Hakimiyyət regionlardakı etirazların işıqlandırılmasını istəmir
Aprelin 8-i axşam gözlənilmədən müstəqil xəbər saytı Arqument.az bloklanıb. Saytın redaktoru Şəmşad Ağa bloklanmanın Səbail Rayon Məhkəməsinin nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin iddiası əsasında qoyulduğunu deyib.
Sayt redaktoru bu qadağanın səbəbini dəqiq bilməsə də, ehtimal edir ki, bloklama aprelin 8-də saytda Cəlilabad rayonunda keçirilmiş “kartof etirazı” barədə məlumata görə ola bilər.
Həmçinin, baş redaktor saytın bloklanmasının ardından sayta Ddos haker hücumları olduğunu da bildrmişdi. Hadisədən bir neçə gün sonra bloklanmış arqument.az artıq yeni bir domen olan – arqument.info ilə fəaliyyətini davam etdirməyə başlayıb.
Xatırladaq ki, aprelin 8-i ölkədən kartofun ixrac rüsumunun tətbiq edilməsi Cəlilabad rayonunun Maşlıq, Kazımabad və Muğan kəndlərində narazılığa səbəb olumuşdu. Hətta deyilənə görə vətəndaşlar hakimiyyətin diqqətini çəkmək üçün Bakı-Astara avtomagistralını bağlamışdı. Analoji etiraz həmin gün ölkənin başqa bir regionu Şəmkir rayonunda da olmuşdu.
Bundan öncə ötən ilin dekabr ayında criminal.az saytı Gəncə hadisələrindən yazdığına görə sayt bloklanıb, saytın redaktoru Anar Məmmədov isə hadisələri araşdıra prokurorluğun işinə kölgə salmaq ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Ümumiyyətlə isə Gəncə hadisələrindən yazdığına görə dörd müstəqil xəbər saytı bloklanıb.
[caption id="attachment_71564" align="aligncenter" width="1023"]
Azərbaycanda müstəqil xəbər saytlarının bloklanması 2016-cı ilin sonları, 2017-ci ilin əvvəllərindən başlanıb. İndiyə qədər Azadlıq qəzeti, Azadlıq Radiosu, Meydan TV, Turan TV-nin saytlarını, həmçinin Az24saat.org , Kanal13.tv, Abzas.net, azerbaycansaati.org, azpolitika.az kimi saytlar, ümumiyyətlə 15-dən çox xəbər saytı bloklanıb.
Saytların bloklanması üçün qanuni əsaslar 2017-ci ilin martın 10-da yaradılıb. Həmin gün Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib. Ancaq, Azadlıq Radiosu və Meydan.Tv kimi əsas alternativ media orqanlarının saytları bu qanun qəbul olunmazdan öncə bloklanmışdı.
Təcrübə göstərir ki, hökümət tərəfindən bloklanan saytlar adətən öz fəaliyyətinə ya alternativ domenlərlə ya da VPN proqramları vasitələrlə giriş təşkil edərək davam etdirirlər. Ancaq bloklanmadan sonra adətən saytların çoxu həmişəki oxucu kütləsini ciddi şəkildə itirir.
Azərbaycanın müstəqil jurnalistlərinin qarşısındakı yeni problem isə, hakimiyyətin get-gedə müstəqil və azad şəkildə hazırlanan xəbər axınına dözümsüzlüyünün artmasıdır. Məsəlçün, əgər əvvəllər regionlarda xalqın etdiyi etirazları işıqlandırmaq hakimiyyətin qəzəbiylə üzləşmirdisə, indi cəzasız şəkildə jurnalistlərə mütəmadi qadağa və məhkəmə işləri, bəzi hallada həbslər verə bilən hakimiyyət öz dözümlüyünü bir pillə də azaltdığını göstərməyə başlayıb.
Abzas.org