ABŞ dövlət departamenti Suriyaya məxsus Qolan təpələrinin İsrail ərazisində göstərilmiş yeni xəritəni dərc edib. Yeni xəritənin şəklini dünən ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi müşaviri Ceyson Qrinblatt öz twitter hesabında yayımlayıb.
Bundan öncə Amerikanın bütün xarici siyasət xəbərləri bukletlərində Qolan təpələri İsrail tərəfindən işğal olunmuş ərazi kimi göstərilirdi. Xəritədə bu cürə dəyişiklik ABŞ prezidenti Donald Trampın Qolan təpələri ilə bağlı açıqlamalarından sonra baş verib.
[embed]https://twitter.com/jdgreenblatt45/status/1118234058872512518[/embed]
Bu il martın 25-də ABŞ prezidenti Donald Tramp formal olaraq Qolan təpələrinin üzərində İsrail suverenliyini tanımışdı. O İsrailin 1967-ci ildə Suriyadan işğal etdiyi Qolan təpələrini İsrail ərazisi kimi tanımağın vaxtı gəldiyini bəyan edib.
Bu haqda Tramp öz Twitter hesabında yazıb: “52 ildən sonra İsrail və bölgənin sabitliyi üçün strateji və təhlüksizlik önəmi daşıyan Qolan təpələrinin İsrailin nəzarətinə olan ərazi kimi ABŞ tərəfindən tanınmasının vaxtı gəlib”.
Suriya isə ABŞ-ın Qolan təpələrini İsrail ərazisi kimi tanımasından sonra BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb edib.
Bundan öncə BMT-nin baş katimi Antonio Quterres “Qolan təpələrinin statusunu dəyişməz hesab etdiyini” – bildirmişdi.
Quterresin bəyanatı martın 25-də ABŞ-ın Qolan təpələrini İsrail suverenliyinin bir parçası olaraq tanımasından sonra səslənmişdi.
Vaşinqtonun qərarından sonra Suriya, İran, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn, Qətər, Kuveyt, Fransa, Böyük Britaniya, Almaniya, Belçika, Polşa, Çin və Rusiya qərara qarşı çıxıb və Suriyanın ərazis bütövlüyünü dəstəklədiklərini bildiriblər.