Amnesty Internationalın məlumatlarına görə keçən il dünya boyunca edam cəzalarının tətbiqi üçdə bir miqdarda azalaraq son illərin ən aşağı göstəricisinə düşüb.
İnsan hüquqları ilə məşğul olan beynəlxalq təşkilatın dünən
yaydığı hesabata görə 2018-ci ildə 20 ölkədə ən azı 690 edam cəzası qeydə alınıb. 2017-ci ildə isə 23 ölkədə 993 edam cəzası icra edilmişdi.
Ancaq hesabat müəllifləri güman edir ki, xüsusilə Çin və onun kimi ölkələrdə qeydiyyata alınmayan minlərlə ölüm cəzası da icra olunur.
Bununla belə hesabatda müsbət məqamlar da var. Məsəlçün hər il ölüm cəzasını ləğv edən ölkələrin çevrəsi daha da genişlənir.
Hesabatda deyilir ki, dünyada edam cəzalarına görə ən pis ölkə İrandır. Bütün dünyada edamların 78 faizi İran, Səudiyyə Ərəbistanı, Vyetnam və İraqda gerçəkləşib. 2018-ci il ərzində İranda 253 edam baş verib. Səudiyyə Ərəbistanında bu 149, Vyetnamda 85, İraqda isə 52 olub.
Hesabat müəlliflərinin fikrincə 2018-ci ildə edamların sayının azalmasının iki əsas səbəbi var. Biri İraq, İran, Pakistan və Somali kimi ölkələrin edam cəzalarını azalatması, digəri isə hər il edam cəzalarından imtina edən ölkələrin sırasına yenilərinin əlavə olunmasıdır.
Həmçinin, hesabatda deyilir ki, edam cəzalarının tətbiq edildiyi ölkələrdə adətən beynəlxalq hüquq standartlarına uyğun ədalətli mühakimə sistemi yoxdur. Məsələn, Misir, Bəhreyn, Çin, İraq, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə müttəhimlər məhkəmələrdə ifadələrinin zorakılıq və işgəncə nəticəsində zorla alındığını deyirlər.
Amnesty Internationalın baş katibi Markuz Beeko deyir ki, "Edam cəzası qəddarca, qeyri-insani, yaşamaq hüququ və insan haqqları haqda beynəlxalq qətnamənin ruhuna ziddir".
Beeko dünya ölkələrinin üçdə ikisində edam cəzasının ya ləğv edildiyini, ya da verilən cəzaların başqa cəzayla əvəz edildiyini bildirib.