Keçmiş vicdan məhbusu, blogger Mehman Hüseynov həbsdən çıxandan sonra jurnalistlərə, ictimaiyyət nümayəndələrinə geniş açıqlama vermək üçün mətbuat konfransı keçicərək.
Bu barədə Abzas-a blogerin özü məlumat verib. Onun sözlərinə görə, mətbuat konfransında həbsxanada olduğu müddətdə, aclıq aksiyasına başlayandan sonra baş verən proseslərlə bağlı, həmçinin gələcək planları ilə bağlı açıqlamalar verəcək.
Mətbuat konfransı martın 5-i çərşənbə axşamı saat 11:00-da blogerin Qaraçuxur qəsəbəsindəki evində keçiriləcək.
Tədbirə media nümayəndələri və diplomatik korpus nümayəndələri dəvətlidir.
Mehman Hüseynov martın 2-i azadlığa buraxılıb. Həbsdən çıxandan sonra jurnalistlərə ilk açıqlamasında çox danışmaq istəmədiyini bildirib.
Bloger deyib ki, aclıq aksiyasından sonra baş verən hadisələri yaxından izləmək imkanı olmadığına görə bütün məlumatları, açıqlamaları oxuyub analiz etdikdən sonra mətbuat konfransı təşkil edib suallara cavab verəcək:
"İnanmıram ki, iki il ərzində baş verənlərin hamısı sizinçün maraqlı olsun. Amma son iki ayda üzləşdiyim haqsızlıqlar barədə geniş açıqlama verəcəm".
Mehman Hüseynov 2017-ci il martın 3-də həbs edilib. O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
2018-ci il dekabrın 26-da Mehman Hüseynova hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmə ittihamı ilə yeni cinayət işi açılıb, amma yerli və beynəlxalq ictimaiyyətin sərt etirazları nəticəsində 2019-cu il yanvarın 22-də bu işə xitam verilib.