"Amnesty International" beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanın hakimiyyətyönlü KİV-lərində jurnalist Sevinc Osmanqızına qarşı başlamış böhtan kampaniyasını pisləyib.
"Azərbaycanda müstəqil jurnalistə yeni nifrət dolu böhtan kampaniyası! Jurnalist Sevinc Osmanqızının qanunsuz dinlənilən telefon danışıqlarının hökumətin nəzarəti altında olan "Real TV"də yayımlanmasından sonra, indi də onu işini dayandırmasa intim kadrları yaymaqla hədələyirlər. Sevinc Osmanqızının qanunsuz təqibinə dərhal son qoyulmalı, təqsirkarlar isə cinayət məsuliyyətinə cəlb edilməlidir", deyə təşkilatın Facebook səhifəsində dərc edilmiş bəyanatında bildirilir.
Azərbaycanda müstəqil jurnalistə ləkə yaxmaq məqsədilə həyata keçirilən "mənfur kampaniyanı" beynəlxalq "Sərhədsiz Reportyorlar" təşkilatı da pisləyib.
Təşkilat qeyd edib ki, hökumətin nəzarəti altında olan Real TV jurnalistin telefon danışıqlarını yaydıqdan sonra indi onu intim kadrları yaymaqla hədələyir.
Osmanqızı özü videomüraciətində bildirib ki, heç bir şantaja və təhdidlərə boyun əyməyəcək və işini davam etdirəcək.
Üç həftə əvvəl Real TV telekanalı Sevinc Osmanqızının Almaniyada sürgündə yaşayan digər jurnalist Çingiz Sultansoyla telefon danışığının səs yazısını efirə verib. Jurnalistlərin yaradıcılıq işini müraciət etdikləri söhbəti telekanal "Qərbli donorların" pulu ilə "dövlət əleyhinə fəaliyyət" planlarının müzakirəsi kimi təqdim edib.
Jurnalist ABŞ-da yaşayır və son illər internetdə təsis etdiyi "Osmanqızı" telekanalının aparıcısıdır.