Bakının Nizami rayonundakı ticarət mərkəzində yanğınla əlaqədar martın 28-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident İlham Əliyev baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirdi.
Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı bildirib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.
İ.Əliyev habelə martın 27-də və 28-də Nizami Rayonu İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib.
Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir.
"Maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir"
"Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır", - prezident bildirib.
Prezident İ.Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsindən ötrü komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.
Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ediblər.
Prezident İ.Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlar verib.
"Bildirdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir", - xəbərdə qeyd edilir.
Mağazası yanan şəxs: 'Bizə deyildi ki, kompensasiya ödəniləcək'
Bu gün, martın 28-də Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində mağazası yanan sahibkarlarla Nizami Rayon İcra Hakimiyyətində yenidən görüş olub.
Bu barədə görüş başa çatandan sonra sahibkarlar bildiriblər. Amma jurnalistlər həmin görüşə buraxılmayıblar.
Görüşdən çıxan sahibkarlar əsasən danışıqlardan razı qaldıqlarını ifadə ediblər:
"Bizə deyildi ki, kompensasiya ödəniləcək. Görüşdə Prezident Administrasiyasının nümayəndəsi də iştirak edirdi. Biz ancaq prezidentə inanırıq və bildirdik ki, bu işə qarışsa, məsələ həllini tapacaq. Sağ olsun prezidentimiz. İndi komissiya yaradılacaq, sahibkarlar və dəyən ziyan siyahıya alınacaq. Yəqin, 2-3 günə nəticə də bəlli olar".
Amma mağazası yanan sahibkarların heç də hamısı nikbin olmayıb. "Yaxşı vədlər verdilər, əgər yerinə yetirə bilsələr…", - deyə bəzi sahibkarlar vurğulayıblar.
[embed]https://www.youtube.com/watch?v=1unMf0EoeM4&t=[/embed]Ticarət mərkəzinin rəhbərlərindən biri kimi təqdim edilən Rasim adlı şəxs də dəyən zərərin ödəniləcəyini bildirib. O, binada yanğın təhlükəsizliyinin qorunmaması ilə bağlı tənqidlərə də cavab verib. Onun sözlərinə görə, yanğından mühafizə məqsədi ilə mərkəzin daxilində 40 tonluq su anbarı var:
"Bütün avadanlıqlar işlək vəziyyətdədir. Məsələ budur ki, yanğın səhər, mərkəz işə başlamazdan öncə baş verib. Bu kənardan olub. Daxildən olsa idi, öncə təhlükəsizlik məqsədilə elektrik söndürülməli, generatorlar qoşulmalı və su nasosları işə salınmalı idi".
Mərkəz rəhbərinin deməsinə görə, bütün icarədarlarla müqavilə var.
Dünən, martın 27-də isə mağazası yanan sahibkarlar Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımovla görüşmüşdülər.
İcra başçısı hələ istintaq getdiyini bildirərək, sahibkarlardan vaxt istəmişdi. Bununla belə o, qeyd edirdi ki, mağazası yanan şəxslərin hüquqları dövlət səviyyəsində qorunacaq.
Həmin gün mağazası yanan insanlar daha sonra Mərkəzin yarısına rəhbərlik edən Araz Rəhimovla da görüşmüşdülər. A.Rəhimov da mağazası yanan şəxslərdən vaxt istəmişdi.
"Axşam gedib sahibkarlarla (obyektin sahibləri-red.) görüşüm, görüm nə deyirlər", - o vurğulamışdı.
Xatırlatma
Martın 26-da səhər saat 8 radələrində "Diqlas" Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Hadisə yerində olan şahidlərin bildirməsinə görə, nəticədə həm dördmərtəbəli Mərkəz, həm də ona bitişik bir sıra binalar yanıb. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilir.
Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar. İlkin açıqlamaya görə, yanğın öncə binadakı gül mağazasında başlayıb. Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb. Ümumilikdə 420 şəxsə ziyan dəydiyi bildirilir.
