Ermənistanın hakimiyyəti məhkəmə sisteminin siyasətdən asılı olmamasında maraqlıdır, deyə Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Koçaryanın həbsini şərh edərkən deyib.
Bundan öncə Koçaryanın vəkili və özü də dəfələrlə ona qarşı olan cinayət işini siyasi hesablaşma adlandırmışdı.
Paşinyan isə bununla razılaşmır, o sevgi və həmrəylik şəraitində baş vermiş inqilab nəticəsində yaranan hökümətinə "siyasi hesablaşma" terminini yaraşdırmadığını deyir.
"İnanın ki, əgər qarşımızda hesablaşma məqsədi olsaydı, bununçün imkan, uyğun vaxt və bəhanə də tapa bilərdik. Mən məhkəmə işinə şəxsi hisslər və baxışlar prizmasından baxılmasını istəməzdim. Əlbəttə, hər kəsin ürəyi istədiyi kimi şərh vermək haqqı var, ancaq bu cür şərhləri verənlər gerçək vəziyyəti təsəvvür edə bilmirlər", - deyə baş nazir qeyd edib.
Xatırladaq ki, İrəvan məhkəməsi martın 15-də çıxardığı qərarla keçmiş prezident Robert Koçaryanın həbsini daha iki aylığına uzatmışdı. Koçaryan 2008-ci ildə konstitusional quruluşu dəyişdirməkdə və etirazçılara güc tətbiqinə əmr verməkdə günahlandırılır. Keçmiş prezidentin vəkili onu siyasi məhbus adlandırır və ona qarşı məhkəmənin qanunsuz olduğunu bəyan edir.