Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra yaranmış mənzərə haqda türk jurnalist Murat Yetkin "DW Türkçə" radiosuyla fikirlərini bölüşüb. O prezident Erdoğanın düşdüyü vəziyyəti ölkədə baş alıb gedən iqtisadi problemlərlə bərabər hökümətin müxalifəti mütəmadi sıxışdırmasında da görür.
Prezident Rəcəb Tayyib Ərdoğan bu ilki bələdiyyə seçkilərdində seçki kampaniyasının son üç gününü sırf İstanbula ayırmasından onun düşdüyü ümüdsüz vəziyyət aydın görünürdü. Ərdoğan istəyirdi ki, heç olmasa İstanbulu AKP-də saxlaya bilsin.
Türk siyasətinin keçmişində İstanbul və Ankara bələdiyyələrini itirdikdən sonra reytinqi enişə keçib, sonrakı seçkilərdə uduzan xeyli partiya məlumdur. Elə, türk siyasətində islami-mühafizəkar siyasi xəttin yüksəlişi 1994-cü ildəki bələdiyyə seçkilərində AKP-nin sələfi olan Rəfah partiyasının həm İstanbul, həm də Ankara Böyükşəhər bələdiyyə sədrliyini qazanması ilə başlamışdı.
[caption id="attachment_76421" align="aligncenter" width="735"]
CHP-dən İstanbul Böyükşəhər bələdiyyəsinə sədr seçilmiş Ekrem İmamoğlu seçiciləri qarşısında.[/caption]
İndi, 25 il sonra həm Ankara, həm də İstanbul İYİ Partiyasının da dəstəyi ilə CHP-nin əlinə keçib. Aprelin 1-ində, günorta vaxtı Türkiyə Mərkəzi Seçki Komitəsinin sədri Sədi Güvən çıxış edərək CHP-nin namizədi Ekrem İmamoğlunun 28 min səslə qalib gəldiyi elan etdikdən sonra bələdiyyə seçkilərinin taleyi tamam dəyişdi. İndi AKP-çilər İstanbulda səslərin yenidən sayılması və bəlkə AKP-nin namizədi Binali Yıldırımın qalib gələ biləcəyi ehtimalı ilə yaşayırlar. Türkiyədə seçkilərdən sonrakı 72 saat müddətində seçkinin nəticəsinə etiraz etməyə icazə verilir.
Seçkilərdə İstanbul və Ankaranın iqtidarın əlindən çıxması elə böyük dərd deyil. Dərd odur ki, AKP-nin "bu dəfə biz ələ keçirəcəyik" dediyi İzmirdə keçmiş İqtisadiyyat Naziri Nihat Zeybekçi Tunç Soyerə 20 faizlik fərqlə uduzdu. Adananın da CHP naizədi Zeydan Karalar yüzdə 10 faizlik fərqlə uddu. AKP-dən Xarici İşlər Naziri Mövlud Çavuşoğlu namizədliyini irəli sürdüyü Antalya da CHP namizədi Muhittin Böcək tərəfindən qazanıldı.
İndi CHP-nin əlinə keçən beş böyük bələdiyyə Türkiyə xalqının 40 faizinə və Türkiyə iqtisadiyyatının 80 faizinə nəzarəti ələ keçirmək deməkdir.
Seçkidən əvvəl keçirilən rəy sorğularında xalqın 80 faizi əsas problem olaraq yaşayışın bahalılığı və işsizlik kimi iqtisadi problemləri göstərmişdilər. Erdoğan və ortağı MHP lideri Devlet Bahçeli isə "sabitlik" terminini bir an dillərindən salmırdılar.
Həmçinin, ölkənin şərq rayonlarında HDP və HDP-dən kənar kürt seçicilərin, Erdoğan-Bahçelinin millətçi ittifaqına etiraz olaraq CHP-İYİ partiya birliyinə səs verdikləri də ortaya çıxdı. Həmçinin İstanbulda İmamoğlunun çox az fərqlə Binali Yıldırıma qalib gəlməsində də HDP-yə yaxın olan seçicilərin səslərinin rolu olduğu aydın görünür.
[caption id="attachment_76422" align="aligncenter" width="1000"]
Əvvəllər bir-birlərinə qarşılıqlı olaraq təhqirlər yağdıran AKP sədri Ərdoğan və MHP sədrli Bahçeli sonradan müttəfiq olublar. Ancaq onların yaratdığı "Cumhur" ittifaqı Ərdoğana xeyirdən çox zərər gətirdiyi deyilir.[/caption]
Bu seçicilər CHP namizədlərinin qara qaşına görə səs verməyiblər. Erdoğanın müxalifətdən olanları terroristlikdə ittiham etməsinə qədər uzanan davranışları bu dəfə müxalifləri fəallaşdırdı. Əvvəllər CHP rəhbərliyinə "dərs vermək" üçün seçkiyə getməyən müxalifətçilər indi həvəslə səs veriblər. Erdoğanın öz seçicilərini MHP ilə ortaqlığa razı salaraq seçkiyə gətirməyə çalışdığı sərt ritorika müxalifətin birləşib seçkiyə getməsinə yardımçı oldu.
Nəticədə cəmiyyətin yarısı birləşərək bütün hakimiyyəti əlində toplamış, müxalifətə və tənqidlərə sərtliklə yanaşan, mətbuatı təbliğat vasitəsinə çevirən Ərdoğana və iqtisadi problemlərə etiraz olaraq, prezidentin heç gözləmədiyi bir nəticənin ortaya çıxmasına səbəb oldu.