"Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xalqın güzəranının yaxşılaşdırılmasına xidmət edir".
Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün, martın 12-də keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib. Bu barədə Report xəbər verib.
Komitə sədri deyib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir:
"Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir".
Azərbaycanda uşaqlara aylıq müavinətin ödənilməsi 2006-cı ildən etibarən ünvanlı sosial yardımın verilməsi ilə dayandırılıb.
Cəmiyyətdən gələn təkliflər
Son günlər Azərbaycanda uşaqlara aylıq müavinətlərin verilməsinin bərpası ilə bağlı müxtəlif təkliflər səslənib.
İqtisadçı Vüqar Bayramov bununla bağlı hökumətə təkliflər paketi də göndərib. Təkliflərdə 17 yaşa qədər uşaqların üç qrupa ayrılaraq, aylıq müavinətlərlə təmin edilməsi məsələsi öz əksini tapıb.
İqtisadçı ayda 3 yaşa qədər uşaqlara 80, 4 yaşından məktəb yaşına qədər uşaqlara 60, məktəb yaşında uşaqlara isə 40 manat müavinət verilməsini düzgün sayır.
V.Bayramov deyib ki, bütün yaş kateqoriyaları üzrə uşaqlara ödənilməsi təklif edilən aylıq müavinətin ümumi məbləği 135 milyon 104 min manat edir.
İqtisadçının hesablamasına görə, bu, illik 1 milyard 612 milyon manat deməkdir.