"Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub"

"Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub"
26 Aprel 2019
Mətni dəyiş

Bu gün, aprelin 26-sı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin aparat rəhbəri Riad Qasımov İçərişəhərdə ətrafında baş verən hadisələrlə bağlı mətbuat konfransı keçirib. 

Riad Qasımov bildirib ki, sosial şəbəkələrdə paylaşılan görüntülər təxribat xarakterli məlumatdır və müxalif qüvvələr hər zaman ölkədə keçirilən nəhəng yarışlardan bir neçə gün öncə bu cür təxribatlar edir.

"Hamımız bilirik ki, yaradılandan 20-22 il ərzində idarə ölkə başçısının və birinci vitse-prezindentin qayğısı nəticəsində nə qədər abidəni bərpa edib. Müxalif qüvvələr bu abadlığı görmür və təxribat törədirlər. Kimlərinsə marağındadır ki, qoruqdakı yenilikləri söküntü kimi qələmə versin. Bu təxribatlar keçməyəcək. Kimlərsə istəyir ki, onlara diqqət göstərilsin".

"Qərara gəlmişik ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edək"

Aparat rəhbərinin sözlərinə görə, idarə dövlət mülkiyyətində olan bu obyektlərin köhnəlməsini nəzərə alaraq idarə, təmir edilməsi qərarına gəlib. Həmin restoranlar sökülərək metal və şüşə konstruksiyalardan tikilir. Həmin layihə yay aylarında bitəcək.

"İşlər “Manqal”, “Sehrli təndir” restoranlarını əhatə edir. Həmin restoranların köhnə divar rekonstruksiyaları yeniləri ilə əvəz edilir. Tikinti işlərinin bitməsinə az qalıb".

Riad Qasımovun bildirib ki, sosial şəbəkədə yayılan qala divarlarına aid fotolar 2011-ci ilə aiddir və idarə təzə yaradılan zamanı qərara gəlinib ki, qala divarlarının sovetlərdən əvvəlki görkəmini bərpa edək.

"Ayıb olsun o şəxslərə ki, bu şəkilləri paylaşırlar"

"1954-cü ildə burada guya restavrasiya işləri aparılıb. Erməni memar tərəfindən həmin bürc ləğv edilib. Ləğv edilən bürc 2011-ci ildə bərpa edilib. Biz çox şadıq ki, o vaxt ölkə başçısı tərəfindən bu təklif qəbul edildi və bir il ərzində tikildi. Həmin şəkil 2012-ci ildə tikilib. Ayıb olsun o şəxslərə ki, bu şəkilləri paylaşırlar. Bəlkə də xarici turistlər İçərişəhəri yerli sakinlərdən daha çox ziyarət edir. Həmin şəkilləri paylaşanlar sübut edirlər ki, ən azı 8 il İçərişəhərdə olmayıblar".

Aparat rəhbəri deyib ki, restoranlar olan ərazilərdə çirkab suların axması problemi tam həll olunub, obyektlər təxminən 1 metr aralıda tikilib. Ara məsafəsinə görə qala divarlarına həm nəmişlik olmayacaq, həm də şüşə konstruksiya sayəsində qala divarları görünə biləcək.

"Konstruksiyalar qalanın görünüşünü qoruyur"

"Bu restoranlar artıq İçərişəhərdə abidəyə çevrilib, İçərişəhərin tərkib hissəsi olub. Yeni dizaynda onlar daha keyfiyyətli şəkildə vətəndaşların xidmətinə veriləcək. Mən hesab edirəm ki, restoranlar orada normal fəaliyyəti göstərirsə, onların ləğv edilməsi məqsədəuyğun deyil. Bu, nə dövlətin, nə də idarənin məqsədidir. Oradakı beton platforma heç bir halda qalaya zərər vermir".

Riad Qasımovun sözlərinə görə, bu quraşdırma işləri zamanı mütəxəssislərin fikirləri öyrənilib və əgər gələcəkdə nəsə təhlükə olsa, onlar yenidən mütəxəssisləri dəvət edəcəklər. O, bildirib ki, hazırkı konstruksiyalar bütövlükdə Qalanın görünüşünü də qoruyur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun