Mehman Hüseynovun ölkədən çıxışına imkan verilmir: 'Artıq bütün səbrim tükənir'

Mehman Hüseynovun ölkədən çıxışına imkan verilmir: 'Artıq bütün səbrim tükənir'
9 Aprel 2019
Mətni dəyiş

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri, bloger Mehman Hüseynov ona ölkəni tərk etmək qadağasının qoyulduğunu bildirib.

Bu barədə Abzas-a Mehman Hüseynovun özü məlumat verib. Onun sözlərinə görə, aprelin 9-da Bakıdan Berlinə getmək istəyərkən sərhəd nəzarət məntəqəsində ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.

"Sərhədçilər bildirdi ki, ölkədən çıxışıma Baş Prokurorluq tərəfindən qadağa tətbiq edilib".

Mehman Hüseynovun sözlərinə görə, ölkədən çıxışının qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur:

“Çünki iki illik həbs cəzasını tam şəkildə çəkib və azad edildikdən sonra xarici pasport almışam. Həbsdən çıxan kimi ilk növbədə fikiləşdim ki, bütün sənədlərimi bərpa edim, özümü əsl Azərbaycan vətəndaşı olaraq hiss edim. Növbəti addım fəaliyyətimi, sağlamlığımı bərpa etdirmək idi. Ən əsası xaricə gedib səhhətimdə olan çox ciddi problemləri həll etməli, müayinədən keçib əməliyyat olunmalı idim. Səbəb odur ki mən Azərbaycan səhiyyəsinə inanmıram, bu səhiyyənin altında ölmək istəmirəm”.

Bloger bildirir ki, bu ay xarici ölkələrdə beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri olub, həmçinin Avropa Şurasında, Avropa Parlamentində və ATƏT kimi qurumlarda Azərbaycan haqda çıxışları var idi.

"Mənə qarşı haqsızlıq edəcəkdinizsə, niyə bu sənədləri vermişdiniz? Bu xarici pasportun heç bir əhəmiyyəti yoxdursa, nə edirəm onu? Lazımsız adi kağız parçasıdır. Məni guya həbsdən azad edib, diri-diri öldürmək istəyirsizsə edin, mənim artıq bütün səbrim gücüm yavaş-yavaş tükənir”.

Bloger AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin QHT-lərlə bağlı konfransında iştirak etmək üçün Berlindən Strasburqa getməli idi.

Aprelin 10-da M.Hüseynovun İFEX-in - RATİ-nin üzvü olduğu Beynəlxalq Jurnalist Təşkilatları Şəbəkəsinin illik konfransında iştirakı planlaşdırılırdı.

Aprelin 12-də isə bloger AŞPA-nın yaz sessiyası çərçivəsində korrupsiyaya qarşı mübarizə məsələlərinə və təşkilatçılarından biri RATİ olan “Azərbaycan landromatı” araşdırmasına həsr olunmuş “parallel müzakirələrdə” iştirak üçün Strasburqa qayıtmalı idi.

Eyni zamanda, onun Vyanada ATƏT-in KİV azadlığı üzrə sədri Arlem Dezirin təşkil etdiyi jurnalistlərin təhlükəsizliyi məsələlərinə həsr olunmuş konfransda iştirakı planlaşdırılırdı.

Mehman Hüseynov 2017-ci ilin martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bloger məhkəmə zalında həbs edilib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2 maddəylə ittiham olunub.

Ötən ilin dekabrında onun haqqında Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandı. Cinayət işinə etiraz olaraq M.Hüseynov aclıq aksiyasına başladı.

10 gündən çox davam edən aksiyaya yerli və xarici təşkilatlatrdan dəstək oldu. Eyni zamanda, həbsxanada aksiyaya qoulanlar da vardı.

Yanvar ayında prezidentin müdaxiləsindən sonra cinayət işi ləğv edildi. Martın 2-də isə M.Hüseynov müddəti bitdiyi üçün azad olundu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun