Prezident İlham Əliyevin əvf fərmanından sonra azadlığa çıxan, siyasi məhbus kimi tanınan bəzi gənclər onlara təzyiqlərin davam etdiyini deyir.
Bu yaxınlarda azadlığa buraxılmış Bayram Məmmədov ötən həftəsonu polisə müqavimətdə ittiham olunaraq saxlanılıb və ona 30 gün müddətinə həbs verilib.
Tərəfdarları hesab edir ki, onun yenidən saxlanmasının səbəbi azadlığa buraxıldıqdan sonra yerli mediaya verdiyi müsahibədir.
Martın sonlarında həbsdən azad edilmiş digər iki keçmiş məhbus gənc - Elgiz Qəhrəman və Qiyas İbrahim də izləndiyini düşünürlər.
Bakının mərkəzində "gecə saat 2-də bir neçə nəfər, içində olduğumuz avtomobilə yaxınlaşdı. Maşında silah olub-olmadığını yoxladılar", keçmiş məhbus Elgiz Qəhrəman deyir.
Daxili İşlər Nazirliyi mövzu ilə bağlı BBC News Azərbaycancanın suallarına cavab verməyib.
Bayram Məmmədov niyə saxlanıb?
Bayram Məmmədovun atası Fərman Məmmədov BBC News Azərbaycancaya bildirib ki, oğlu həbsdən buraxıldıqdan sonra "hər gün arxasınca gəlib onu ya bölməyə, ya da idarəyə" aparırdılar.
"Səbəb kimi ya hansısa sənədə qol çəkməli, ya da görməli olduğunu bildirirdilər. Axırıncı dəfə də hansısa kağıza qol çəkmək üçün apardılar. İndi də Binəqədi saxlama məntəqəsindədir", o bildirir.
Bayram Məmmədovun vəkili Elçin Sadıqov BBC News Azərbaycancaya bildirib ki, Bayram Məmmədovu 12 saylı polis bölməsinin əməkdaşının raportu əsasında saxlayıblar.
[caption id="attachment_34079" align="aligncenter" width="1280"]
"Guya Bayram polisin qanuni əmrinə tabe olmayıb və ona qarşı nalayiq ifadələr işlədib", vəkil deyir.
Vəkil Sadıqov Bayram Məmmədovla görüşmək üçün Daxili İşlər Nazirliyinin inzibati həbs olunan şəxslərin saxlanılma məntəqəsinə getsə də, ona müvəkkili ilə görüş verməyiblər.
"Görüş üçün sənədləri təqdim etdim, təxminən 20 dəqiqədən sonra bildirdilər ki, otaqları dezinfeksiya etdiklər üçün 3-cü günə qədər görüş verməyəcəklər. Əvvəllər heç vaxt belə bəhanə etməyiblər. Mən də dedim ki, harda desəniz görüşməyə razıyam. Ancaq yenə də görüş vermədilər", - cənab Sadıqov deyib.
Bayram Məmmədovun atasına da oğlu ilə görüşə icazə verilməyib.
Cənab Sadıqov hazırda məhkəmənin qərarından apelyasiya şikayəti verməyə hazırlaşdığını bildirib.
Bayram Məmmədov 2016-cı ildə daha bir fəal - Qiyas İbrahimovla birlikdə, mərhum prezident Heydər Əliyevin abidəsinə "Qul bayramınız mübarək" şüarı yazıldıqdan sonra həbs edilib və narkotik dövriyyəsi ittihamı ilə ona 10 il müddətinə həbs cəzası verilib.
Azadlığa buraxıldıqdan sonra Turan agentliyinə müsahibəsində keçmiş məhbus bildirib ki, qrafiti əməlindən peşman deyil.
"Əgər bilsəydim ki, yaşadıqlarımın bir neçə qatını yaşayacağam, hec çəkinmədən, qorxmadan yenə gözübağlı gedərdim ora, abidənin yanına. Sadəcə, bu dəfə daha artığını etməyə çalışardım", o müsahibəsində deyib.
"İzləndiyimi hiss edirəm"
Keçmiş "siyasi məhbus" kimi tanınan gənclər azadlığa çıxsa da, hakimiyyətin onları təqib etməkdə davam etdiyini düşünürlər.
Onlardan biri - Elgiz Qəhrəman son günlər izləndiyindən danışır: "Ayın 29-u, Tarqovıda gecə saat 2-də bizi saxladılar ki, bəs, maşında silah varmı onu yoxlayacağıq. Daha sonra da maşını ətraflı yoxladıqdan və maşın sahibi dostumuzun etirazından sonra bizi sərbəst buraxdılar".
[caption id="attachment_76364" align="aligncenter" width="1080"]
"Son iki-üç gündür ki, evin yaxınlığında müxtəlif avtomobillərin gəldiyini və müşahidə apardığını görürəm, izləndiyimi hiss edirəm", - Elgiz Qəhrəman deyir.
Elgiz Qəhrəman 2016-cı il avqustunda saxlanılarkən üzərindən 3.315 qram heroin tapıldığı iddia olunmuşdu. Sonra isə o, Bakıda məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Elgiz Qəhrəman həm özü, həm də fəalı olduğu NİDA Vətəndaş Hərəkatı onun siyasi motivlərlə həbs olunduğunu bildirmişdi.
Bu il mart ayının ortalarında isə, siyasi məhbus hesab olunan digər 50 nəfərlə birlikdə Prezident tərəfindən əfv olunduqdan sonra azadlığa çıxıb.
"Sahə rəisi gəldi ki, eviniz plana düşüb"
Bayram Məmmədovla birlikdə Heydər Əliyevin heykəlinə qrafitti yazdıqdan sonra həbs olunan və bu yaxınlarda azadlığa buraxılmış Qiyas İbrahimin evinə bu yaxınlarda sahə rəisi gəlib.
"İndiyə kimi ayağı bir dəfə də olsun bizim evə dəyməmiş sahə rəisi gəlmişdi ki, bəs, evləriniz plana düşüb", Qiyasın anası Şura Əmiraslanova deyir.
"Tutaq ki, evimiz plana düşür, bunun sahə rəisinə nə aidiyyatı var? Üstəlik, yüz söz danışdı. Axırda bizə dedi ki, qonşuları siyahıya alırıq. Sonradan öyrəndik ki, bir qonşudan başqa heç kimin qapısını döyməyib".
O, deyir ki, Qiyasın telefonunun olmadığını bilən sahə rəisi Qiyasa telefon almağı təklifi edib. "Mən də dedim ki, özümüz alarıq. Çıxdı, getdi".
"Elə bilirlər, başa düşmürük. Ayının min bir oyunu var, bir armudun başında. Sadəcə dövlət məmurudur, adamın evinə gəlib, heç nə demək olmur. Sonra da Bayramı tutdular, hər şey aydın oldu", - Şura Əmiraslanova əlavə edib.
NİDA hərəkatının üzvü Qiyas İbrahimov hazırda 30 günlük həbsdə olan Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-u gecə saatlarında mərhum prezident Heydər Əliyevin abidəsinə yazılmış şüardan sonra saxlanılıb. O da yoldaşı kimi narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub.
Qiyas İbrahimova 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.
O bu ittihamları rədd edib və həbsini mərhum prezident Heydər Əliyevin heykəlinə şüar yazması ilə izah edib.