Qazaxıstanın Almatı şəhərində metro sərnişinlərinin dürüstlüyünü yoxlamaq üçün yeni aksiya keçirdilir. Bu haqda qazax xəbər agentliyi "Tengrinews.kz" xəbər verir.
Almatı metrosunun "Almalı" stansiyasının girişində turniketlərin biri bundan sonra həmişə açıq olacaq. Sərnişinlər bu turniketin vasitəsilə metroya girərkən kartlarını turniketə yaxınlaşdırmasalar belə keçə biləcəklər. Bu yeniliyin təşəbbüskarları ümüd edirlər ki vətəndaşlar ayıqlıq göstərəcəklər və onlara göstərilən inamdan sui-istifadə etməyəcəklər.
"Biz qazax xalqının dürüstlük, məsuliyyət və düzgünlük kimi yaxşı cəhətlərinin nə qədər ortaya çıxacağını görmək istəyirik. Bu cür aksiyalar xalqımızın müsbət yanlarını ortaya çıxaracaq. Göstərəcək ki, dürüst, korrupsiyasız yaşamaq mümkündür. Belə kiçik nümunələr yeni, korrupsiyasız cəmiyyətə ilk addımdır" - deyə təşəbbüsün müəllifi
Aleksandr Bratenkov bildirib.
Bratenkov Almatı metrosundan gündə 50-60 min nəfərin istifadə etdiyini və onların 5 mininin kartı olduğunu deyir. "Dürüstlük turniketi" layihəsi bir ay davam edəcək və əgər uğurlu olsa başqa metrolarda da tətbiq olunacaq.