Britaniya parlamentində yenilənmiş Brexit müqaviləsi səsverməyə çıxarılıb. Hökümət 149 səs fərqlə məğlub olub. 391 əleyhinə, 242 səs isə lehinə olub.
Baş nazir Theresa May deputatların hazırki seçiminə görə "təəssüf edir".
O, deputatlara deyib ki, sabah Britaniyanın Avropa İttifaqını müqaviləsiz tərk etməsinə dair debat keçiriləcək.
Theresa May bu debatda Aİ-ni müqaviləsiz tərk etməyə səs verəcəyini və İcmalar Palatasını da belə səs verməyə çağıracağını deyib.
Hərçənd ki, o belə bir addımın "potensial zərərindən" narahat olduğunu da dilə gətirib.
Brexit üzrə iki il yarımdır Britaniya ilə Avropa Birliyinin müzakirələri davam edir. Britaniya Parlamentindəki son səsvermədən əvvəl Avropa Birliyi Komissarı Yunker bunun Britaniyanın son şansı olduğunu bildirmişdi.
O, bildirmişdi ki, əgər səsvermə uğursuzluqla nəticələnərsə, üçüncü bir şans olmayacaq, verilmiş açıqlamalardan başqa açıqlama:
"Verilmiş təminatdan başqa təminatlar verilməyəcək. Anlaşma belədir, əks təqdirdə Brexit ümumiyyətlə baş tutmaya bilər".
Yunker AB sammitinin sədri Donald Tuska məktubunda bildirib ki, Britaniya 23-26 may seçkilərinə qədər ayrılmayacağı təqdirdə öz AB millət vəkillərini seçməli olacaq.
Birləşmiş krallığın Avropa İttifaqı üzvlüyü ilə bağlı böhranlı vəziyyət sona yaxınlaşmaqdadır, bununla yanaşı, məsələni gözlənilməz sonluqla nəticələndirə biləcək hadisələr – təxirə salma, son dəqiqə anlaşması, Brexit anlaşmasının ləğvi, növbədənkənar seçki və hətta yeni bir referendumun keçirilməsi hələ də mümkündür. 2016-cı ildə ölkə AB-dən ayrılmaq üçün referendumla səs verib.