Nikaraqua hökuməti martın 15-də müxalifətin uzun sürən tələblərindən sonra ikinci siyasi məhbus qrupunu həbsdən azad edib.
Bu barədə Reuters xəbər yayıb. Məlumata görə, 50 siyasi məhbus həbsdən buraxılıb.
Nikaraquada davam edən siyasi böhran fonunda fevral ayında hökumətlə müxalifət yenidən diqaloqa başlayıb. Dialoqun ilk nəticəsi siyasi məhbusların azadlığa buraxılması olub.
Müxalifət bildirib ki, dialoqun davam etdirilməsi üçün siyasi məhbusların ikinci qrupu da azadlığa buraxılmalıdır.
Daxili İşlər Nazirliyi bildirib ki, müxalifətin siyasi məhbus hesab etdiyi 50 nəfər azadlığa buraxılıb.
Bundan əvvəl Nikaraqua hökuməti fevralın 27-də 100 siyasi məhbusu azadlığa buraxıb. Müxalifət siyasi böhrandan çıxmaq üçün dialoqun başlamasında siyasi məhbusların azadlığa buraxılmasını şərt kimi qoyub.
Cümə günü 50 siyasi məhbus buraxılandan sonra hökumət və müxalifətin dialoqunun davam edəcəyi bildirilib.
Danışıqlar müxalifətin "bütün siyasi məhbuslar azadlığa buraxılmalıdı" şərtindən sonra dayandırılmışdı.
Məhbusların yaxınlarını təmsil edən bir komitə hələ də həbsdə 570 siyasi məhbusun olduğunu bildirir.
50 nəfərdən azadlığa buraxılan son məhbus paytaxt Manaqua yaxınlığındakı cəzaçəkmə müəssisəsindən çıxıb və şəhərə gəlib. Onlarla vətəndaş dövlət bayraqları ilə siyasi məhbusları qarşılayıblar.
Nikaragua prezident Daniel Orteqa ötən ilin aprel ayında sosial təhlükəsizlik islahatları keçirməyə cəhd göstərdikdən sonra ölkə ağır böhrana düşüb. Xaosun baş verməsi yoxsul Mərkəzi Amerika ölkəsini böhrana salıb.
Soyuq Müharibə dövründə marksist partizan lideri olan Daniel Orteqa 1985-1990-cı illərdə prezident olub. Ondan sonrakı 3 seçkidə məğlub olan Orteqa 2006-cı ildə 38 faizlə yenidən prezident kürsüsünə oturub.
2018-ci il aprelində başlayan mitinqlərdən sonra Daniel Orteqa etirazçılara qarşı zor tətbiq etməyə və təzyiqlərə başlayıb. İnsan Hüquqları üzrə Beynəlxalq Amerika Komissiyasının məlumatına görə, etirazlar başlanandan 320 nəfər öldürülüb, 600-dən çox insan həbs olunub.