələr, siyasi savad, terminlərlə danışmaq, söz oynatmaq o qədər də vacib rol oynamır. Cəsarət faktoru ön plana keçir. Buna görə cırnamaq lazım deyil. Əgər tutaq ki, X adlı bir adam mənim hər hansı bir səbəbə görə yazmadığım problemlər haqqında daha cəsarətlə yazılar yazırsa, yazılarında daha cəsarətli mövqe ortaya qoyursa, əlbəttə ki, onun yazısı daha çox oxunacaq və mən bir publisist kimi X adlı adamın yazılarının daha çox oxunması ilə razılaşmalıyam, bundan narahat olmamalıyam.
İkincisi, ReAl rəhbərliyində təmsil olunan adamların çoxu hansı xalqa mənsub olduqlarını, harda yaşadıqlarını bilmirlər. Proseslərə çəhrayı eynəklə baxırlar. Onları müşahidə edəndə adama belə gəlir ki, onlar Azərbaycanda deyil, Norveçdə yaşadıqlarını təsəvvür edirlər. Xülaseyi-kəlam, ReAl rəhbərliyində təmsil olunan adamlar xəlqi deyillər. Siyasətçi üçün xəlqi olmaq, xalqı tanımaq, onun zəif və güclü tərəflərini bilmək vacib şərtlərdir. İntellektual onanizm deyilən bir söz var. Mənası odur ki, eyni düşüncəli bir qrup adam yığışır bir yerə və elə zənn edirlər ki, cəmiyyətdə onlar kimi düşünən adamlar çoxdur. ReAl qırx min imzanı yığmaq üçün olmazın məşəqqətini çəkdi. Əli İnsanov qırx min imzanı dörd günə yığar. Xalid Şürük və Azər Qasımlını çıxmaq şərti ilə ReAl rəhbərliyində təmsil olunan adamları Ağcabədinin mal bazarında sərbəst buraxsan Bakıya qayıda bilməzlər. Yolda-irizdə itib-batarlar, qurd-quş onları yeyər.
- Bəs nə təklif edirsiniz? ReAl-çılar xəlqi olmaq, xalqı tanımaq üçün nə etməlidirlər?
- Onlar qırmızı rəngli, ikarus markalı bir avtobus tutmalıdırlar və avtobusa doluşub hər rayonda azı iki-üç ay qalmaq şərti ilə Azərbaycanı qarış-qarış gəzməlidirlər. Avtobusun rəngi mütləq qırmızı, markası isə mütləq ikarus olmalıdır. Başqa rəngdə, başqa markada avtobusla rayonları gəzsələr, zəhmətləri və vaxtları hədər gedəcək. Bundan əlavə ReAl-çılar qırmızı rəngli, ikarus markalı avtobusla uzun səfərə çıxanda Axundovun, Mirzə Cəlilin, Haqverdiyevin, Cəfər Cabbarlının, Abdulla Şaiqin, Ömər Faiq Nemanzadənin, Üzeyir Hacıbəyovun və digər Azərbaycan klassiklərinin əsərlərini özləri ilə götürüb bir-bir diqqətlə oxumalıdırlar. Oxuduqlarını qrup halında müzakirə etməlidirlər.
- Məktəbli Elinanın ölümü cəmiyyətdə böyük səs-küy yaratdı. Necə düşünürsüz, bu hadisə ortaməktəblərdə islahatların aparılmasına səbəb ola bilərmi?
- Çexov deyirdi ki, zorakılıqların zəruriyyət kimi qəbul olunduğu yerlərdə ədalət haqqında düşünmək gülüncdür. Adamlar özlərin elə aparırlar ki, guya Azərbaycana heç xas olmayan çox dəhşətli bir hadisə baş verib və bunlar da şoka düşüblər, özlərinə gəlməkdə çətinlik çəkirlər. Bütün zorakılıqlara asanlıqla zəruriyyət donu geyindirən adamların yaşadığı ölkədə belə hadisələrin baş verməsi təbiidir. Burda təəccüblənəcək heç nə yoxdur. Azərbaycan üçün adi hadisədi. Təəccüblü odur ki, nə əcəb Azərbaycanda adamlar günün günorta çağı küçədə tutub bir-birlərini yemirlər. Onsuz da örtülü şəkildə, dolayı yollarla Azərbaycanda adamlar bir-birlərini yeyirlər, amma günün günorta çağı adamların küçədə bir-birini tutub yeməməsi doğurdan da çox təəccüblüdü. Görəsən onlara nə mane olur?
Məktəblinin ölümünün səs-küy qaldırmasının səbəbi isə çox sadədi. Neft gələn pullarının azalması ilə əlaqədar olaraq paketlər kəsilib, şirkətlərdə, dövlət müəssisələrində xeyli ixtisarlar gedib, ölkədə boş-bekar, açıq və gizli şəkildə deyinən, donquldanan adamların sayı artıb. Bu hadisə “dünyanın düz vaxtında”, yəni neftin qiymətinin düşməsindən əvvəl baş versəydi böyük əksəriyyət məktəblini günahkar görəcəkdi, ümumiyyətlə hadisə heç bu qədər müzakirə olunmayacaqdı. Necə ki, paketlər kəsilməmişdən, şirkətlərdə, dövlət müəssisələrində ixtisarlar aparılmamışdan əvvəl bu cürə hadisələr baş verirdi və heç bir səs-küyə, müzakirəyə səbəb olmurdu.
- Sizcə, ölkədə yeni bir nəsil yaranıbmı?
- Zahirən yeni bir nəslin yarandığını görmək olar, amma təəssüflər olsun ki, Azərbaycanda atalar və oğullar problemi yoxdur. Mahiyyətcə atalar oğulların, oğullar da ataların tayıdır.
- Seymur bəy, aprelin iyirmi ikisi qırx üç yaşınız tamam olur. Hansı hisləri keçirirsiniz?
- Bu qədər yaşamağım mənə möcüzə kimi görünür. Heç vaxt ağlıma gəlməzdi ki, qırx üç il yaşayacam. Mənə elə gəlir ki, əsrlərdi bu dünyada yaşayıram. Bezmişəm hər şeydən. Artıq bu dünyada görəcəyim heç bir iş qalmayıb. Havayı yerə hava uduram. Çoxdan ölüb cəhənnəmə vasil olmalı idim. Sırtıqlığıma salıb hələ də yaşamağıma özüm də mat qalmışam. Bunun adı sırtıqlıqdı, başqa adı yoxdu. Məscidin qapısı açıq olanda nə olar, itdə də abır-həya olmalıdı.