Son zamanlar Azərbaycan cəmiyyəti xaricdən gətirilən maşınların gömrük rüsumlarının yüksək olmasından narazıdır.
Cəmiyyətdə daha çox müzakirə olunan bu mövzu haqda əsasən yol hərəkatı və avtomobillər haqda ekspert kimi çıxış edən hüquqşünas Ərşad Hüseynli "Sputnik Azərbaycan"a danışıb.
Ərşad Hüseynli deyib ki, Azərbaycana idxal olunan avtomobillər üçün idxal gömrük ödənişlərinin (ƏDV, aksiz vergisi, gömrük rüsumu) çox yüksək olması barədə məsələ yenidən müzakirə predmeti olub.
"Təxminən, 4 ay əvvəl bunu əsaslandırmaq üçün 2 iqtisadi səbəb vurğulanırdı: 1. Dövlət büdcəsinə əlavə vəsaitin daxil olması; 2. Yerli avtomobil istehsalının stimullaşdırılması. Hesab edirəm ki, hər iki arqument yanlışdır".
O qeyd edib ki, ödənişlər aşağı (əlçatan) olanda ölkəyə gətirilən avtomobillərin sayı çox idi. İndi bu say kəskin azalacaq. Nəticədə büdcə itirəcək:
"Sadə misal. Tutaq ki, əvvəl 1000 avtomobil gətirilmişdi və hər birinə görə ortalama 5000 manat gömrük ödənişləri edilmişdi. Bu halda büdcəyə 5 milyon manat daxil olmuşdu. İndi 500 avtomobil gətiriləcək və hər avtomobil üçün artımdan sonra ortalama 8000 manat ödəniləcək. Cəmdə büdcəyə 4 milyon manat və ya 1 milyon az vəsait daxil olacaq. Bununla yanaşı yerli istehsal dediyimiz əslində hazır detallardan yığımdır. Say çox məhduddur. Ən başlıcası isə bu avtomobillər populyar deyil. Orta statistik Azərbaycan avtomobil həvəskarı ölkədə hazırda yığılan təzə avtomobilə yox, 10 il bundan əvvəl istehsal edilmiş məşhur markalara üstünlük verir. Həm də axı indi ölkəmizdə yığılan avtomobil də ucuz deyil".
Ə.Hüseynov hesab edir ki, avtomobil idxalı üçün ödənişlərin ciddi artırılmasının səbəbi ölkəmizə avtomobilləşmə prosesini ləngitməkdir. Onun sözlərinə görə, avtomobilləşmənin sürətlənməsindən qorxanlar çoxdur. Bu qərarı qəbul edənlər düşünürlər ki, ölkəyə gətirilən avtomobillərin sayı ciddi artsa, küçə və yollarımız bu yükə dözməyəcək:
"Amma maraqlıdır ki, insanlar "alternativ" üsullar tapırlar. Məsələn, yollarımızda Gürcüstan dövlət qeydiyyatlı avtomobillərin, avtobusların sayı sürətlə artır. Belə getsə, hər 10 nəfərdən biri gürcü avtomobili sürəcək".