Bloger Mehman Qələndərovun xatirəsi yad edilib

Bloger Mehman Qələndərovun xatirəsi yad edilib
29 Aprel 2019
Mətni dəyiş

Bu gün, aprelin 29-da bir qrup hüquq müdafiəçisi, jurnalist, bloger və ictimai fəal bloger Mehman Qələndərovun məzarını ziyarət edib.

Bu gün blogerin 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə ölümündən iki il keçir.

Çıxışlarda blogerin ölümü ilə bağlı cinayət işinin bərpa edilməsi və hərtərəfli istintaq aparılması tələb edilib.

Qələndərov 2017-ci il fevralın 7-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə (234.2-ci maddə) həbs edilib. Qələndərov həbs edildiyi gün öz Facebook səhifəsində belə yazıb: "Hamımız Qiyas kimi olaq. Qul olmayaq".

2017-ci il aprelin 28-də o, istintaq təcridxanasında, rəsmi versiyaya görə, intihar edərək dünyasını dəyişib.

Fəallar Qiyas İbrahimov və Bayram Məmmədov Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazdıqdan sonra 2016-cı il mayın 10-da narkotik ittihamı ilə tutulub və 10 il müddətinə həbsə məhkum edilib. Hər iki fəal 2019-cu il martın 16-da prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Ölümündən sonra Mehman Qələndərovun ölümü ilə bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılıb.

Sonradan iş Bakı Şəhər Prokurorluğuna göndərilib və cinayət işinə xitam verilib. İbtidai istintaqın yekunlarına görə, prokurorluq Qələndərovun ölümündə cinayət tərkibinin olmadığı, onun intihar etdiyi qənaətinə gəlib.

Bu gün keçirilən anım mərasimində hüquq müdafiəçisi Oqtay Gülalıyev bilidrib ki, istintaqın obyektivliyi şübhə altındadır.

"Mehman Qələndərov Azərbaycanda fəaliyyət göstərən ictimai fəllardan, blogerlərdən biridir. O, bir müddət Tbilisdə fəaliyyət gösətrib. Orada Azərbaycan hakimiyyəti əleyhinə keçirilən etiraz aksiyalarında iştirak edib. "Biz kral istəmirik!", "Siyasi məhbuslara azadlıq!" şüarları ilə keçirilən aksiyaların təşkilatçılarından olub. 2017-ci ilin fevralından Bakıya qayıdıb və aksiyalarını daha kəskin formada davam etdirib. Həmin vaxt heykəl məhbusları Qiyaas İbrahimov və Bayram Məmmədov həbsdə idi. O, bu gənclərin həbsinə etiraz əlaməti olaraq Heydər Əliyevin heykəli önündə təkbaşına aksiya keçirib və sonra narkotik ittihamı ilə həbs edilib. Təcridxanada müəmmalı şəraitdə oldüyü bildirilir. Deyirlər, intihar edib. Amma Mehman Qələndərovun nəşini ictimaiyyətin xəbəri olmadan, gecə ikən dəfn etdilər".

Hüquq müdafiəçisi ictimai-siyasi fəalların Mehman Qələndərovun ölümünə şübhə etdiyini bildirib.

"Çünki mübariz insanalar intihar etmir. Biz istəyirdik ki, onun intihar etdiyi yerə, kamerasına baxış keçirək, istintaq hərəkətlərində iştirak edək. Təəssüf ki, nə Baş Prokurorluq, nə Penitensiar Xidmət, nə də digər aidiyyatı qurumlar bizim müraciətə cavab vermədi. Bir müddət sonra isə cinayət işinə xitam verdilər. O zaman bu məlumatı da yaymaq istəmirdilər. Turan Agentliyi və Amerikanın Səsi həmin məlumatı çətinliklə əldə edib yaydı", deyə o qeyd edib.

