"Məktəbdən universitetə qədər bütün təhsil sistemi depolitikləşdirilməlidir".
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökümətin əsasən təhsilə həsr olunmuş növbədənkənar iclasında bildirib.
Paşinyan vurğulayıb ki, təhsil sistemini partiya özəklərinə çevirən və universitet qapılarını tələbələrin üzünə bağlayan rektorların yeni Ermənistanda yeri yoxdur.
"Bu barədə mənim mövqeyim çox kəskindir və biz bunu dilə gətirməkdən çəkinməməliyik. Onlar hər nə qədər masa və kreslolarına yapışsalar da, yeni Ermənistanda onlara yer yoxdur. Qoy gedib özlərinə başqa iş axtarsınlar. Təhsilin qapısını tələbələrin üzünə bağlayan və ya tədris prosesini partiya işinə çevirən rektor, Ermənistanda fəaliyyətinə davam edə bilməz. Bu yolverilməzdir. İnqilab bu tələblə başlayıb, bu tələblə də sona çatacaq. Digər seçim yoxdur, bu siyasi qərardır. Bir həftə tez və ya bir həftə gec, amma bu baş tutacaq. Qoy heç kim fikirləşməsin və ümid etməsin ki, biz bura nə üçün yığışdığımızı unudacağıq".
Təxminən bir il əvvəl, 2018-ci ilin aprelində, inqilabı başladan, o zamanlar hələ müxalifətçi millət vəkili olan Nikol Paşinyan və onun tərəfdarları Gümrüdən İrəvana yürüş edərkən, Paşinyanın rəhbərlik etdiyi etiraz mitinqlərində iştirak etmək üçün auditoriyaları tərk edən tələbələrin sonradan nə üçün universitetə buraxılmamasını aydınlaşdırmaq üçün İrəvan Dövlət Universitetinə də baş çəkir.
Hələ onda o zamankı müxalifətçilər olan, indiki hökumət nümayəndələrinə universitetin əsas binasının qapıları açılmır, Paşinyan və onun tərəfdarları binaya yalnız bir anlıq açıq qalan qapıdan daxil ola bilir, burada prorektor Gegam Gevorkyan onları sakit olmağa çağırır və istədikləri yerə girib orada şou düzəldə bilməyəcəklərini söyləyir.
Rektor Aram Simonyanın kabineti təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən mühafizə edilirdi. Daha sonra İDU-nun bəyanatında bildirilir: "Millət vəkili Nikol Paşinyan rəhbərliyində təxminən 120-130 nəfər İDU ərazisinə soxulub, universitetin asayişini pozub. Rektor Aram Simonyan onunla görüşmək istədiklərini öyrəndikdə, Nikol Paşinyanın görüşə tək gəlməsini təklif edib. Paşinyan bu təklifi rədd edib".
Bugünkü telefon müsahibəsində İDU-nun rektoru Aram Simonyandan baş nazirin bəyanatlarının ona qarşı yönəldilmiş olub-olmadığı soruşulub. Simonyan bildirib ki, ad çəkilmədiyi üçün baş nazirin məhz kimi nəzərdə tutduğunu söyləmək çətindir.
Aram Simonyan həmçinin ötən il aksiyalarda iştirak edən İDU tələbələrinin universitetə buraxılmama faktını da inkar edib.