İslam Partiyasının üzvü R. Axundzadə həbsdə aclıq aksiyasına başlayıb

İslam Partiyasının üzvü R. Axundzadə həbsdə aclıq aksiyasına başlayıb
19 Mart 2019
Mətni dəyiş
«Azərbaycan İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 Saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Axundzadənin ona qarşı olan qeyri-insani münasibətə, karsa (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atdığı deyilir». Bunu Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oktay Gülalıyev öz facebook hesabında yazıb. Hüquq müdafiəçisinin açıqlamasına görə, atasına dəstək olaraq R.Axundzadənin həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də martın 19-dan aclıq aksiyasına başlayacağını bildirib. R.Axundzadə 8 ildir həbsdədir. 2013-cü ildə ürəyindən əməliyyat olunub. «Axundzadənin səhhətində ciddi problemlər var. Hər gün dərmanlar qəbul edir. Onun karsda saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir», - hüquq müdafiəçisi qeyd edib. Öz növbəsində, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov «Turan» agentliyinə bildirib ki, nə R.Axundzadə və nə də M.Axundzadə aclıq edəcəyi ilə bağlı rəsmi müraciət edib. «Bütün məhbuslar qanunvericiliyə uyğun olaraq daxili intizam qaydaları əsasında saxlanır. Məhbuslar hansısa münasibətdən narazıdırsa, Penitensiar Xidmətə şikayət etsinlər, araşdırılsın», - M.Sadıqov qeyd edib. İslam Partiyasının Astara rayon (Bakıdan 330 kilometr cənubda, İranla sərhəd rayonu) şöbəsinin sədri R.Axundzadə 2011-ci ilin yanvarında həbs edilib. Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əldə etdiyi məlumat əsasında 2011-ci il yanvarın 21-də əməliyyat keçirilib. İddiaya görə, R.Axundzadənin yaşadığı evin həyətindəki saxlanc yerindən 4 avtomat, 1 tapança, 3 ədəd patron sandıqçası, 9 əl qumbarası, 10 ədəd «UZRQM» tipli alışdırıcı, 491 patron, 7 ədəd CD formatlı disk və başqa predmetlər aşkar edilərək götürülüb. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Axundzadə 11 il yarım azadlıqdan məhrum edilib. O və ailəsi ittihamı qurama sayır. M.Axundzadə isə 2016-ci ilin aprelində narkotik ittihamı ilə həbs olunub və 5 il azadlıqdan məhrum edilib. Ailəsi onunla da bağlı ittihamın əsasız olduğunu açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun