12 Aprel 2019
Mətni dəyiş
Keçmiş müstəntiq və siyasi məhbus Rüfət Səfərov ciddi xəstəliyə yoluxub. Bu barədə onun atası Eldar Sabiroğlu ictimaiyyətə müraciətində məlumat verib.
Rüfət Səfərov və atası hazırda müayinə və müalicə üçün Türkiyədədirlər. Eldar Sabiroğlu bildirib ki, müayinələr zamanı Rüfətin “Hepatit-C” xəstəliyinə yoluxduğu aşkarlanıb. O, qeyd edib ki, oğlu həbsdən əvvəl tam müayinədən keçib və onda bu xəstəliyin əlaməti olmayıb. Odur ki, Rüfətin bu xətəliyə həbsxanada düçar edildiyinə şübhə yoxdur.
“Əziz bacı və qardaşlarım, bu müraciəti sizə həyacan dolu hisslər və urək yanğısı altında ünvanlayıram. Nəhayət ki, qəddar hakimiyyət və onun başında duran İlham Əliyev öz qisasını oğlumuzdan aldı. Ankarada Rüfəti həkim müayinəsindən keçirdiyimiz zaman onun Hepatit-C xəstəliyinə düçar edildiyi aşkar olundu. Həkimlər bildirdi ki, əllərindən gələni edəcəklər, lakin son qərar Allaha bağlıdır. Rüfət həbsə düşməzdən qısa müddət qabaq check up müayinədən keçmiş və heç bir problem görünməmişdir. Demək İlham Əliyev intiqamını belə alır! Xalqım, dualarınızı əskik etməyin. Prezident unutmasın ki, onun da bir oğlu var!”, – deyə Eldar Sabiroğlu bildirib.
Rüfət Səfərovun özü də hadisəyə feysbukda münasibət bildirib. O, hər şeyin yaxşı olacağına inamını ifadə edib. Bildirib ki, yaranmış vəziyyət onu qorxutmur. “İnsAllah, hər şey yaxşı olar, dostlar. Bircə onu deyirəm ki, diktatura Azərbaycan gəncliyini məhv etməyi qarşısına məqsəd qoyubsa, alınmayacaq, öz başında çatlayacaq! Məhz fədakar Azərbaycan gəncliyi tezliklə bu rejimi tarixin zibilliyini tulazlayacaq! Mən qorxmuram, ayaqdayam! Siz də qorxmayın, irəliyə yürüyün! Son nəfəsim də bu xalqa qurban!”, – deyə Rüfət Səfərov vurğulayıb.