Hüquq müdafiəçisi bildirib ki, ABŞ Dövlət Departamentinin, Amnesty İnternational, Sərhədsiz Reportyorlar, Freedom House, Avropa Birliyi, Avropa Şurasının Mehman Qələndərovun ölümnün hərtərəfli araşdırlması ilə bağlı bəynatlar yaymasına baxmayaraq, blogerin ölümü hələ də müəmmalı olaraq qalır.

Turan Agentliyinin direktoru Mehman Əliyev təəssüflə bildirib ki, neçə illərdir mediaya aid bayramları söz azadlığı uğrunda həyatını itirmiş jurnalistlərin məzarı başında keçirirlər.

"Mehman Qələndərovun ölümündən keçən iki ildə çox şey dəyişib. Qiyas İbrahimov həbsdən çıxanda dedi ki, insanlarda qorxu hissi yox olub. Bu, təkcə jurnalistikanın fəaliyyəti deyil. Cəmiyyət özü böyük informasiya istehsalçısına çevrilib. Cəmiyyət fəallaşıb və bu, öz təsirini göstərir. Hakimiyyət cəmiyyətin təpkisinə cavab verir. Mehman Qələndərov və söz azadlığı fədailərinin mübarizəsi nəticəsində cəmiyyətdə bu dəyişiklikləri görürük", deyə o qeyd edib.

"Mən 14 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə idim. Aprelin 28-də axşama yaxın cəzaçəkmə müəssisəsinin işçiləri gəliblər ki, "Mehman haradadır, Mehman haradadır", məni axtarıblar. Bir az özüm də təəccübləndim ki, məni niyə axtarırlar? "Öldü, öldü", - belə cümlələr işlədirdilər. Həmin gün bir "sos" siqnalı yaranmışdı ki, Mehman intihar edib. Amma hansı Mehman olduğunu bilmirdilər. Onda araşdırdım ki, bu, Mehman Qələndərov qardaşımızdır", deyə bloger Mehman Hüseynov qeyd edib.

O, hakimiyyəti jurnalistlərin ölümü ilə bağlı araşdırma aparmağa çağırıb.

"Elmar Hüseynovun, Rasim Əliyevin, hətta öz mərhum anamın qətli araşdırılmır, istintaqı aparılmır. Bu ölümlərdə şübhəli məqamlar var. Bu ölümlərin arxasında kimlərsə dayanır və bunlar təsadüfi ölümlər deyil".

Bayram Məmmədov bu gün 30 sutkalıq inzibati həbsdən azadlığa çıxıb və Mehman Qələndərovun anım mərasimində iştirak edir.

"Mehman Qələndərovun ölümü həbsxanada da mənə pis təsir etmişdi. İlk öncə eşidəndə ki, bizə görə kimsə təkbaşına aksiya keçirib, çox sevindim ki, cəmiyyət ölməyib, aksiyalar davam edir, insanlar mübarizə aparır. Sonradan eşitdim ki, Mehman Qələndərov intihar edib. Mən bunu intihar kimi qəbul etmirəm. Çox pis mənəvi sarsıntı keçirdim. Mənə çox pis təsir etdi. Düşünürəm ki, onun ölümündə bizim də 1 faiz olsa da, günahımız var. Mehman Qələndərov 45 gün müdafiəsiz, vəkilsiz qalıb. Biz hakimiyyətə imkan yaratmışıq, meydan vermişik, onların əli-qolu açıq olub ki, adama qarşı istədikləri münasibəti göstəriblər. O bildirib ki, ilk həbs olunan gündə deyiblər ki, səni öldürəcəyik və cəmiyyətdə qorxu yaradacağıq ki, bir də belə hadisələr baş verməsin. Düşünürəm ki, onun həbsi birbaşa siyasi sifarişdir və gün gələcək, bunların hamısına görə cavab verəcəklər", deyə Məmmədov qeyd edib.

Qiyas İbrahimov hesab edir ki, Mehman Qələndərov onları müdafiə etdikdən sonra həbsi onun "siyasi qətlidir".

"Biz səsimizi insanlar öləndən sonra yox, insanlar həbs olunandan öncə qaldırmalıyıq", deyə o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun