Anar Rzayev: 'İstərdim bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın'

Anar Rzayev: 'İstərdim bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın'
3 Mart 2019
Mətni dəyiş

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev də prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşdə iştirak edib. 

Yazıçılar Birliyinin sədri bildirib ki, Nizami Muzeyinin eyvanında yazıçıların və şairlərin - Füzulinin, Mirzə Fətəlinin, Natəvanın, Cəfər Cabbarlının heykəlləri var, o cümlədən Mirzə Cəlilin də.

"Amma bizim çox böyük yazıçımız Cəlil Məmmədquluzadənin Bakıda ayrıca heykəli yoxdur. Naxçıvanda heykəltəraş Mirqasımov Mirzə Cəlilin çox gözəl heykəlini düzəldib, onun bənzərini Bakıda da ucaltmaq olar".

A.Rzayev bildirib ki, dekabrda prezident onu qəbul edib və o, Yazıçılar Birliyinin bir çox təkliflərini, xahişlərini ölkə başçısına çatdırıb.

"Çox məmnunam ki, sizin göstərişlərinizlə bunların böyük qismi artıq həyata keçib. Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi sizin sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq".

Yazıçılara evlər tikiləcək

Anar Rzanın sözlərinə görə, prezidentin tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada yazıçılar üçün 16 mərtəbəli kooperativ bina tikiləcək, bununla da yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək.

"Daha böyük və şad bir xəbər odur ki, bir neçə il bundan qabaq Sizin təşəbbüsünüzlə bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evi tikilməsi haqqında məsələ qaldırılmışdı. Mən bir daha bunu sizdən xahiş etdim və siz tapşırıq verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Amma böyük bir tala var. Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir yerdir".

Birliyin sədri deyib ki, o, Şabran Rayon İcra Hakimiyyətinin başçısı ilə telefonla danışıb, başçı layihənin artıq hazır olduğunu bildirib.

"Ulu Öndərimizin şərəfinə Heydərabad"

Onun sözlərinə görə, bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq.

"Bir təklifimi də vermək istərdim. Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın coğrafi xəritəsində Ulu Öndərin adı ilə daha bir məskən ola bilər".

Anar Rza bildirib ki, onun başqa bir neçə təklifi də var. Birlik sədri deyib ki, Azərbaycan ədəbiyyatının xaricdə təbliği ilə bağlı məsələ qaldırmaq istəyir.

Servantes, Höte, Yunus Əmrə, Füzuli...

"Bilirsiniz, ispanların Servantes Mərkəzi var, o, bütün dünyada ispan ədəbiyyatını təbliğ edir. Almanların Höte Mərkəzi var, o da bütün dünyada alman ədəbiyyatını təbliğ edir. Türklərin Yunus Əmrə Mərkəzi var, o da həmin işi görür. Biz də belə bir Füzuli Mərkəzi yaratsaydıq, ən azı böyük şəhərlərdə - Moskvada, İstanbulda, Tehranda, Avropa şəhərlərinin birində həm klassik və müasir Azərbaycan ədəbiyyatını, həm də Azərbaycan ədəbiyyatı vasitəsilə xalqımızın tarixini, bugünkü gününü, siyasətini təbliğ edərdik".

Anar Rza bir dənə də təklif irəli sürüb. O, ildə bir dəfə prezidentlə bu formatda görüşmək üçün təklif verib.

"Bir də əgər mümkündürsə, Mehriban xanımın yanında ziyalıların məşvərət şurasını yaradaq ki, ara-sıra biz orada toplaşaq, ictimai-siyasi, mədəni hadisələr haqqında söhbətlər edək. Mən bu təkliflərimi yazılı şəkildə Sizə təqdim edirəm, bir hissəsi həyata keçsə, çox şad olaram, hamısı keçsə isə daha da şad olaram. Çox sağ olun".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun