Müasir Federal Təhqiqatlar Bürosunun (FBI) memarı, iri miqyaslı cinayət istintaqlarının arxasındakı güc, 2016-cı il ABŞ seçkilərində Rusiyanın rolunu araşdıran xüsusi məşvərətçi Robert Mueller peşəkar fəaliyyəti ilə şöhrət qazanıb.
Lakin xüsusi prokuror prezident Donald Trump tərəfindən istintaq prosesinin etibarını zədələmək məqsədilə aparılan anti-kampaniyalara məruz qalıb.
Bu barədə Reuters agentliyinin məqaləsində deyilir. Rusiya təhqiqatını aparan FBI direktoru James Comey Trump tərəfindən vəzifəsindən uzaqlaşdırılandan sonra, 2017-ci ilin mayında qocaman respublikaçı Mueller-in istintaq üzrə xüsusi məşvərətçi təyin edilməsi iki tərəfin də rəğbətinə səbəb oldu.
Eyni zamanda Trump və onun Respublikaçılar Partiyasından olan müttəfiqləri və mühafizəkar mətbuat orqanları, ABŞ Hərbi Dəniz Donanmasının 74 yaşlı keçmiş zabiti Mueller-i gözdən salmağa və bütövlükdə Rusiya təhqiqatını qeyri-qanuni və siyasi motivli kimi qələmə verməyə çalışırdılar.
Sərt və səhvsiz idarəetmə üslubu ilə tanınan Mueller, Trump-ın səlahiyyətlərini şübhə altına alan istintaq prosesi boyunca səssiz qalaraq, əvəzində məhkəmə iddialarının və təqsirnamələrin danışmasına üstünlük verdi.
İstintaq nəticəsində Trump-ın bir neçə köməkçi və məsləhətçiləri artıq məsuliyyətə cəlb olunub və məhkum ediliblər. Hazırda isə Mueller-in prezident tərəfindən cinayət törədildiyinə dair sübutları aşkarlayıb aşkarlamadığı böyük sual altındadır.
Bu faktların aşkarlanması Konstitusiyada nəzərdə tutulmuş “dövlətə xəyanət, rüşvətxorluq, digər ağır cinayətlər və bu kimi hallarda prezidentin səlahiyyətlərinin əlindən alınması” maddəsinə əsaslanaraq, Demokratların nəzarətində olan ABŞ Konqresinin Nümayəndələr Palatasına impiçment prosesini başlatmaq üçün rəvac verə bilər.
Mueller 2001-ci ildə Respublikaçı prezident Corc Buş tərəfindən Federal Araşdırmalar Bürosunun direktoru təyin olunur və Senatın yekdil qərarından sonra 11 sentyabr 2001-ci il, Əl Qaidə terrorçularının qaçırılmış təyyarələr vasitəsilə ABŞ-a hücum etməsi və 3 minə yaxın insanın öldürülməsindən bir həftə əvvəl vəzifəsinin icrasına başlayır.
Demokrat Prezident Barak Obama da Muellerin vəzifə müddətini uzadır. Mueller 2013-ci ildə vəzifəsindən ayrılanda, onun səlahiyyət müddəti yalnız Edqar Huver-in 48 illik vəzifə müddətindən geridə qalırdı.
Yüksək ideallar
2001-ci ildə Mueller-in namizədliyini irəli sürəndə Buş onun haqqında belə söyləmişdi: “Hüquqşünas, prokuror və dövlət məmuru olaraq, o, yüksək ideallara malik, sərt məqsədyönlü və ölkəsinə sınanmış sədaqət nümayiş etdirmiş biridir”.
Mueller, FBI sədrliyindən ayrılanda Obama onu “dövrün ən çox sevilən dövlət qulluqçusu” adlandırıb və əlavə edib: “Mən ictimai həyatda, belə ağır təzyiq altında Bob Mueller qədər sarsılmaz dürüstlük nümayiş etdirən çox az insan tanıyıram”.
Trump-ın isə Mueller haqqında dəyərləndirməsi xoşagələn olmamışdır. O, Mueller-i “saxta cadugər ovu” izləməkdə təqsirləndirərək, onun adamları ilə görüşməyi rədd edib.
Trump, həmçinin Mueller-i, 2016-cı il seçkilərində məğlub olan Demokrat namizəd Hillary Clinton-un araşdırılmamasında günahlandırır.
Princeton Universitetindən məzun olduqdan sonra Mueller Vyetnam müharibəsində Hərbi Dəniz Donanmasında xidmət edib. Atıcılar dəstəsinə başçılıq edən Mueller "Bürünc Ulduz" da daxil olmaqla bir sıra mükafatlar qazanıb.
O, 1991-ci ildə ABŞ-ın baş prokuror köməkçisi təyin edilir və 1992-ci ildə keçmiş Panama lideri Manuel Antonio Noriega və mütəşəkkil cinayətkar John Gottinin mühakimə olunması, 1988-ci ildə Pan Am-ın 103 saylı Uçuş zamanı Şotlandiya üzərində bombalanması ilə bağlı istintaqın və bu kimi yüksək səviyyəli federal məhkəmə proseslərinin icrasında əsas rol oynayır.
Mueller-in hazırda apardığı təhqiqat nəticəsində 34 nəfərə və üç rus təşkilatına qarşı ittihamlar irəli sürülüb. Trump-in keçmiş kampaniya rəhbəri Paul Manafort bir sıra ittihamlarla məhkum edilib və daha bir neçəsində də günahkar hesab olunur.
ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn, keçmiş şəxsi vəkili Michael Cohen və keçmiş kampaniya köməkçiləri Rick Gates və George Papadopoulos da həbs ediliblər. Trump-ın məsləhətçisi Roger Stone isə bəraət alıb.
Mueller-in heyətinin prezidentlə sorğu-sual aparması üçün aylarla sürən danışıqlardan sonra Mueller, ABŞ kəşfiyyat orqanlarının irəli sürdüyü kimi Rusiyanın Amerikada ixtilaflar yaratmağa və Trump-ın namizədliyini gücləndirməyə yönəlmiş təbliğat və qanunsuz müdaxilələrindən xəbərdar olub olmadığına dair suallara Trump-ın yazılı olaraq cavab verməsinə razılıq verir. 2018-ci ilin noyabr ayında prezident istintaqa yazılı cavabları təqdim edir.
Karyerası boyunca Mueller özəl hüquqi işlərlə məşğul olub, lakin sonradan dövlət işini üstün tutub. 1990-cı illərdə işlədiyi böyük bir hüquq firmasını tərk edib, o zamanlar qətl hadisələrinin xeyli yüksək olduğu Kaliforniya ştatının Baş Prokurorluğunda daha aşağı vəzifədə işə başlayır.
2008-ci ildə Washingtonian jurnalına müsahibəsində Mueller belə söyləmişdir: “Mən həmişə istintaqları sevmişəm”.