10 Aprel 2019
Mətni dəyiş
İsraildə aprelin 8-də baş tutmuş seçkilərdə ölkənin baş naziri Benyamin Netanyahunun partiyası yenidən qalib gəlib
İsrail qəzeti "Haaretz" xəbər verir ki, seçici səslərinin 97 faizi artıq hesablanıb və Benyamin Netanyahunun beşinci dəfə baş nazir vəzifəsinə seçilməsinin qarşısında heç bir maneə qalmayıb.
Seçkinin nəticələrinə görə Netanyahunun partiyası olan Likudla onun rəqibi Ağ-mavi ittifaqının lideri keçmiş general Benni Qantzın tərəfdarları İsrail parlamenti olan Knessetdə hərəsi 35 yer tuta biliblər. Ancaq Netanyahunu dəstəkləyən başqa kiçik sağçı partiyalar və ultra-ortodoks yəhudilərin partiyalarının hesabına baş nazir 120 yerlik parlamentin 65 yerini ələ keçiriblər. İndi Netanyahu rahatlıqla koalisiya höküməti qura biləcək.
Seçkidə qalibiyyəti qismən də olsa təsdiqləndikdən sonra xalq qarşısında çıxış edən Netanyahu böyük bir zəfər qazandığını, beşinci dəfə İsrailə rəhbərlik edəcəyi və xalqın ona güvəndiyi üçün duyğulandığını bildirib. O öz çıxışında bütün İsrail xalqının rəhbəri olacağına söz verib.