Dünyanın müxtəlif ölkələrində xalq kütlələrinin ayağa qalxıb böyük etiraz mitinqlər keçirdiyi vaxtda gözlənilmədən Serbiyada da minlərlə insan küçələrə axın edib. Paytaxt Belgrad küçələrinə çıxan insanlar media azadlığı və seçkilər üçün ədalətli mühit yaradılması tələbiylə "Beş milyondan biri" devizi altında mitinq eləyirlər.
Yayılan
xəbərlərə görə etirazlar müxalifətçi
Borko Stefanoviçin döyülməsindən sonra başlayıb. Mitinqlər Serbiya prezidenti
Aleksandr Vuçiç əleyhinə başladılıb. Aprelin 13-də baş tutan mitinqdə təqribən 10 min insan iştirak edib.
Serb mitinqçilər prezidentin istefasını tələb edirlər, bununla bərabər onlar media azadlığı, seçki üçün ədalətli şərait yaradılmasını da istəyirlər. Mitinqçilərin işlətdiyi "Beş milyondan biri" devizi prezident Vuçiçin mitinqçilərin tələblərini vecinə almayaraq, beş milyonluq serb xalqının tələbi olmasa heç bir addım atmayacağını bildirməsindən sonra ortaya çıxıb. Serbiyada ümumən beş milyon insan yaşayır.
Belqraddakı mitinq ölkə parlamentinin önündə başlanıb. Hakimiyyət müxalifəti parlament binasına buraxmamaq üçün parlamentin önünə və içinə çoxlu polis yeridib.
Serbiyada xalq etirazları əslində dekabr ayının 8-də başlanmışdı. Onda müxalifət noyabrın 23-də amansızca döyülmüş müxalifətçi Borko Stefanoviçə dəstək göstərmək üçün meydanlara çıxmışdı.
Müxalif fəalın döyülməsində günahkar bilinən şəxs həbs edilmiş, ancaq az sonra həbsi üçün dəlillər çatmadığı üçün həbsdən azad olunmuşdu.
Dünən baş verən mitinqlər isə ölkədə 2017-ci ildən bəri keçirilmiş ən böyük mitinqdir. 2017-ci ildə Aleksandr Vuçiçin prezident seçilməsi əleyhinə ölkədə 10 minlərlə gənc etiraz çıxışları təşkil etmişdi.