Martın 19-da istefa verdiyini bəyan edən Qazaxıstan lideri Nursultan Nazarbayev son dəfə qonşu ölkələrin rəhbərlərinə zəng edərək vidalaşıb.
78 yaşlı Nazarbayev əvvəlcə 66 yaşlı Rusiya prezidenti Putinə zəng edib, istefa qərarını onunla müzakirə ediblər, siyasətçilər mütəmadi əlaqə saxlamaqla bağlı da razılaşıblar. Bu haqda Qazaxıstan prezidentinin
mətbuat katibliyi bildirib.
Özbəkistan prezidenti Şövkət Mirziyayevlə telefon danışığında isə Mirziyayev Nazarbayevin iki ölkə münasibətlərinin inkişafında göstərdiyi xidmətləri yüksək qiymətləndirib.
Qırğızıstan prezidenti Sooronbay Jeenbekovsa Nazarbayevlə danışıqda onu müasir dövrün görkəmli siyasi və dövlət xadimi, islahatçısı adlandırıb.
Bundan əlavə Nazarbayev Ermənistan baş naziri Nikol Paşinyan və Belorusiya prezidendi Aleksandr Lukaşenko ilə də danışıb. Lukaşenko Nazarbayevin hakimiyyətdən gedişinə təəssüfləndiyini bildirib. Onlar Kollektiv Təhlükəsizlik Təşkilatının sammitində görüşməklə bağlı razılığa gəliblər.
Nazarbayev vəzifədən martın 20-dən etibarən uzaqlaşıb. Onun vəzifəsini ölkə parlamentinin rəhbəri Qasım-Comərd Tokayev icra edəcək. Ancaq, Nazarbayev təkcə səlahiyyətlərini ötürüb, onun əlində hələ də hakimiyyətin mühüm hissəsi qalıb. Belə ki, konstitusiyanın ona ömürlük verdiyi "elbası" yəni xalq atası titulu, Təhlükəsizlik Şurasının rəhbərliyi, hakim partiya olan "Nur Otan"ın rəhbərliyi və Konstitusiya şurasının rəhbərliyi kimi vəzifələr hələ də Nazarbayeva məxsusdur.