Ölümündə Səudiyyə Krallığının dolayı yolla əli olduğu təsdiqlənmiş jurnalist Camal Qaşıqçının övladları Səudiyyə Ərəbistanı hökümətindən böyük məbləğdə kompensassiya alıblar. Bu haqda məlumatı
"The Washington Post" qəzeti əldə edib.
Qaşıqçının ölümündən öncə boşandığı arvadından olan iki oğlu və iki qızına Səudiyyə höküməti krallığın ərazisində 4 milyon dollarlıq ev bağışlayıb. Bundan əlavə onlar ayda hökümətdən 10 min dollarlıq təqaüd də alacaqlar. "The Washington Post"a məlumat verən anonim mənbə bildirib ki, Səudiyyə höküməti bu pulları və evi Qaşıqçı ailəsinə ona görə verib ki, onlar ictimai çıxışlarında ataları ilə bağlı daha təmkinlə danışsınlar.
Həmçinin, qəzet yazır ki, jurnalistin ölümü ilə bağlı məhkəmə bitdikdən sonra onun övladları on milyonlarla dollar kompensasiya əldə edəcəklər. Ölkə hakimiyyətinin artıq uzun illərdir cinayət və kasıblıq ucbatından zərər çəkmiş insanlara maddi yardım ayırması ənənəsi var.
Qaşıqçının dörd övladından təkcə biri, oğlu Saleh hələ də Səudiyyə Ərəbistanında yaşayır, qalan üç övladı isə xeyli müddətdir ABŞ-a köçüblər və hakimiyyətdən əldə etdikləri əmlakları satmağı planlaşdırırlar. Jurnalistin övladları heç bir halda Səudiyyə Krallığını tənqid etmir, di gəl ki, cinayətin tədqiqi onu göstərib ki, Qaşıqçının ölümündə vəliəhd şahzadə Məhəmməd bin Salmanın da günahı var.
Keçən ilin noyabrından, jurnalistin ölümündən az sonra onun övladları mediaya verdikləri açıqlamalarda demişdilər ki, jurnalsit özü Səudiyyə Kralı hakimiyyətinin əleyhdarı olmayıb, əksinə monarxiyaya inanırmış və onu dəstəkləyirmiş. Bu açıqlamardan əvvəl Qaşıqçının öğlanları Saleh və Sahil ictimaiyyətin gözü qarşısında vəliəhd şahzadə ilə görüşüb, mehribanlıqla onun əlini sıxıblar.
ABŞ-da yaşayan məşhur jurnalist Qaşıqçı keçən il oktyabrın 2-si Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmışdı. Oktyabrın 23-də isə onun cəsədi Səudiyyə konsulluğunun iqamətgahında ortaya çıxmışdı. Cəsədin ekspertizası zamanı məlum olmuşdu ki, Səudiyyə xüsusi xidmət orqanlarının işçiləri jurnalisti oğurladıqdan sonra, işgəncə vermiş və öldürmüşdülər. Türkiyə hökümətinin araşdırmaları isə göstərmişdi ki, cinayətin icraçıları qətldən ən az bir saat öncə şahzadə Məhəmməd bin Salmanla danışıblarmış.