WikiLeaks saytının yaradıcısı Culian Assanc dünən Londondakı Ekvador səfirliyində həbs olunub. Assancın vətəndaşı olduğu Avstraliya höküməti isə bu gün onunla bağlı açıqlama yayıb.
Avstraliyanın baş naziri Scott Morrison ölkəsinin Assancın məsələsinə qarışmayacağını bildirib. Baş nazir bu məsələnin ancaq ABŞ-a aid olduğunu və xaricə gedib cinayətlər törədən bütün avstraliyalılar kimi Assancın da olduğu ölkənin qanunlarına görə mühakimə olunması gərəkdiyini deyib.
Avstraliyanın xarici işlər naziri Maris Payn isə Assancın İngiltərədən ABŞ-a ekstradisiya edilə biləcəyini deyərkən onun edam cəzasına məhkum edilməsinə qətiyyən qarşı olduqlarını dilə gətirib. O deyib ki, İngiltərə Assancı ABŞ-a verdiyi təqdirdə onun edam edilməyəcəyi haqqında təminat da almalıdır.
Avstraliyanın Yaşıllar Partiyasının rəhbəri Riçard Di Natale isə ölkəsindən tələb edib ki, Culian Assancın ABŞ-a verilməməsi üçün addımlar atsın. "Bu həbs bütün dünyada mətbuat azadlığına qarşı qara bir addımdır" - deyib.
Digər tərəfdən Avstraliyada ictimai-siyasi fəallar ölkənin müxtəlif yerlərində mitinqlər keçirərək İngiltərəyə etiraz ediblər. Dünən 30 nəfərlik qrup Sidneydəki İngilis konsulluğunun qarşısında yığışıraq Assancın azad edilməsini tələb ediblər.
Təkcə Assancın vətənində deyil, dünyanın çox yerində Culian Assanc azad sözün müdafiəçisi və xalqın bilməli olduğu sirrləri açan bir jurnalist kimi qəbul edilir. Avstraliyada artıq jurnalistlərin konfederasiyası Assancın azad edilməsi ilə bağlı bəyanat da verib.