Emil Milli 'Meydan TV'-dən istefa verdi: "5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil"

Emil Milli 'Meydan TV'-dən istefa verdi: "5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil"
28 Aprel 2019
Mətni dəyiş

Meydan TV-nin rəhbəri Emin Milli vəzifəsindən istefa verdiyini açıqlayıb. Bu barədə o, sosial şəbəkədə açıqlama yayıb.

Emin Milli bunu bir postda uzun müddət qalmağı düzgün saymadığını və bundan sonra iş axtaracağını, yaxud yeni bir layihə üzərində çalışacağını bildirib.

"Mən hesab edirəm ki, hakimiyyətdə də, müxalifətdə də, mediada da, QHT-lərdə də olan rəhbərlər 20-30 il ərzində eyni vəzifədə qalmamalıdırlar. Heç 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdılar".

Onun sözlərinə görə, hər bir liderin ən böyük uğuru vaxtında vəzifəsindən getməkdir və arxasında elə bir komanda qoymaqdır ki, o komandanın artıq sənə ehtiyacı olmasın və onlar sənsiz də işləri davam etdirə bilsinlər və daha da uğurlu olsunlar.

"Düzdür risklər var, amma sən getməsən, buna cəhd etməsən, inkişafa və proqresə də imkan verməyəcəksən və nə qədər uğurlu olduğunu heç vaxt bilməyəcəksən".

Emin Milli bildirib ki, Meydan TV Azərbaycanda ən uğurlu layihələrdən biridir. Onun sözlərinə görə, kanalın bir-iki milyon izləyicisi var, ən etibarlı məlumat mənbəyidir, insanların gündəlik problemlərinin həlli üçün də Meydan TV bir ümid yerinə çevrilib.

"Bu layihə şəxsən mənim üçün çox böyük və qürurverici idarəçilik təcrübəsi oldu. Bu uğur ilk növbədə bizim cəsarətli jurnalistlərimizin, redaktorlarımızın, işçilərimizin zəhməti və verdikləri qurbanların hesabına mümkün olub. Bu həbsdə olan Əfqan Muxtarlının uğurudur, işgəncələrə məruz qalan Şirinin və bir çox başqa qəhramanlarımızın uğurudur".

Kanal rəhbəri deyib ki, adlarını çəkə bilməsə də, bu onlarla işləyən bütün qəhramanların, həm də onları illər ərzində dəstəkləyən hər kəsin uğurudur.

"Bunu bəlkə anlamasalar da belə, bu Meydan TV-yə qarşı vuruşanların da bir uğurudur. Yeri gəlmişkən onu da deyim ki, Meydan TV-nin maliyyə problemləri olduğu haqqda yayılan məlumatlar tam yalandır".

Emin Millinin sözlərinə görə, bu 6 ildə Meydan TV-də heç bir korrupsiya ya yeyinti halları olmadığı üçün onların beynalxalq donorlar arasında ən təmiz imici, uğurlu layihə olduğu üçün onların elə bir problemi də yoxdur.

"Bundan sonra işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm. Bu dünyada harda işə düzələcəyimnən və ya hansı yeni iş/layihə quracağımnan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm".

 Xatırlatma

Meydan TV 10 mart 2013-cü ildə Emin MilliHəbib Müntəzir və Camal Əli tərəfindən yaradılmış media kanalıdır.

Kanal ilk dəfə 15 may 2013-cü il tarixində peyk vasitəsilə yayımlanmağa başlayıb, amma elə həmin tarixdən Azərbaycanda yayımına  müdaxilə edilir və yayımın qarşısı alınır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun